Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qələbə xalqımızın birliyini və milli həmrəyliyini təcəssüm etdirir

Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib. Bütün bölgələrdə biz bunu gördük. Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

İkinci Qarabağ müharibəsi başa çatandan, Ermənistan kapi­tulyasiya aktını imzalayandan sonra bu möhtəşəm Qələbəmizin miqyasını ifadə edən çoxsaylı deyimlər, fikirlər, ifadələr səsləndirilmişdi. Ancaq mənim fikrimcə, Azərbaycan Respubli­kası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanun­vericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ötən il dekabrın 3-də yaydığı hesabatda verilmiş bir abzas daha möhtəşəm səslənirdi: “Noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə 50 siyasi partiya Prezident, müzəffər Ali Baş Komandanı təbrik edərək, bu qələbəni illərlə yürüdülmüş müdrik siyasətin, siyasi uzaqgörənliyin, iqtisadi islahatların, xalqın iqtidara göstərdiyi yüksək etimadın, xalq-dövlət vəhdətinin ən ali təcəssümü oldu­ğunu bildirmişlər. Azərbaycanın yaxın siyasi tarixində ilk dəfə olaraq radikal müxalif qanadı təmsil edən AXCP və Müsavat rəhbərləri də qazanılmış qələbə münasibətilə müzəffər Ali Baş Komandanımızı, Milli Ordumuzu və Azərbaycan xalqını təbrik etmiş, onları qələbənin əsas müəllifləri adlandırmışlar”.

Yəni Ali Baş Komandan elə bir uğura imza atmışdır ki, hətta uzun illər siyasi müxaliflik çərçivəsindən kənara çıxanlar da bu ümummilli zəfərin sevincinə qatılmışdılar. Qardaş Türkiyənin qələm sahiblərindən olan Faruq Özdəmir qeyd edirdi: “ 17 il İlham Əliyevi dəstəkləyənlər 44 gündə onun yanından əskik olmadılar. 17 il İlham Əliyevə müxaliflik edənlər 44 gü­nün sonunda onun sevincinə şərik ol­dular. Bu müharibə və qələbə millətin tam birləşməsinə səbəb oldu”.

Heç kəsin yadından çıxmayıb. Ötən il iyulun 15-də Ermənistan –Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribatla əlaqədar müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi parti­yadan 50-si, oktyabrın 10-da Fran­sanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-də Ermənistanın yeni hərbi təcavüzü, dinc sakinləri, uşaqları, mülki obyektləri, beynəlxalq nəqliyyat-kommunikasiya və tranzit xətlərini hədəfə alması haqqında 50 siyasi par­tiya sədri daxil olmaqla 140 tanınmış ziyalı, ictimai-siyasi fəal, etnik azlıq­ların nümayəndələri, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin yaşa­yış məntəqələrimizi mütəmadi olaraq raket atəşinə tutması, mülki əhaliyə qarşı müharibə cinayətləri törətməsi, Gəncəyə dəhşətli hücumu haqda 50 siyasi partiya, noyabrın 25-də Fransa Senatında Dağlıq Qarabağdakı qon­darma qurumun tanınması məsələsinə baxılması ilə bağlı 49 siyasi partiya beynəlxalq və regional təşkilatlara birgə bəyanat və müraciətlər ünvanla­mışlar.

Həmin bəyanat və müraciətlərdə siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları müzəffər Ali Baş Koman­danın Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi-hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bildirmiş, beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupu həmsədrlərinin ikili standartlar­dan çıxış etməsi tənqid olunmuşdur.

Fikrimizcə, bütün bunlar Prezident İlham Əliyevin hələ 2018-ci ilin fev­ralında tövsiyə etdiyi siyasi partiyalar arasında dialoqlara başlanmasının nəticəsidir. Həmin dialoqlar prosesində müstəqillik tariximizdə fəaliyyətdə olan siyasi partiyaların əksəriyyətinin iştira­kı ilə ilk dəfə keçirilən görüşlər, qəbul edilən birgə müraciət və bəyanatlar birmənalı olaraq siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edir. Mütəxəssislərin fikrincə, real praktikada bəzən eyni siyasi cinahda olan iki partiyanın öz aralarında dialoq qura bilmədiyini nəzərə alsaq, 52 real siyasi partiyadan 50-nin bir araya gəlməsi, ümummilli məsələləri müzakirə edərək vahid mövqe ortaya qoyması ciddi nəticədir. Bu, dövlətçilik uğrunda birləşməyin, milli vəhdətin bariz nümunəsi, həm də aparılmış ardıcıl, gərgin, məqsədyönlü fəaliyyətin yekunudur.

Məlumat üçün bildirək ki, iqtidar-müxalifət dialoquna töhfə vermək məqsədilə çoxlu sayda müxtəlif siyasi partiya fəallarının və tanınmış ictimaiyyət nümayəndələrinin özlərinin və ailə üzvlərinin tibbi və ya digər şəxsi problemlərinin həllinə kömək edilmişdir. Partiyaların ofislə təmin edilməsi üçün ilk dəfə olaraq addım­lar atılmışdır. Sabit siyasi mühitin dəstəklənməsi və siyasi partiyaların bölgələrdə normal fəaliyyətinin təmin olunması üçün Prezident Administra­siyasının müvafiq şöbəsi tərəfindən mütəmadi qaydada yerli icra orqanları ilə iş aparılmış, bütün siyasi qüvvələr üçün bərabər şəraitin yaradılması məqsədilə siyasi partiyaların fəallığının təşviqi istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Yeri gəlmişkən, Prezident BMT Baş Assambleyasının 75-ci sessi­yasının iclasında çıxış edərkən də ölkənin bütün siyasi qüvvələrinin dialoq təşəbbüslərini dəstəklədiyini bildirərək demişdir: “Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemi­mizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir'”.

Dövlət başçımız ötən il oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibədə qeyd etmişdi ki, indi mən yeni siyasi islahatlar proq­ramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib: “Yeri gəlmişkən, bu, toqquşmalardan əvvəl olub. İndi, əlbəttə ki, siyasi partiyala­rın mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir”.

Ancaq dövlət başçımız milli birliyin təkcə yeganə problemimiz olmuş ərazi bütövlüyümüzün bərpasında deyil, bu qələbədən sonrakı proseslərdə də böyük əhəmiyyət kəsb edəcəyini xatırladır. Elə bu yazını da cənab Pre­zidentin Yeni Azərbaycan Partiyasının bu il martın 5-də keçirilmiş VII qurulta­yında söylədiyi fikirlərlə tamamlamaq istəyirik: “Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümu­mi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişa­fıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sistemi­nin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

21 Oktyabr 2021 01:58 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə