Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalça sənətinin Kamil ustadı

Kamil Əliyev – 100

Azərbaycan xalça sənəti əsrlərdən gələn zəngin xalq ənənələri ilə yanaşı, bu ölməz sənəti nəsildən-nəslə ötürən, onu yaradıcılığı ilə cilvələndirən ustad sənətkarlar sayəsində təkmilləşərək indiki yüksək inkişaf səviyyəsinə gəlib çatmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 100 illiyi təntənə ilə qeyd edilən Xalq rəssamı Kamil Əliyev də adı kimi sənətinin kamilliyi ilə incəsənətimizdə öz sözünü demiş ustad sənətkarlardandır.

Xoşbəxtəm ki, Azərbaycan xalça sənətinin böyük ustadları Lətif Kərimov və Kamil Əliyevlə birlikdə çalışmaq, onlardan bəhrələnmək mənə də nəsib olub. Xalça sənətimizin tarixinə nəzər salsaq, bu iki böyük sənətkarın tarixi köklərdən qaynaqlanan, incilər yaratdığının şahidi oluruq. Kamil Əliyevin zəngin yaradıcılığı incəsənətimizin bütün sahələri ilə qırılmaz tellərlə bağlıdır. Onun xalça kompozisiyaları nəfis zərgərlik formaları, obrazları ilə zəngindir, yaratdığı naxışların gözəlliyində milli baxış və təsəvvür özünü qabarıq şəkildə göstərir. Onun əsərlərində xalqımızın, doğma Azərbaycanımızın duyğu və düşüncələri bütün çalarları ilə öz əksini tapmışdır.

Azərbaycan dekorativ – tətbiqi sənətinin inkişafında Kamil Əliyevin öz yeri var və bu, özü­nü xalq yaradıcılığının ən parlaq növlərindən olan xalça sənətimizdə bədii ifadəliliyin yeni vasitələrinin işlənməsində göstərmişdir. Rəssamın xalça kompozisiyala­rına yeniliklər gətirməsi, forma və naxışların gözəlliyinə fərdi baxışı təbiətimizdən, tariximizdən, mədəniyyətimizdən ilmələrə köçən ənənənin davamı, həmçinin hər zaman yeniliyə açıq olan xalça sənətimizdə müasirliklə tarixiliyin birləşməsidir.

Yaradıcılığı boyu Təbriz xalça­larının ənənələrini yaşadan, erkən orta əsrdən gələn portret-xalça­ları müasir sənətsevərlərə nəbati naxışların oynaq, bəzən sərt, bəzən də incə keçidləri ilə təqdim edərək, insan xarakterini onların dili ilə ifadə edən Kamil Əliyev hələ erkən yaşlarından sənətin sehrinə düşüb və özünü dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində sınayıb. Hansı janrda işləsə də milli kökdən bəhrələnməsi, sənətdə milli mənliyimizi əks etdirməsi onun əsərlərinin möhürbəndinə çevrilib.

Kamil Müseyib oğlu Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda – İrəvan şəhərində anadan olmuşdur. Həyat yolunu həsr etdiyi xalçaçılıq sənəti ilə ilk dəfə 1936-cı ildə, Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbinin dekorativ fakültəsinin tələbəsi ikən tanış olmuşdur. Üç il sonra, “Azərxalça” Birliyinin bədii-ekspertiza laboratoriyasında köçü­rücü rəssam kimi işə başlayanda isə sənətin sehrli aləminə düşərək sirlərini öyrənmişdir. Burada o, saatlarla xalça dəzgahının–hana­nın yanında növbətçi rəssam kimi dayanaraq, xalçaçılıq sənətinin incəliklərinə yiyələnmişdir. Beləliklə, xalqımızın gözəl, müdrik sənətini qəlbən duymuş və ona dərindən bağlanmışdır. Xalça sənətinin sirlərinə vaqif olmaq, duyğularını yeni bədii formalar vasitəsilə ifadə etmək Kamil Əliyev sənətinin əsasını və mənasını təşkil etmişdir.

Onun yaradıcı düşüncəsinin mahiyyətini güclü təxəyyülü, sərhədsiz istedadı müəyyənləşdirmiş və gənc rəssam özünün yeni, orijinal xalça kompo­zisiyalarını yaratmağa başlamışdır. Bunlar, əsasən, Azərbaycanın tanınmış şair və yazıçılarının, görkəmli dövlət xadimlərinin xalça-portretləri idi. Milli xarakteri parlaq surətdə ifadə edən mürəkkəb süjetli-tematik və ornamental kom­pozisiyalar xalça rəssamlığımızın inkişafında yeni bir mərhələnin başlanğıcı idi.

Rəssamın xalçalarında kökləri qədim Azərbaycan rəssamlıq mədəniyyətinə söykənən ob­raz quruluşu, işlənmə texnikası və ənənələr, kompozisiya və təsvirlərin forma və üsullarının dərindən öyrənilərək, rəssam təxəyyülünün süzgəcindən keçirilib yaradıcı təqdimatı əks olunmuşdur.

Kamil Əliyev yaradıcılığının bədii dəyəri ənənə ilə yeniliyin vəhdətindədir. Elə bu səbəbdəndir ki, sənətkarın əsərlərinin məğzini dekorativ formaların yeni qarşılıqlı əlaqəsi, ənənəvi naxışların əsərin obrazlı məzmununun açılma­sına xidmət edən milli koloritin özəlliyindən məharətlə istifadə olunmasıdır.

Dahi Azərbaycan şai­ri Məhəmməd Füzulinin 400 illiyinə həsr etdiyi ilk işində rəssam xalça-portretdə bədii obrazın işlənməsində öz möv­qeyini ortaya qoymuş, obrazın daxili keyfiyyətlərini göstərən ifadə formasına yeni məzmun gətirmişdir. O, ölməz qəzəl lirikası yaratmış şairin poetik obrazını yumşaq, ahəngdar, ifadəli xətlərlə tamaşaçıya çatdırmışdır. Uğurlu forma, ornamental bəzək və rəng elementləri sayəsində kompozi­siya dərin lirik məzmun kəsb edir. Rəsmdə, təsviri təxəyyüldə xüsusi azadlıq və təzəlik, rəng həllində re­alist ifadəlilik, ənənəvi Azərbaycan divar rəsmi ənənələri öz əksini tapmışdır.

Kamil Əliyevin ən böyük xidməti bu janrı zənginləşdirməsində və inkişaf etdirməsindədir. O, öz portret yaradıcılığının mərkəzinə qəhrəmanının fərdi xüsusiyyətlərini əks etdirən bədii obraz yaratma­ğı qoymuşdur və buna xüsusi dekorativ quruluş sayəsində nail olmuşdur. Obrazı yaratmaq, ona lazımi emosional xarakter vermək üçün Kamil müəllim xalça sənətinin bütün vasitələrindən, həmçinin xalq sənətinin digər növlərində təşəkkül tapmış bədii ifadəlilik üsullarından məharətlə istifadə etmişdir.

Bu sıradan XIV əsrdə yaşa­mış mübariz şair – mütəfəkkir Nəsiminin xalça-portreti də böyük emosional təsir gücünə malikdir. İfadəliliyi ilə fərqlənən obrazlı kompozisiya quruluşu, orijinal rəng həlli, ənənəvi Təbriz xalça məktəbi üslubunda işlənmə formanın təmiz dekorativ anlaşılması ilə ahəng təşkil edir. Rəssam təsvirin möhtəşəm, ifadəli xətləri ilə obrazın monumentallığını vurğulayır, sanki onda gizlədilmiş sirli mənalarını açır, ona qəhrəmanlıq tərzi verir. Mürəkkəb nəbati naxışların bir-birinə sanki həyəcanla birləşməsi, ona bitkinlik gətirir, şairin daxili aləminin zənginliyini, incəliyini və nəfisliyini açır. Mavi-qızılı çalarların kəskin rəng ahəngi ümumi forma­nın bitkinliyini təşkil etməklə, bədii ifadənin emosional təəssüratını daha da artırır.

Rəssam incə təsvirlə nəfis rənglərin ciddi harmoniyasını bu il 880 illiyini qeyd etdiyimiz dahi şair və mütəfəkkirimiz Nizami Gəncəvinin obrazında da bizə təqdim etmişdir. Bu, sanki düz, güclü xətlərlə işlənmiş simada və formada dahiyanəliyin və qüdrətin ümumiləşdirilmiş bir obrazıdır. Rəssam xırda, formanı dağınıq göstərən xətlərdən qaçaraq, xarakterin, zəkanın və istedadın bitkinliyini vurğulamışdır. Obrazın daxili gücü klassik kompozisiyanın quruluşu, bitkinliyi, bəzəyin, təsvirin ciddiliyi ilə düz mütənasibdir və qədim əlyazmalardakı zəngin bəzəyi xatırladır.

Xalçada mavi-qızılı oxra ça­larları ilə əks olunmuş ciddi rəng həlli, həmçinin klassikaya, klassik ənənəyə və rəngə yaxınlıqdan xəbər verir.

İncə mavi çalarların zəngin oyunu XIX əsrin görkəmli Azərbaycan maarifçisi Mirzə Fətəli Axundzadənin obrazı əks olunmuş “Səbuhi” xalçasında da diqqəti cəlb edir.

Bədii ifadəliliyin yeni vasitələrinin axtarışı, yeni dekorativ kompozisiyalar yaratmaq istəyi rəssamın yaradıcılığında mühüm yer tutur və bütün bunlar süjetli-tematik xalça kompozisiyalarında üslub müxtəlifliyi və çoxcəhətliliyi ilə diqqət çəkən bədii obrazda xüsusilə parlaq əksini tapmışdır.

Yaradıcı təxəyyül tələb edən bədii irsə cəsarətli yanaşma tərzi, dəyişilmə xüsusiyyəti, müəllif tərəfindən irəli sürülmüş parlaq xal­ça ideyalarının real əks-sədasıdır. Rəssamın yaradıcılığına xas bu xüsusiyyətlər, eyni zamanda, onu ustad sənətkara, yeni forma və kompozisiya yaradıcısına, onun xalçalarını isə fərdi, təkrarolunmaz əsərlərə çevirmişdir.

Kamil Əliyevin “Ləçəng-turunc”, “Butalı”, “Xonça” və s. ornamental xalçaları incə bədii zövq, zəngin ornamental bəzək, möhtəşəm ritmik quruluş, mütənasib dekorativ motivləri, rənglərin yüksək har­moniyası ilə qarşımızda canlanır. Təbriz xalçalarının obrazlı-deko­rativ quruluşu əsasında yaradılan bu xalçalar özünəməxsus bədiiliyi, milli kimliyi, həllində isə yüngül­lüyü, virtuozluğu, böyük ustadın dəst-xətti ilə xarakterizə olunur. Rəssam kompozisiya sxemini mürəkkəbləşdirmir, dəyişmir, o, ənənəyə aydın, hər zaman orijinal ideya gətirir.

Onun xalçalarının böyük estetik dəyəri kamil texnikası, işlənmənin yüksək keyfiyyəti ilə şərtlənmişdir. Bu isə rəssamın yüksək peşəkar səviyyəsindən, Azərbaycan xal­çaçılığının ənənəvi texniki üsul­larını dərindən bilməsindən irəli gəlmişdir. Aşıb-daşan enerji, təbii istedad, dekorativliyi dərindən hiss etmək qabiliyyəti, bədii ifadənin yeni yollarının yorulmaz axtarışı Kamil Əliyevi yaratmağa ruhlandır­mışdır.

Kamil Əliyev sənətinə ən yüksək dəyəri isə ulu öndər Heydər Əliyev verib. 1999-cu ildə ustad sənətkar ümummilli lider Heydər Əliyevin xalça üzərində portretini Ali Baş Komandan kimi, general libasında işləyib. Həyatını xalqına həsr etmiş və “... həmişə fəxr etmişəm ki, mən azərbaycanlıyam!” kəlamını fəxrlə işlətmiş böyük şəxsiyyət Heydər Əliyevin 75 illiyinə həsr olunmuş bu xalça gözəl kompozisiyası, nəfis rəng həlli ilə diqqəti cəlb edir. Ulu öndərin xarakterindəki qətiyyət, müdriklik və qüdrət incə cizgilərlə işlənib. Ümummilli lider Heydər Əliyev xalçaya baxarkən, bir müddət susub, əlini ilmələrə çəkərək deyib: “Kamil, sənin xalçaların dil açıb danışır, insanı söhbətə çağırır”.

Ömrünün sonuna qədər çalı­şan, bir-birindən gözəl əsərlər ya­radan ustad sənətkar Kamil Əliyev Azərbaycan incəsənətini ölkəmizin hüdudlarından kənarda da uğur­la tanıdan rəssamlarımızdandır. Təsadüfi deyil ki, rəssamın əsərləri Azərbaycan muzeyləri ilə yanaşı, Paris, London, Tokio, Dehli, Anka­ra, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilir.

Röya TAĞIYEVA,

sənətşünaslıq üzrə elmlər doktoru,

professor,

 Əməkdar mədəniyyət işçisi

22 Oktyabr 2021 00:36 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə