Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəfər tarixinin xronikası: 22 oktyabr 2020-ci il

 

 

Həmin gün:

– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib: “Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”;

– Prezident İlham Əliyev “Twitter” səhifəsində yayımlanan ikinci bir paylaşım­da diqqətə çatdırıb: “Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatke­şin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”;

– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yayımlanan digər bir paylaşımda isə vurğulayıb: “Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!”;

– Prezident İlham Əliyev Türkiyə Respub­likasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edib;

– Birinci vitse-prezidenti Mehriban Əliyeva Trend İnformasiya Agentliyinə müsahibə verib. Müsahibədə Birinci xanım bildirib: “Uzun fasilədən, təqribən 30 ildən sonra biz hamımız Azərbaycan əsgərinin doğma tor­paqlarımızda bayrağımızı sancmasını qürurla müşahidə edirik. Bu, sadəcə, hərbi uğur de­yil. Bu, tarixi ədalətin bərpasıdır, çünki bunlar bizim əzəli, tarixi torpaqlarımızdır.

Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır”;

– Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də qeyd edib: “Azərbaycanın möhtəşəm turizm mərkəzi olan və hərbi əməliyyatların apa­rıldığı ərazidən uzaqda olan Qəbələ şəhəri Ermənistanın raket zərbələrinə hədəf olub”.

***

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb:

– oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə cəbhənin Ağdərə–Ağdam, Füzuli–Cəbrayıl və Zəngilan–Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub;

– ordumuzun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texni­kada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib;

– Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub;

– Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıblar;

– Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən ar­tilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla çoxlu sayda itki verib. Ala­yın 3-cü taborunun komandiri Robert Ham­bartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyət arasında xeyli itki olub;

– 543-cü alayın müdafiə sahəsinə açılan atəş nəticəsində şəxsi heyət arasında xeyli itki var. Alay komandiri yaralanıb, onun müa­vini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyü­nün komandirləri məhv edilib. 1-ci taborun bir bölüyünün şəxsi heyəti döyüşə girməkdən imtina edib;

– hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

***

Beynəlxalq təşkilatlar tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və rayonlarını atəşə tutması, dinc əhalinin qətlə yetirilməsi pislənilir, Qarabağ münaqişəsinin həllində ölkəmizin haqlı mövqeyi dəstəklənir:

– Fransada Azərbaycanın Dostları As­sosiasiyasının sədri, Fransa parlamentinin fəxri üzvü Jan-Fransua Manselin verdiyi bəyanatda Ermənistanın işğalçılıq siyasəti kəskin tənqid olunur;

– Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın Gəncəyə hərbi təcavüz aktını pisləyir;

– İslam Əməkdaşlıq Təşkilatı Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxmasının zəruriliyini diqqətə çatdırır;

– Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi bürosunun iclasında Ermənistanın atəşkəsi pozaraq Azərbaycanın yaşayış məntəqələrinə raketlərlə hücum etdiyi vurğulanır.

***

Çin, İtaliya, İsveçrə və Türkiyə KİV-ləri tərəfindən Azərbaycan ərazilərinin işğaldan azad olunması barədə xəbərlər yayılıb.

Misirli yazıçı və tədqiqatçı, “Qarabağ: Qafqazda sülhə aparan yol” kitabının müəllifi Əhməd Abdo Tərabik “Alwasela” qəzetində dərc etdirdiyi məqaləsində görkəmli fransız yazıçı və diplomatların ermənilərin miskin və məkrli xisləti haqqında fikirlərini payla­şıb. Bu gün erməni lobbisinin təsiri altında olan Fransa hökumətinin Azərbaycana və Türkiyəyə qarşı ədalətsiz mövqedən çıxışını vurğulayan tədqiqatçı Misir ictimaiyyətini fransız mütəfəkkirlərin “əzabkeş xalq” barədə söylədikləri ilə tanış edib.

Məqalə görkəmli fransız yazıçısı Alek­sandr Dümanın (ata) ermənilər haqqında yazdığı sözlərlə başlayır: “Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olublar. Nəticədə öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevriliblər”.

Tərabik XIX əsr fransız səyyahı Arman Pyer de Şölyenin də ermənilər haqqında dediklərini diqqətə çatdırıb: “...Mən onlarla (ermənilərlə) heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaq­lığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir”.

“Xalq qəzeti”

22 Oktyabr 2021 09:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
4 Dekabr 2021 | 23:54
Murovdağda ölməzlik zirvəsi

Köhnə versiyamızdan xəbərləri izlə