Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın Gəncə Bölməsində “dəyirmi masa”

 

 

Şəhər icra hakimiyyətinin dəstəyi, AMEA Gəncə Bölməsinin təşkilatçılığı ilə keçirilən tədbirdə ağsaqqallar, müharibə və əmək veteran­ları, yazıçı və şairlər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir başlamazdan əvvəl torpaqlarımızın azadlığı uğrunda canlarındandan keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ilk dəfə Gəncədə fəaliyyətə başlamasından 100 ildən çox vaxt keçməsini xüsusi vurğulayaraq demişdir ki, gəncəlilər həmin tarixi günü böyük qürur hissi ilə qeyd edirlər.

Akademik daha sonra demişdir: “Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirilmiş və 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamışdır. İkinci tarixi imkan bir də 70 il sonra yaranıb. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verib. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi yenicə bərpa olunmuş müstəqilliyimizi daha da möhkəmləndirməyə imkan yaradıb.

Fuad Əliyev demişdir ki, Vətən müharibəsindəki tarixi qələbəmiz Müstəqilliyin Bərpası Gününü daha böyük coşqu və iftixar, qürur hissi ilə keçirməyə şərait yaratmışdır. Biz buna görə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun cəbhədə göstərdiyi şücaətə görə dərin minnətdarlığımızı bildirir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.

“Dəyirmi masa”da şəhər ağsaqqallar şurasının sədri, professor Xalid Qurbanov, veteranlar təşkilatının sədri Yusif Məmmədov, AYB Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, AMEA-nın Gəncə bölməsi tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıqov, veteranlardan Fəxrəddin Usenov, Mobil İmanov, Xalq artisti Məmmədəli Balayev və başqaları çıxış edərək bildirmişlər ki, Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir. Beləliklə, 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabrın isə Müstəqilliyin Bərpası Günü elan olunması olduqca düzgün qərardır və tamamilə məntiqə uyğundur.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

21 Oktyabr 2021 02:05 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə