Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəfər savaşında imzası olanlar: şəhid Rəvan Quliyev

 

əzən ünsiyyətdə olduğumuz, yaxından tanıdığımız insanların çoxlarına bəlli olmayan elə keyfiyyətləri olur ki, müvafiq şərait olma­dığından onları görə bilmirik. Lakin çətin məqamlarda, Vətənin dar günündə hamıdan əvvəl onların irəliyə atıldığını, düşmənə amansız zərbələr endirdiyini eşitdikcə sevinir, qürur duyursan.

Sevinirsən ki, səninlə bir şəhərdə yaşamış, bir qəsəbədə böyümüş, bir məktəbdə təhsil almış gənclər də var. Qü­rur duyursan ki, dünənə kimi bir həyətdə yaşadığın, bir məhəllədə rastlaşdığın oğullar 44 günlük müharibə dövründə qorxu bilmədən səfərbər olunaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs savaşa qatılıblar. Onların sırasında qəhrəman kimi ailəsinə, obasına dönənlər də oldu, yaralanıb sağ­lamlıqlarını müxtəlif dərəcədə itirənlər də, şəhidlik zirvəsinə ucalıb Vətən torpağına qarışanlar da.

Rəvan Mərdan oğlu Quliyev də Vətən müharibəsi başlayana kimi adi Vətən oğullarından biri idi. O, 17 iyul 2001-ci ildə Şirvan şəhərində anadan olub. Əslən Neftçaladan olan Rəvan 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb, həmin il paytaxtın Səbail rayonundakı 51 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2013-cü ildə isə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçmüş və orada orta məktəbin 7-ci sinfinə getmişdir. Bir il orada oxuduqdan sonra yenidən Bakı şəhərinə qayıdan Rəvan, 9-cu sinfi Bakı şəhər Səbail rayonunun 51 saylı məktəbində bitirir. Ailəsinin dolanışığının çətin olması Rəvanı işləməyə, valideynlərinə kömək etməyə sövq edir. Müxtəlif sahələrdə çalı­şır, sonra bərbərlik sənətinə yiyələnir. Ən böyük arzusu isə məşhur futbolçu olmaq idi. Ona görə də, boş vaxtlarında həmişə dostlarını başına yığaraq yarışlara qatılır, öz üzərində daim çalışırdı.

Rəvan yaxınlıqda yeni tikilən jurnalistlərin binasındakı mini-futbol meydançasına tez-tez gəlir, dostları ilə komanda yaradıb futbol oynayırdı. Onun sürətli oyunu, təkrarsız texnikası hamını valeh edirdi. Yaşıdları ilə oynayan zaman uşaqların əksəriyyəti Rəvanın komanda­sına düşməyə can atırdı. Çünki Rəvan öz oyunu, inadkar mübarizəsi ilə komandanı arxasınca aparmağı bacarırdı. Rəvan həm də özündən kiçik uşaqlara qayğı göstərir, onların futbola həvəsini görüb həmişə dəstək olurdu.

R.Quliyev boy-buxununa, xa­rici görkəminə görə yaşıdlarından fərqlənməsə də, ədəb-ərkanı, ailədə gördüyü nümunəvi tərbiyəsi ilə çoxla­rından seçilirdi. Mərdliyi, mübarizliyi, dürüstlüyü ilə tay-tuşlarına nümunə olan Rəvan hər zaman böyüklərin, ağsaqqal­ların hörmətini saxlayır, özündən kiçik yaşlı uşaqlara qayğı göstərirdi. Küçədə özündən yaşlı insanların yanından ağır zənbillərlə keçdiyini görəndə o, bir qayda olaraq öz köməyini təklif edər, yardım göstərərdi.

Rəvan Quliyev 7 yanvar 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsi tərəfindən çağırılaraq Ağcabədi rayonundakı “N” saylı hərbi hissəyə göndərilib. Üç ay orada xidmət etdikdən sonra Füzuli rayonundakı “N” saylı hərbi hissədə xidmətini davam etdirib. Hərbi xidmət dostları Rəvan Quliyevi qorxmaz əsgər, komandirlərin tapşırığını layiqincə yerinə yetirən cəsur Vətən oğlu kimi xarakterizə edirlər.

O, 27 sentyabrda başlayan Vətən müharibəsinə könüllü qatılmış və Cəbrayıl, Füzuli, Zəngilan, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu qorxmaz və cəsur əsgər oktyabrın 24-də Füzuli uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Oktyabrın 25-də Neftçala rayonunun Astanlı kəndində dəfn olunmuşdur.

Rəvan Mərdan oğlu Quliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Rəvan Quliyevin əsgər yoldaşları­nın dedikləri:

Elmin Cəfərli: – Sentyabrın 27-dən bizim hərbi hissəmiz Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Rəvan digər yoldaşlarımız­dan fərqli idi, onun böyük ürəyi vardı. Özü danışırdı ki, dəfələrlə ermənilərlə yaxın məsafədə döyüşüb, neçə-neçə düşmənin həyatına son qoyub, qorxu nədir, bilməyib. Boş vaxtlarımızda mənə danışırdı ki, hərbi xidmətə gəlməmişdən sevdiyi qız varmış. Deyirdi ki, tərxis olunandan sonra onunla evlənəcəyəm. Lakin digər arzuları kimi sevgisi də ya­rımçıq qaldı, onu özü ilə cənnətə – Allah dərgahına apardı şəhid qardaşımız.

Ümid Cahangirov: – Füzulinin Karyer yüksəkliyində, Xocavənd rayonunun yaxınlığında şəhid oldu Rəvan. Həmin vaxt mən irəlidə idim. Geri qayıdanda eşitdik ki, yaxınlıqda partlayan minam­yot mərmisi altı əsgərimizdən dördünün həyatına son qoyub, ikisini isə ağır yaralayıb.

Rəşad Hacıyev: – Rəvanla 2020-ci ilin aprelindən Füzuli rayonundakı “N” saylı hərbi hissədə xidmətdə olmuşuq. Bizim hərbi hissə də döyüşə ilk başlayan­lardan olub. Rəvan həmişə düşməndən qisas almaq üçün bizi mübarizəyə səsləyirdi. Boş vaxtlarımızda kiçik qarda­şı Hüseynin yazdığı şeirlərdən danışırdı. Ailələri imkansız olduğundan Bakıda kirayədə qalırdılar. Mən hərbi xidmətdən əvvəl Rusiyada yaşamışdım. Tərxis olu­nandan sonra mənimlə Rusiyaya gedib bir-iki il işləyərək pul toplamaq, anası üçün ev almaq istəyirdi. Söhbətlərində anasının onları çətinliklə böyütməsini, kirayədə yaşadıqlarını öyrənmişdim.

51 nömrəli məktəbin ibtidai sinif müəllimi Məsumə Musayeva Rəvan Quliyevin çox sakit, tərbiyəli bir uşaq olduğunu bildirdi:

– Bu yaxında anası Aybəniz xanım mənə Rəvanın birinci sinifdə tədbirdə söylədiyi şeirin video görüntüsünü göndərmişdi. Baxan kimi xatırladım onu. Yadıma düşdü, həmin tədbir ərəfəsində uşaqların hərəsinə bir bənd şeir ver­mişdim əzbərləsinlər. Anası səhəri gün yanıma gəlib xahiş etdi ki, Rəvan verilən şeiri əzbərləyə bilmir, mümkündürsə, dəyişdirin. Mən də ona başqa şeirdən aşağıdakı bəndi verdim və əzbərləyib tədbirdə çıxış elədi:

Vətən adlı ocaqda

Hər gün isinmək şərəf.

Bu torpağın yolunda

Torpağa dönmək şərəf.

Məsumə müəllimə sonra bildirdi ki, məktəbimizin məzunlarından İkin­ci Qarabağ müharibəsində dörd nəfər şəhid olub. Onların hamısının oxuduqları sinfin qarşısında xatirə lövhələri vurulub. Məktəbimizdə tez-tez şəhidlərimizin anım tədbirləri keçirilir, dərslərdə onların döyüş yolundan, göstərdikləri igidliklərdən şagirdlərə məlumatlar veririk.

Bəli, “bu torpağın yolunda torpağa dönən” Rəvanın ölümü, yəqin ki, hamıdan daha çox anası Aybəniz xanımı, qardaşı Hüseyni ağrıtsa da, bu gün Azərbaycan xalqı şəhidlik zirvəsinə yüksələn bü­tün qəhrəman övladları ilə fəxr edir. Vətən torpağı uğrunda canlarını qurban verənlər– şəhidlər ölmür, onlar dini kita­bımız olan “Qurani-Kərim”də vəd edilən Cənnətdədirlər. Şəhidlər bizlərdən cismən ayrılsalar da, göstərdikləri igidlikləri heç zaman yaddaşlardan silinməyəcək, onla­rın qəhrəmanlıqları xalqımız var olduqca, dillərdə dastana dönəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

 

22 Oktyabr 2021 00:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə