Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elnur Məmmədov: Azərbaycan tərəfi mümkün olan bütün beynəlxalq hüquq prosedurlarına müraciət edir

Bilirsiniz ki, Vətən müharibəsindən sonra Azərbaycan ərazilərinin 30 ilədək Ermənistan tərəfindən hərbi işğalı nəticəsində ortaya çı­xan bir neçə beynəlxalq hüquq öhdəliyinin pozulması faktları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib. Əvvəla, onu qeyd edim ki, bu, yalnız bir beynəlxalq məhkəmə deyil, bir neçə beynəlxalq məhkəmədir. Bunun səbəbi odur ki, burada baş vermiş beynəlxalq hüquq pozuntuları bir beynəlxalq konvensiyanın deyil, bir neçə beynəlxalq konvensiya­nın predmetinə aiddir. Bu baxımdan müxtəlif beynəlxalq məhkəmələrə müraciət edilib və hər məhkəmənin yalnız bir beynəlxalq konvensiya çərçivəsində ortaya çıxan hüquq pozuntularına qiymət vermək səlahiyyəti var. Düşünürəm ki, bunu ümumilikdə əvvəlcədən başa düşmək çox va­cibdir və Azərbaycan tərəfi beynəlxalq hüquqa əsasən, onun ixtiyarında olan bütün beynəlxalq hüquqi normalardan istifadə edərək bir neçə belə müraciət edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

Nazir müavini qeyd edib ki, cari ilin yanvarında Azərbaycan tərəfi İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Ermənistana qarşı dövlətlərarası şikayət verib. Azərbaycan vətəndaşlarının İnsan hüquqları və əsas azadlıqlarının qorunması haqqında 1950-ci il Avropa Konvensiyasına əsasən hüquqlarının Ermənistan tərəfindən davamlı şəkildə və uzun müddət ərzində pozulması faktları həmin şikayətdə öz əksini tapıb. Qeyd etmək lazımdır ki, şikayət həm Birinci Qarabağ müharibəsində başlayan və davam edən hüquq pozuntuları, eyni zamanda, 30 ilə yaxın müddət ərzində qanunsuz hərbi işğal zamanı başlayan və sonradan davam edən hüquq pozuntu­ları, həmçinin Vətən müharibəsi zamanı törədilmiş hüquq pozuntularını özündə ehtiva edir. Qeyd etdiyimiz kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində bu işə məhz 1950-ci il Avropa Kon­vensiyasında təsbit edilmiş hüquqların pozulması prizmasında və çərçivəsində baxılır. Ermənistan tərəfi də İnsan Hüquq­ları üzrə Avropa Məhkəməsinə müraciət edərək Azərbaycanın müraciətindən sonra fevral ayında ölkəmizə qarşı əsassız iddialar irəli sürüb. O iddialar əsasən Vətən müharibəsi dövrünə aiddir. Bu ilin sentyabrında Azərbaycan tərəfi həmin şikayətə əlavə olaraq, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Bu müraciət BMT-nin “İrqi ayrı-seçkiliyin bütün forma­larının ləğv edilməsi haqqında” 1965-ci il beynəlxalq konvensiyası əsasında edilib. Azərbaycanın bu şikayətdə mövqeyi on­dan ibarətdir ki, xalqımız, azərbaycanlılar Ermənistan tərəfindən uzun müddət ərzində etnik təmizləmə siyasətinə məruz qalıb. Məhz bu çərçivədə Azərbaycan vətəndaşlarının və dövlətinin hüquqları həmin konvensiya üzrə pozulub.

Elnur Məmmədov qeyd edib ki, bu müraciət əsasında da sentyabr ayın­da iş Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində icraata qəbul edilib. “Bura­da da Ermənistan Azərbaycanın müraciəti fonunda yenə də ölkəmizə qarşı əsassız iddialar irəli sürmüş, bu il oktyabrın 14-19-da ilkin mərhələ olaraq Məhkəmə təcili və təxirəsalınmaz məsələlərlə bağlı qərarların qəbul edilməsi üçün dinləmələr keçirib. Bu dinləmələr zamanı Azərbaycan tərəfi əsasən 3 məsələni diqqətə çatdırıb: Bi­rincisi, hərbi işğala son qoyulmasına bax­mayaraq, bu gün Azərbaycan tərəfi həmin ərazilərdə işğal dövründə, eyni zamanda, təcavüzkar Ermənistan oranı tərk edən za­man basdırılmış minalardan ciddi əziyyət çəkir. Ermənistan hüquq normalarını ko­bud surətdə pozaraq Azərbaycan tərəfinə həmin ərazilərin minalardan təmizlənməsi üçün tam məlumatlar vermir və bunu açıq surətdə edir. Bir çox beynəlxalq təşkilatlar tərəfindən Ermənistana bununla bağlı açıq müraciətlər ünvanlanıb. Hazırkı dövrdə həmin xəritələrin Azərbaycana verilməməsinin nə hüquqi, nə də mənəvi əsası var. Bu siyasəti davam etdirməklə Ermənistan yeni bir etnik təmizləmə təzahürü ortaya qoyur. Mina xəritələrinin verilməməsinin əsas məqsədi keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıt­masının qarşısını almaqdır. Ermənistan bu mövqeyini faktiki olaraq izah edə bilmir. Eynilə də məhkəmədə izah edə bilmir ki, bunun arxasında hansı səbəblər dura bilər. Ötən il üçtərəfli Bəyanatın imzalan­masından bəri Azərbaycanın 160-dan çox vətəndaşı mina partlaması nəticəsində həlak olub və ya ciddi xəsarətlər alıb. Onlardan 65-i mülki şəxslərdir. İkincisi, Vətən müharibəsi zamanı Ermənistan ordusu tərəfindən bir neçə beynəlxalq cinayət törədilib. Bunun ən bariz nümunəsi mülki əhalinin hədəfə alınması, hərbi əsirlərə işgəncə verilməsidir. Beynəlxalq təşkilatlar tərəfindən bu məsələdə də Ermənistana açıq şəkildə müraciətlər olunmasına baxmayaraq, işğalçı ölkə bu cinayətlərin araşdırılmasını təmin etmir. Əgər məhkəmə bu işə təcili surətdə müdaxilə etməsə, bir müddət sonra həmin cinayətlərin araşdırılması müm­künsüz olacaq, çünki dəlillər olmayacaq. Üçüncüsü, Ermənistan üçtərəfli Bəyanat imzalandıqdan sonra da Azərbaycana və azərbaycanlılara qarşı açıq-aşkar nifrət ifadə edən hərbiləşdirilmiş qruplara şərait yaradır. Ermənistan hökuməti həmin hərbiləşdirilmiş təşkilatlara qarşı heç bir tədbir görmür. Bu da azərbaycanlılara qar­şı hədəflənmiş bir siyasət olmaqla, 1965-ci il BMT Konvensiyasının tələblərinə ziddir.

Xarici işlər nazirinin müavini qeyd edib ki, Azərbaycan tərəfi bu 3 əsas məsələni məhkəmə qarşısında qaldırır. Ermənistan sentyabrda eyni vəsatətlə məhkəməyə müraciət ünvanlayıb və Azərbaycana qarşı müvəqqəti tədbirlərin görülməsini xahiş edib. Vəsatətdə bir neçə məsələ öz əksini tapır. Ancaq dinləmələrdən sonra aydın oldu ki, Ermənistan üçün əsas prinsipial məsələ Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilmiş erməni əsilli vətəndaşların qeyd-şərtsiz azad­lığa buraxılmasıdır. Şifahi dinləmələr zamanı Ermənistan tərəfi əsas üstünlüyü bu məsələyə verdi. Azərbaycan tərəfi ölkəmizin suveren ərazisində həmin şəxslərin cinayətini təsbit edən bütün dəlil və sübutları məhkəməyə təqdim edib.

“Bundan əlavə, Ermənistan hökuməti Hərbi Qənimətlər Parkının bağlanmasını məhkəmədən tələb edir. Eyni zamanda, Azərbaycan ərazisində onlara aid olduğu­nu iddia etdikləri bəzi abidələrin qorunma­sını xahiş edib. Bu vəsatətlərə məhkəmə tərəfindən bir neçə həftə ərzində baxı­lacaq. Hesab edirik ki, 4-6 həftə ərzində müvəqqəti tədbirlərlə bağlı qərar qəbul edilməlidir. Bunlar məsələnin mahiyyətini həll etmir. Bunlar sırf ilkin mərhələ ilə bağlı məhkəmə öz yekun qərarını verənədək məhkəmə tərəfindən görməli olacaq tədbirləri özündə ehtiva edir”, - deyən E.Məmmədov bildirib ki, hərbi işğal­dan irəli gələn bütün məsələlərlə bağlı Azərbaycan tərəfi mümkün olan bütün beynəlxalq hüquq prosedurlarına müraciət edir. Həmçinin digər faktlar əsasında Azərbaycan tərəfi Ermənistana qarşı yeni şikayətlərin verilməsini planlaşdırır: “Bu tədbirlər sistemli şəkildə həyata keçirilir və davam etdiriləcək. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır. Azərbaycan hərbi işğala, Azərbaycan xalqı isə etnik təmizləməyə məruz qalmış xalqdır. Biz bu məhkəmə müraciətlərində tam haqlıyıq və ədalətin bərqərar olması üçün gücümüzü əsirgəməyəcəyik”.

22 Oktyabr 2021 00:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə