Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosialyönümlü dəstək davamlı xarakter daşıyır

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncama əsasən əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması üçün atılacaq addımlar əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün qəbul edilən ciddi qərarlardan biridir. 2019-cu ildən başlayaraq koronavirus pandemiyasının dünyaya, o cümlədən Azərbaycan iqtisadiyyatına vurduğu zərərin vətəndaşların həyat tərzində hiss edilməməsi üçün Azərbaycan dövləti həmin müddət ərzində çox böyük işlər gördü. Pandemiyaya görə tətbiq edilən məhdudiyyətlər, məcburiyyətdən müəyyən iş yerlərinin bağlanması əhalinin bir hissəsinin əmək haqlarından və gəlirlərindən məhrum olmasına gətirib çıxardı. Dövlət tərəfindən həmin şəxslərə aylıq 190 manat olmaqla yardım göstərildi. Ayrı-ayrı iş adamları, özəl sektor əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yardım aksiyalarına başladılar. “Biz birlikdə güclüyük” şüarı altında yaşı 65-dən yuxarı, tənha yaşayan vətəndaşlara evlərində xidmətlər göstərildi.

Qeyd etməliyik ki, Azərbaycan müstəqil dövlət kimi beynəlxalq ticarət-iqtisadi əlaqələri vasitəsi ilə dünya dövlətləri ilə əməkdaşlıq edir. Ona görə də pandemiya dövründə dünya bazarlarında müəyyən məhsulların qiymətinin artması ölkəmizdə də bir sıra istehlak məhsullarının qiymətinin hiss olunan qədər artmasına təsir etdi. Bu məsələdə insanların tələbatının genişlənməsi faktorunun da müəyyən qədər rolu var.

Oktyabrın 16-da Tarif (qiymət) Şurasının növbəti iclasında təbii qazın və elektrik enerjisinin tariflərinə baxıldı və müvafiq qərarlar qəbul edildi. Şura dünya bazarında təbii qazın bahalaşması, ölkəmizin enerji dayanıqlığı məqsədilə bu sahəyə in­vestisiya qoyuluşunun təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması, eləcə də istehlak olu­nan təbii qazın istehsal və təchizat xərclərinin ödənilməsi kimi məsələləri müzakirə edərək tarif artımı variant­larını dəyərləndirdi. Bu variantlar nəzərdən keçirilərkən aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsinin onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasına diqqət edildi. Beləliklə, qazın və elektrik enerjisinin qiymətləri artırıldı. İndiyə qədər abonentlər əhali üzrə istehlak etdiyi təbii qazın hər 1200 kubmetrinə görə 10 qəpik ödəyirdisə, noyabrın 1-dən etibarən 12 qəpik ödəyəcək. Sənaye subyektləri üzrə sahibkarlar indiyə qədər ilkin limit üzrə 20 qəpik ödəyirdisə, gələn aydan bu məbləğ 22 qəpik olacaq.

Təbii qaz qiymətlərinin sürətli artı­mı dünyada olduğu kimi Azərbaycanda da elektrik enerjisi üçün topdan və pərakəndə tariflərin tənzimlənməsi zərurətini yaratdı. Əvvəlki tarif əhali üçün güzəştli idi, yəni 300 kilovat-saata qədər 7 qəpik, 300 kilovat-saatdan yuxarı isə 11 qəpik təşkil edirdi. Diferensial tarif sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini hazırda da qoruyub sax­layıb. Belə ki, istehlak səbətində bir nəfərin aylıq istehlakı 50 kilovat-saat­dırsa, orta statistik ailə tərkibinin sa­yının 4 nəfər olduğu nəzərə alınanda güzəştli tariflər aylıq istehlakın 200 ki­lovat-saatına tətbiq ediləcək. Yəni 200 kilovat-saata qədər yenə də güzəşt tətbiq olunur, 7 qəpikdən 8 qəpiyə qal­xır, 200 kilovat-saatla 300 kilovat-saat arasında istifadə edən abonentlərin tarif qiyməti 9 qəpikdir, 300 kilovat-sa­atdan çox istifadə edən abonentlərin isə tarif qiyməti 1 kilovat-saat üçün 13 qəpik müəyyənləşib. Qeyd edək ki, iki qəpik artım əhali arasında nara­hatlıq yaratsa da, “Azəriqaz”ın və “Azərişığ”ın daha rentabelli işləməsinə kömək edəcək və büdcədən asılılığı minimuma endirəcək.

Bu qiymət artımlarının əhalinin dolanışığına təsir edəcəyi şübhəsizdir. Dövlət başçımız isə dəfələrlə vurğu­layıb ki, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, həssas qruplara qayğı və diqqət prioritet məsələdir. Ona görə də bütün bunları nəzərə ala­raq Prezident İlham Əliyev “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzaladı. Nazirlər Kabinetinə gələn ilin büdcəsindən əhalinin əməkhaqlarının, pensiyalarının artırılması ilə bağlı tap­şırıqlar verildi. 2022- ci ilə olan büdcə layihəsi yaxın günlərdə parlamentin müzakirəsinə çıxarılacaq və dövlət başçısının tapşırığına uyğun olaraq həmin büdcə layihəsində müəyyən dəyişikliklər ediləcək.

Ölkə başçısının yeni sərəncamı 2 milyona yaxın vətəndaşın rifahı­nın yaxşılaşmasına xidmət edəcək. Həmin sənəd həssas qruplardan olan vətəndaşların sosial rifahının qorun­masını təmin edir. Vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində başlıca istiqamətdir. Adıçəkilən sərəncam bir daha göstərdi ki, əhalinin sosial vəziyyətinin yüksək səviyyədə olması hər zaman dövlətin və ölkə başçısının diqqətindədir. Sənəd heç də bu istiqamətdə atılmış sonuncu addım deyil. Bundan sonra da əhalinin sosial vəziyyətinin yaxşı­laşdırılması üçün dövlət tərəfindən cid­di tədbirlər görüləcək. Manatın dəyəri qorunub saxlanılır, yeni iş yerləri yara­dılır, biznes mühitinin yaxşılaşdırılması üçün ciddi addımlar atılır. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, orada abadlıq, tikinti-qu­ruculuq və bərpa işlərinin aparılması, infrastrukturun yaradılması, bu ilin sonuna qədər məcburi köçkünlərin dədə-baba yurdlarına qayıtmaları təbii ki, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına ciddi təsir göstərəcək”.

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun İlham Əliyev kimi Prezidenti var. Fəxr etməliyik ki, güclü, iradəli, sözü imzası qədər dəyərli, vədlərinə əməl edən və daim xalqının xoşbəxt, firavan yaşaması üçün qərarlar qəbul edən və onun yerinə yetirilməsinə nəzarət edən dövlət başçımız var.

Aydın HÜSEYNOV,

Milli Məclisin deputatı

21 Oktyabr 2021 01:56 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə