Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarixi ədalətin bərpası qürur doğurur

Qarabağın və Şərqi Zəngəzurun sürətlə bərpası Azərbaycanın güc-qüdrətindən xəbər verir. Biz müharibəni zəfərlə başa vurduq. İndi sülh dövrünü də zəfərlə başlamışıq, zəfərlə də başa vuracağıq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Vətən müharibəsində əldə edilən parlaq qələbəmizdən sonra respublikamızın qarşısında duran ən ümdə məsələ bu zəfərin əbədiləşdirilməsi üçün doğma torpaqlarından 30 ilə yaxın köçkün düşən insanların öz yurdlarında məskunlaşmasını təmin etməkdir. Bunun üçün artıq bir ildir ki, bərpa-quruculuq prosesinə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyev düşməndən təmizlənən torpaqlarda bütün layihələrin ardıcıllıqla reallaşdırılacağını, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün ərazilərin minalardan təmizlənəcəyini, infrastruktur tədbirlərinin icra ediləcəyini bildirib. Bu işlərin paralel şəkildə həyata keçirilməsi isə ilk günlərdən diqqət mərkəzində saxlanılıb.

İşğaldan azad olunan ərazilərdə hazırda sosial infrast­rukturun yenidən qurulması və əhalinin işlə təmin olunması üçün dövlət investisiyası ilə yanaşı, yerli və xarici investisiya da cəlb edilir. Böyük quruculuq layihələrinə dost ölkələrin qoşulması siyasəti isə Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin düşməndən təmizlənən rayonlara səfərləri göstərir ki, Azərbaycan dövləti ərazilərin bərpası və yenidən qurulması ilə bağ­lı layihələrin reallaşdırılmasını xüsusi diqqət mərkəzində saxlayır. Ölkə rəhbəri tərəfindən hazırda erməni barbarlığının qurbanı olan yaşayış sahələrində mühüm strateji obyektlərin, müəssisələrin təməlinin qoyulması, tikinti işlərinin geniş vüsət alması, yüksək texnologiyaların tətbiqinə start verilməsi, Qarabağ bölgəsinin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində önəmli tədbirlərin gerçəkləşdirilməsi də məhz bunun bariz ifadəsidir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri sürətlə apa­rılır. İşğaldan azad edilən ərazilər hazırda möhtəşəm tikinti meydanı kimi diqqət çəkir. Düşməndən təmizlənən torpaqlarda infrastruk­turun yaradılması, vaxtilə mövcud olmuş magistralların yenidən qu­rulması və yeni yolların çəkilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu sahənin inkişafı şəhər və kəndlərin salınmasını, məskunlaşmanın gerçəkləşdirilməsini şərtləndirir.

Vətən müharibəsindən ötən bir il ərzində sözügedən istiqamətdə görülən işlərdən də bu, aydın nəzərə çarpır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda uzunluğu 700 kilometrə yaxın 10 yol inf­rastrukturu layihəsinin–“Zəfər”, Əhmədbəyli-Füzuli Şuşa, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Talış-Tapqaraqoyunlu-Qaşaltı, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Füzuli-Hadrut, Bərdə-Ağdam avtomobil yollarının sürətlə icrası bunun parlaq nümunəsidir.

Şuşanın və ümumilikdə Qara­bağın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla çəkilən “Zəfər yolu” Füzulidən Şuşaya qədər artıq tam asfaltlanaraq, rahat gediş-gəliş tam reallaşıb. Yol boyunca xüsusi texnikalar vasitəsilə ərazi minalar­dan və partlamamış hərbi sursat­lardan təmizlənib.

Sərt relyefli Murovdağ silsiləsindən keçməklə inşa olunan Toğanalı-Kəlbəcər-İstisu yolu, həm də dövlətimizin gücünün ifadəsidir. Bu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi aparılır. Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır.

Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və “Cen­giz İnşaat Sənaye və Ticarət” şirkətlərinin də cəlb olunduğu 80,7 kilometrlik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun çəkilməsi, dağlıq yerlərdə tunellərin inşası göstərir ki, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərinin bərpası üçün ən mürəkkəb layihələri belə həyata keçirməyə qadirdir.

Regiondakı ilk infrastruktur layihələrindən olan “Füzuli” yarıms­tansiyası artıq istifadəyə verilib, Füzuli Beynəlxalq Hava Limanının tikintisi isə demək olar ki, başa çatıb. Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı şəhərin və yeni yaşayış məhəlləsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Dövlətyarlı kəndində yeni salınacaq “ağıllı kənd”in təməli qoyulub.

Bərpa-quruculuq layihələri sırasında Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı içməli su təchizatının təmin olunması da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin bu istiqamətdə tapşırıq­larına əsasən hazırda Şuşada müəyyən tədbirlər həyata keçirilir, su təchizatı infrastrukturu yenidən qurulur.

Yeri gəlmişkən, Şuşa şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə layihənin birinci mərhələsi çərçivəsində magistral su kəməri və anbarla­rın tikintisi, həmçinin şəhərdaxili şəbəkənin bir hissəsinin yenidən qurulması nəzərdə tutulur. Hazır­da 1980-ci illərdə çəkilmiş Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 kilometr­lik hissəsinin polad borularla dəyişdirilməsi işləri davam etdirilir.

Füzulinin bərpa-quruculuq layihələri sırasında suvarma işlərinin səmərəli aparılması tədbirləri önəmli yer tutur. Ar­tıq işğaldan azad edilən Aşağı Köndələnçay su anbarından bir neçə kənddə suvarma işlərində istifadə edilir. Eyni zamanda, bu su anbarı kompleksinin tam istisma­rından sonra 10 min hektardan çox sahənin suvarılmasının reallaşaca­ğı gözlənilir.

Xatırladaq ki, Köndələnçay çayı üzərində 3 ədəd su anbarı var. Onlardan Köndələnçay-1 su anbarı 2,1 milyon kubmetr, Köndələnçay-2 anbarı 3,9 milyon kubmetr, üçün­cüsü isə 9,5 milyon kubmetr su tutumuna malikdir. Üç anbarın birlikdə ümumi su tutumu isə 15,5 milyon kubmetrdir. Həmçinin Köndələnçaya paralel axan Quru­çaydan üzərindəki iki ədəd hidro­qovşaq vasitəsi ilə bu anbarlara su axıdılması mümkündür. Lakin uzun illər işğal altında qalan həmin anbarlar hazırda yararsız haldadır. Artıq Aşağı Köndələnçay su anba­rından Füzuli rayonunun Kürd­mahmudlu və Alxanlı kəndlərinin suvarılmasında istifadə edilir.

Cəbrayılda da bərpa işlərinə başlanılıb. Dövlətimizin başçısı ra­yon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Qarabağda bərpa-quruculuq işlərinin gedişi barədə fikirlərini bildirərək, bu məsələyə Cəbrayılda da prioritet istiqamət kimi yanaşıldığını vurğulayıb. Ölkə rəhbəri burada olduğu müddətdə artıq bir neçə layihənin icrası­na start verildiyini qeyd edib. Cəbrayılın təhlükəsizliyində önəmli rol oynayacaq Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışının reallaşdığını, “Araz Vadisi İqtisadi Zonası”nın, birinci yaşayış binasının təməlinin qoyulduğunu, rayonun elektrik təchizatı üçün yarımstansiyanın istismara bura­xıldığını, bununla yanaşı, Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası istiqamətində tədbirlərin həyata keçirildiyini xatırladıb. Ölkə rəhbəri daha sonra deyib: “Qarabağda artıq bir neçə stansiya işə başla­yıb, o cümlədən, Tərtər rayonunda Suqovuşan Su Elektrik stansi­yaları. Mən tapşırıq vermişəm, ermənilər tərəfindən, - onlar qaça-qaç dövründə, Kəlbəcəri, Laçını tərk edən dövrdə, - dağıdıl­mış stansiyaların 10-nu biz gələn il, qalan 20-dən çoxunu isə ondan sonrakı illərdə bərpa edəcəyik. Yəni, Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Bu, əsasdır. Çünki bu olmasa, heç nə etmək mümkün olmayacaq”.

Dövlətimizin başçısı çıxışında düşməndən təmizlənən ərazilərdə yol infrastrukturuna xüsusi əhəmiyyət verildiyini bildirərək, hazırda Cəbrayıla 4-6 zolaqlı yolun çəkildiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti sözlərinə bu infrastrukturun beynəlxalq stan­dartlara uyğun qurulduğunu əlavə edərək, bildirib: “Vaxtilə Ermənistan rəhbərliyi Cəbrayıla yol çəkmək istəyirdi. O da yarımçıq qaldı, onların bütün arzuları kimi. İndi biz Cəbrayıla yol çəkirik. Bizim haqqı­mız var. Ən gözəl yollardan biri ola­caq. Mən xüsusi tapşırıq verdim ki, geniş olsun, həm Cəbrayıla gələn vətəndaşlar rahat gəlsinlər, həm də buradan keçən Zəngəzur dəhlizi də bu yoldan istifadə edəcək”.

Prezident İlham Əliyevin yenicə səfər etdiyi Zəngilan rayonunda da tikinti-quruculuq işləri sürətlə aparı­lır. Ərazidə innovativ tikinti materi­allarından istifadə olunmaqla 200 fərdi evin inşası nəzərdə tutulur.

Zəngilanda müasir məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq, elektron idarəetmə olacaq. Rayondakı Ağalı kəndi Qafqazda müasir standartla­ra cavab verən ilk kənd kimi tarixə düşəcək. Layihələrin icrasında Türkiyə, Çin, İsrail, İtaliya şirkətləri iştirak edəcək. Texnologiyalar sahəsində dünyanın ən inkişaf etmiş kompaniyalarından olan “Huawei-Azərbaycan” şirkəti Qara­bağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün ən son məhsul və texnologiyaları bölgədə yerləşdirəcək. “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mü­hiti yaradaraq “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemləri də qurulacaq”.

Yeri gəlmişkən, Prezident İlham Əliyev oktyabrın 20-də Zəngilan ra­yon ictimaiyyətinin nümayəndələri ilə görüşdə diqqəti “Ağıllı kənd” layihəsinə yönəldərək, deyib: “İndi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Bütün bu təbii gözəllik nəzərə alı­naraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər. Siz də bilirsiniz ki, azad edilmiş bü­tün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi”.

Burada onu da qeyd edək ki, Ermənistan tərəfindən işğal dövründə yaşayış sahələri vandal­casına dağıdılmaqla yanaşı, ekoloji terror da törədilib, təbii sərvətlərin genişmiqyaslı və uzunmüddətli ta­lanı həyata keçirilib. Azərbaycanın “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilən nadir təbiət inciləri məhv edilib, flora və fauna­ya külli miqdarda ziyan vurulub.

Hazırda düşməndən təmizlənən ərazilərə Böyük Qayıdış çərçivəsində məhz təbii və keyfiyyətli ekosistemin, bio­loji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılması qar­şıya mühüm vəzifə kimi qoyulub. Bununla bağlı dövlətimizin başçı­sı tərəfindən müəyyən sənədlər imzalanaraq, müasir yanaşmala­rın tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulub. Ölkə rəhbərinin bu qayğısı ilə bütövlükdə regionun “yaşıl zona”ya çevrilməsinə əlverişli şərait yaradı­lıb. Şərqi Zəngəzur iqtisadi rayonu­na daxil olan Zəngilan rayonunun inzibati ərazisində 107 hektar sahədə yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin bərpa edilməsi də bu diqqətdən irəli gəlib.

Bu gün Zəngilan tarixinin yeni dönəmini yaşayır. Rayonda genişmiqyaslı bərpa-quruculuq layihələri reallaşdırılır, şəhərin baş planı artıq hazırlanır. “Ağıllı kənd” sürətlə tikilir. Həmin yaşayış sahəsində indi bəzi binalar hazır­dır və məskunlaşmaya da cari ilin sonu, yaxud gələn ilin əvvəlində başlanacağı gözlənilir.

Zəngəzur dəhlizi bu rayondan keçir, dəmir yolu çəkilir, avtomobil yolu – Horadiz-Ağbənd salınır. Beynəlxalq hava limanı inşa olunur. Bütün bunlar ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcəyindən xəbər verir.

Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Zəngilan dəhlizinin fəaliyyəti ilə bağlı məsələyə də aydın­lıq gətirib: “Bu gün Mokvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri növbəti dəfə görüşəcəklər və bizim mövqe­yimiz bir daha orada səslənəcək. Beləliklə, Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları, bütün bu infrastruktur quru­lacaq”.

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti”

22 Oktyabr 2021 00:33 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə