Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngilan yeni növrağına qayıdır

 

Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı və 44 gün davam edən əks-hücum əməliyyatı ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Bununla da Azərbaycan tapdaq altındakı torpaqlarımızı yağılardan təmizlədi. Müzəffər ordumuzun hər bir əsgəri, zabiti müharibədə qəhrəmancasına döyüşdü, işğalçının torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail odu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərləri hərbi güc hesabına azad edildi, bayrağımız o doğma yurd yerlərinə sancıldı. Bununla da bütün dünya Azərbaycanın güc-qüdrətinin şahidi oldu.

Silahlı Qüvvələrimiz düşmənə sarsıdı­cı zərbələrdən birini Cəbrayılda vurdu və rayonun 30-dan çox yaşayış məntəqəsi işğaldan azad edildi. Bundan sonra ordu­muz Zəngilan rayonunun inzibati hüdud­larında əməliyyatlara başladı. Eyni za­manda, Füzuli və Hadrut istiqamətlərində də döyüşlər davam etdirildi. Bu isə işğalçının strateji yüksəkliklərdən, mü­hüm təminat və təchizat bazalarından məhrum edilməsi ilə nəticələndi.

Azərbaycan Ordusu Füzuli rayo­nunu düşməndən təmizlədikdən sonra Cəbrayıl istiqamətində çox ağır döyüşlər başlandı. Rayonun Əmirvarlı və Soltanlı kəndləri yağı tapdağından xilas edildi. Silahlı Qüvvələrimiz tərəfindən oktyab­rın 20-də isə Zəngilan şəhəri, həmçinin rayonun bir neçə kəndi işğalçıdan azad olundu.

Zəngilan rayonu işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. Vətən müharibəsinin gedişində isə ordumuz Zəngilan şəhərini, rayonun 4 qəsəbəsi və 49 kəndini düşməndən təmizlədi. Zəngilanın 30-a yaxın kəndi və 1 qəsəbəsi isə ötən il noyabrın 10-da im­zalanan üçtərəfli birgə Bəyanata əsasən erməni silahlılarından azad edilərək Azərbaycana qaytarıldı.

İşğalçı Ermənistan Zəngilanın şəhər və kəndlərini, mədəni irsini dağıtmaqla yanaşı, həm də bu ərazinin təbiətinə, bio­loji müxtəlifliyinə və su hövzələrinə qarşı ciddi ekoloji terror törədib. Azərbaycanın “Qırmızı kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısı”na daxil edilən nadir təbiət incilərini sıradan çıxarıb, flora və faunaya külli miqdar­da ziyan vurub. Ətraf mühitin fiziki və kimyəvi çirklənməyə məruz qalması bütövlükdə regionda ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb.

Düşməndən təmizlənən torpaqla­ra Böyük Qayıdış üçün qarşıda duran əsas vəzifələrdən biri də məhz həmin ərazilərdə təbii və keyfiyyətli ekosiste­min, bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Prezident İlham Əliyevin Zəngilana səfər etdiyi gün- oktyabrın 20-də imzaladığı “Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” da sərəncamı da bu baxımdan mühüm önəm daşıyır.

Sənədə əsasən, işğaldan azad olunan ərazilərdə ətraf mühitin sağ­lamlaşdırılması və təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması məqsədilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində 107 hektar sahədə yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir. Bu, işğalçı tərəfindən dağıdılan yaşayış sahələrimizin, eyni zamanda, ağır zərbə vurulan təbii və keyfiyyətli ekosistemin bərpasına dövlət başçımızın böyük diqqətinin parlaq ifadəsidir.

Prezident İlham Əliyev tərəfindən təməli qoyulan və Şərqi Zəngəzur, eləcə də Qarabağ iqtisadi rayonlarının təhlükəsizliyinin təmin olunmasın­da, Silahlı Qüvvələrimizin mümkün əməliyyatlar zamanı manevr imkanlarının artırılmasında çox böyük əhəmiyyət da­şıyacaq beynəlxalq hava limanının inşası da hazırda sürətlə aparılır.

Bu gün Zəngilanda aparılan ge­nişmiqyaslı abadlıq-quruculuq işləri Azərbaycan dövlətinin və xalqının iradəsini, qətiyyətini, gücünü bir daha dünyaya nümayiş etdirir. Burada “Ağıl­lı kənd” layihəsinin icrası-Qafqazda müasir standartlara cavab verən ilk yaşayış sahəsinin salınması isə məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdacaq günün çox da uzaq­da olmadığından xəbər verir. Eyni za­manda, Azərbaycan işğaldan azad edilən bu ərazilərdə nəhəng quruculuq işləri həyata keçirməklə bir daha Qarabağın və Şərqi Zəngəzurun əsl sahibi olduğunu dünyaya göstərir.

İqbal MƏMMƏDOV,

Milli Məclisin deputatı

22 Oktyabr 2021 00:07 -

Köhnə versiyamızdan xəbərləri izlə