Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncədə istiqlal şairi Əhməd Cavadın barelyefinin açılışı olub

 

 

Gəncədə böyük istiqlal şairi, tərcüməçi, professor Əhməd Cavadın yaşadığı evin üzərindəki barelyefin açılış mərasimi keçirilmişdir.

Tədbir sözləri dahi şair Əhməd Cavada aid olan Azərbaycan Respubli­kasının Dövlət Himninin səsləndirilməsi ilə başla­mışdır. Sonra şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov şairin nəticəsi Cavad Axundzadə ilə birlikdə barelyefin üzərindəki ağ örpəyi götürmüşdür. Barel­yefin önünə təzə-tər güllər düzülmüşdür.

Şəhər ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi mərasimdə AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Azərbaycan Yazıçılar Bir­liyinin Gəncə bölməsinin sədri Xəzangül Hüsey­nova, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov və başqaları çıxış edərək şairin həyat yolundan, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışmış, o cümlədən onun Gəncəyə olan bağlılığı ilə əlaqədar ma­raqlı faktlar söyləmişlər.

Bildirilmişdir ki, Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndində ruhani ailəsində dünyaya göz aç­mışdır. Atasının vəfatından sonra Əhməd Cavad 1906-cı ildə anası ilə birlikdə Gəncəyə köçmüşdür.

İstiqlal şairinin bu şəhərə olan bağlılığı, saf sevgi­si demək olar ki, əksər şeirlərində əks olunub. Rep­ressiya qurbanı olan Əhməd Cavad 1937-ci il iyun ayının 4-də həbs edilmiş, heç yerə sürgün edilmədən həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Bakıda vəhşicəsinə güllələnmişdir.

Əhməd Cavadın nəticəsi Cavad Axundzadə və şairin kötücəsi Nərgiz Əhmədqızı barelyefin təşkilində əməyi olan hər kəsə öz dərin təşəkkürlərini bildirmişlər.

Tədbirdə şairin müəllifi olduğu “Gəncəm, Hey!” şeiri və ona bəstələnən mahnı səsləndirilmişdir.

Qeyd edək ki, barel­yef Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regi­onal Mədəniyyət İdarəsinin təşəbbüsü və Gəncə şəhər Nizami Bələdiyyəsinin təşkilatçılığı ilə hazırlanmış­dır.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

21 Oktyabr 2021 02:06 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə