Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq qəhrəmanı Qaçaq Nəbinin 170 illiyinə həsr olunmuş kitab nəşr edilib

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nәrimanoğlunun “Qaçaq Nəbi tarixdә, elmi, yazılı və şifahi ədəbiyyatda, incəsənətdə” monoqrafiyası çapdan çıxıb.

 "Xalq qəzeti" xəbər verir ki, Azərbaycan xalqının milli azadlıq hərəkatı və qəhrəmanlıq tarixində xüsusi yeri olan, 20 ildən çox rus çarizminin işğalçılıq siyasətinə, bu imperiyanın əlaltısı olan nankor, xəyanətkar erməni hampalarına, sapı özümüzdən olan zalım xan, zülmkar bəylərə qarşı silahlı partizan mübarizəsinin başında duran Qaçaq Nəbiyə, dəstəsinə və ən yaxın silahdaşı, vəfalı ömür-gün, əqidə yoldaşı Həcər xanıma həsr olunmuş kitabda Azərbaycan, Rusiya, Gürcüstan, İran və Türkiyə mənbələrinə, sənədlərə, arxiv materiallarına, tədqiqatçı alimlərin əsərlərinə istinadla Qaçaq Nəbi mübarizəsinin həqiqi mahiyyəti, əsas qayəsi, gerçək tarixi xronikası oxuculara çatdırılıb. Kitabda bu mübarizənin xalq yaddaşında, incəsənətimizin müxtəlif növlərində, folklorumuzda, ədəbiyyatımızda bədii inikasını əks etdirən nümunələrə də yer ayrılıb. Qaçaq Nəbinin Quzey və Güney Azərbaycanda, Anadolu ellərində 150 ildən artıqdır ki, heç bir xalq qəhrəmanına nəsib olmayan bənzərsiz sevgi qazanmasının səbəbləri incələnib. Çoxsaylı faktlarla diqqətə çatdırılıb ki, Qaçaq Nəbi, Qaçaq Həcər həyatlarını xalqının azad yaşamasına həsr ediblər, zülmə boyun əyməyiblər. Xalq da illərlə arxa, dayaq olub, bütün təhlükə, təzyiqlərə baxmayaraq, özlərini, ailəsini, qaçaq dəstəsinə qoşulanları düşmən əlinə keçməkdən qoruyub saxlayıb, şəninə dastanlar, nəğmələr, mahnılar qoşub, sənətkarlarımız onların igidliyinə bədii film, çox sayda roman, povest, pyes, hekayə, poema, şeirlər həsr edib, abidə ucaldıb, tariximizin bu şanlı qəhrəmanlarının adını sevə-sevə yaşadıb.

Bu il sevilən xalq qəhrəmanımız Qaçaq Nəbinin anadan olmasının 170, xəyanətlə qətlə yetirilməsinin 125 ili tamam olur. 2020-ci il sentyabrın 27-də başlanıb 44 gün davam edən Vətən müharibəsində Qaçaq Nəbinin və Qaçaq Həcərin dünyaya göz açdığı Şərqi Zəngəzur elləri, o cümlədən qəhrəmanların doğulduğu Qubadlı torpağı işğaldan, girovluqdan qurtulub. Müzəffər Azərbaycan Ordusu bu savaşda ölkəmizin 20 faiz torpaqlarını 28 illik əsirlikdən azad etməklə bərabər, qanlı döyüşlərdə qazandığı qələbə ilə xalqımızın milli mənliyinin, heysiyyətinin tapdanmasına da son qoyub, milli şərəf və qürurunu da özünə qaytarıb, ucaldıb, sübut edib ki, Nəbilər, Həcərlər yetirən torpaq yağı tapdağında əbədi qala bilməz. Qaçaq Nəbinin, qoçaq Həcərin düşmənə boyun əyməyən misilsiz qəhrəmanlıqlarla dolu fədakar mübarizəsi də bu müqəddəs savaşda əsgər və zabitlərimizə mənəvi dayaq, örnək, nümunə olub. Onların çox sayda həmyerlisi, qan qohumları da dədə-baba torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərin önündə mərdlik, cəsarət, şücaət nümunəsi göstərib, bir çoxu şəhid və qazi olub, dövlətimizin ən yüksək təltiflərinə layiq görülüb.

Kitab Qaçaq Nəbi, Qaçaq Həcərin timsalında xalqımızın azadlığı, müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda yadellilərə qarşı savaşlarda canlarını fəda etmiş igid vətən övladlarının, şəhidlərimizin, qazilərimizin əbədiyaşar xatirəsinə həsr olunub.

Qeyd edək ki, kitab AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilib.

“Mütərcim” nəşriyyatında çıxan 208 səhifəlik kitabın elmi redaktoru AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, rəyçisi AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, professor Cəbi Bəhramov, məsləhətçiləri “Akademkitab”ın direktoru, professor Əliağa Cəfərov və yazıçı-jurnalist Dostəli Abdullayevdir.

Qubadlının işğaldan azad edildiyi günlərin ildönümündə çıxan Qaçaq Nəbi ünvanlı kitabın ilk nüsxələri “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi adından Vətən müharibəsi şəhidlərinin ailələrinə hədiyyə ediləcək.

21 Oktyabr 2021 12:25 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə