Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı: Azərbaycanın inkişafı regionun tərəqqisi deməkdir

Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əlaqələr ötən əsrin 90-cı illərinin əvvəllərində yaranmışdır. 1992-ci ildə Azərbaycan Parlamenti Avropa Şurasına müraciət edərək “xüsusi dəvət edilmiş qonaq” statusu almaq niyyətini bildirib. Üç il sonra ölkəmizin 1994-cü ildə qəbul edilmiş Cənubi Qafqaz dövlətlərinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 nömrəli tövsiyə sənədini rəhbər tutaraq, Azərbaycanın “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. 1996-cı ildə Azərbaycana tələb etdiyi status verilmişdir.

Bu tələbin qəbul edilməsindən cəmi 15 gün sonra ulu öndər Heydər Əliyev Avropa Şurası Baş Katibinə xü­susi məktub göndərərək Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilmək, İnsan hüquqları və azadlığı haqqında Avropa Konvensi­yasına qoşulmaq niyyətində olduğunu bildirmişdir.

1999-cı ildə qüvvəyə minən “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” Avropa İttifaqı ilə Azərbaycan arasın­da siyasi, iqtisadi əlaqələr daha da gücləndirmiş, ticarət, elm, mədəniyyət, sərmayə və qanunvericilik kimi bir çox müddəa isə çoxşaxəli münasibətləri genişləndirmişdir. Həmin tarixdən etibarən Aİ-nin Azərbaycana yardımla­rının miqyası da xeyli artmışdır. Qeyd edək ki, 1996-cı ildə imzalanan sazişin qüvvəyə minməsindən bir il əvvəl – 1998-ci ildə Aİ ölkəmizə xüsusi elçi təyin etmişdir. Bundan əlavə, müstəqil respublikamız 2004-cü ildə “Avropa Qonşuluq Siyasəti”nə, 2009-cu ildə isə “Şərq Tərəfdaşlığı” proqramına qoşulmuşdur.

Avropa İttifaqı ilə Azərbaycan uzun illərdir müxtəlif sahələr üzrə əməkdaşlıq edir. Əlbəttə, Azərbaycanın xarici siyasət istiqamətləri, güclü siyasi təmaslarımız bu əməkdaşlığın daha da genişlənməsinə yaxşı zəmin yaradır. Dövlət başçısının çıxışları zamanı qeyd etdiyi kimi, Aİ bizim əsas ticarət tərəfdaşımızdır. Belə ki, ölkəmiz ticarət dövriyyəsinin təxminən 40 faizini Avro­pa İttifaqı ilə aparır.

Təsəvvür edin, üzv dövlətlərdən 1700-dən çox şirkət müxtəlif sahələr üzrə ölkəmizdə fəaliyyət göstərir. Bu rəqəm həm də Azərbacanla Avro­pa İttifaqı arasındakı iqtisadi-ticari əlaqələrin həcmini nümayiş etdirir.

Bu ilin iyul ayında ölkə başçısı Avropa İttifaqının prezidenti Şarl Mişeli qəbul edərkən vurğulamışdır ki, münasibətlərin gündəliyində duran ən mühüm məsələlərdən biri də ener­ji təhlükəsizliyidir. Bu mənada Cənub Qaz Dəhlizi layihəsinin tamamlanma­sını böyük nailiyyət kimi qeyd etsək, yanılmış olmarıq.

Bildiyiniz kimi, 2020-ci ilin so­nunda dəhlizin sonuncu seqmenti olan Trans–Adriatik kəməri istismara verildi. Cəmi 6 ay ərzində ölkəmizdən Aİ üzvü olan dövlətlər xüsusilə İtaliya, Bolqarıstan və Yunanıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac edildi. Təbii ki, bundan sonra Avropa bazarı­na ixrac olunacaq qazın həcmi daha da artacaq.

Xatırladaq ki, Azərbaycan uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. Bundan əlavə, Azərbaycan Avropadan olan isteh­lakçıların xam neft təchizatçısıdır. Əlbəttə, neft və qaz təchizatçısı kimi ölkəmizin potensialının artması tranzit ölkələr və istehlakçılar üçün yeni imkanların yaranması deməkdir. Belə ki, Azərbaycan qazı təkcə yeni marşrutdan olan deyil, həm də yeni mənbədən olan yanacaqdır.

İttifaqla Azərbaycan arasında nəqliyyat-logistika sahəsində də güclü əlaqələr mövcuddur. Son illərdə bu sahəyə yatırılan investisiyalar ölkəmizə mühüm nəqliyyat mərkəzi olmaq imkanı yaradıb. Ölkə başçısı bu barədə demişdir: “Şərq–Qərb və Şimal–Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir. Sözsüz ki, coğrafi mövqeyimiz üstünlük yaradır, lakin nəqliyyat sektoruna investisiyalar yatırılmasaydı, coğrafi mövqeyimiz o qədər də böyük məna kəsb etməzdi. Bu səbəbdən də son illərdə bizim bu istiqamətdəki səylərimiz artıq yaxşı nəticələr verir, Azərbaycan mühüm tranzit ölkəyə çevrilir. Gələcəkdə bizim tranzit ölkə kimi rolumuz, sözsüz ki, artacaq”.

Aİ ilə Azərbaycan arasında əlaqələrin yarandığı ilk illərdən bugünə kimi davam edən qarşılıqlı əməkdaşlıq təşəbbüsü daim artmış, genişlənmişdir. Ümumiyyətlə, qurumla Azərbaycan arasında münasibətlərin inkişafı iki tərəf üçün də önəmli tərəfdaşlıq prioritetlərindən biri hesab edilir. Əlbəttə, bunun bir çox səbəbi var. Cənubi Qafqazın lider dövləti kimi, Azərbaycan Avropa İttifaqının daim diqqət mərkəzində olmuşdur. Bu əməkdaşlıq bütövlükdə regio­nun gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın II Qarabağ müharibəsində qazandığı zəfərdən sonra dünya miqyasında artan nüfuzu Avropa İttifaqı ilə bundan sonrakı əlaqələrin formalaşmasında da mü­hüm rol oynayacaq.

Oktyabrın 6-da ölkəmizin başçısı Aİ-nin ölkəmizə yeni təyin olunmuş səlahiyyətli səfiri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən əməkdaşlığa dair gələcək planlar­dan danışıldı. Səfir qeyd etdi ki, Azərbaycanla qarşılıqlı əlaqələrin gücləndirilməsi Aİ-nin Cənubi Qaf­qazla münasibətlərində ən önəmli hədəflərdən biridir. Bu mənada yeni sahələr üzrə əməkdaşlıq layihələri hazırlanır. Onun sözlərinə görə, Avropa İttifaqı iqtisadiyyat, enerji, investisiyalar, infrastruktur və qar­şılıqlı əməkdaşlıq kimi sahələr üzrə Azərbaycanla işləməyə hazırdır.

Cari ilin iyul ayında ölkəmizdə səfərdə olan Avropa İttifaqının Qonşu­luq və Genişlənmə üzrə komissarı Oli­ver Varheyli də ölkəmizlə Aİ arasında olan münasibətlərin perspektivlərindən bəhs edərkən bildirib ki, Azərbaycan regionda həyata keçirilən layihələrdə uğurlu iştirakı ilə digər dövlətlərə müsbət örnək olur. Səfərdən son­ra Aİ-nin rəsmi saytına müsahibə verən komissar deyib ki, Azərbaycan inkişafda olan dövlətlər arasında ön sıralarda qərarlaşıb. Müsahibə zamanı ölkəmizin koronavirusla uğurla mübarizə apardığı, Azərbaycanda iqtisadiyyatın pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq, çox cüzi təsirə məruz qaldığı xüsusi qeyd edilib. Vurğulanıb ki, Azərbaycanın inkişafı regionun tərəqqisi deməkdir. Azərbaycan regionun inkişafına, inf­rastrukturun genişlənməsinə, qarşılıqlı əlaqələrin gücləndirilməsinə müsbət töhfələr verir.

Yeri gəlmişkən qeyd edək ki, dövlətimizin başçısı oktyabrın 19-da Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Görüş zamanı Azərbaycanla Aİ arasın­da əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib. Bil­dirilib ki, Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır. T.Klaar bu ilin iyul ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri zamanı Prezident İlham Əliyevlə keçirilən gö­rüşün Azərbaycan–Aİ münasibətlərinin inkişafına mühüm töhfələr verdiyini deyib.

Məlum olduğu kimi, Avropa İttifaqı­na üzv dövlətlərdən bəziləri Qaraba­ğın bərpası prosesində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir. Bu da, öz növbəsində, Aİ ilə Azərbaycan arasında əlaqələrin güclənməsinə təkan verən amillərdən biridir.

İmran ƏLİYEV,

“Xalq qəzeti”

22 Oktyabr 2021 00:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə