Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda görülən işləri müşahidə etdikcə, hər birimizin qəlbi dağa dönür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyublar. Dövlətimizin baş­çısı görüşdə parlaq və dərin məzmunlu çıxış edib. Ölkəmizin bütün vətənpərvər insanları, hər bir ziyalı­sı kimi, mən də cənab Prezidentin dilindən səslənən dəyərli fikir və mülahizələrdən son dərəcə məmnun qalmışam.

Dövlətimizin başçısı Füzulinin azad edilməsi ilə bağlı aparılan ötən ilin payızın­da həyata keçirilən uğurlu hərbi əməliyyat və onun nəticələri barədə danışarkən demişdir: “Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki böyük yaşayış məntəqəsi idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Mən Füzulinin azad olunma­sı xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missi­yamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz”.

Qeyd etmək lazımdır ki, Füzuli şəhəri olduqca əlverişli coğrafi ərazidə yerləşir. Füzuli üzərində nəzarəti əlinə keçirməklə, artıq Azərbaycan Ordusunun qarşısında Şuşa istiqamətində irəliləmək üçün geniş imkanlar açılmışdı. Düzdür, düşmən Füzulidə ciddi müqavimət göstərməyə çalışırdı. Lakin doğma torpağını azad etmək uğrunda hər an canından keçməyə hazır olan igid əsgər və zabitlərimizin yüksək peşəkarlığı, yenilməz gücü və ruhu qarşısında işğalçı Ermənistan ordusu aciz duruma düşməyə məhkum idi.

Dövlətmizin başçısının vurğuladı­ğı kimi, Füzuli şəhərinin azad edilməsi Azərbacyan Ordusuna və xalqımıza, həqiqətən əlavə mənəvi güc verdi. Azərbaycan Silahlı Qüvvələri bundan son­ra böyük əzmkarlıq göstərərək öz xilas­karlıq missiyasını uğurla davam etdirdilər. Yeri gəlmişkən, Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri düşməndən təmizləndi. Beləcə, Ali Baş Koman­dan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyilə Azərbaycan Ordusunun zəfər yürüşü milli mədəniyyətimizin tacı olan gözəl və bənzərsiz Şuşanın fəthinə qədər davam etdi.

Bəllidir ki, ermənilər Füzuli şəhərində və onun kəndlərində olmazın vəhşiliklər törədiblər. Ölkə ictimaiyyətinin nümayəndələri, çox sayda xarici qonaq­lar, diplomat və jurnalistlər indi tez-tez Füzuliyə gəlirlər, orada ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görürlər. Hamı kimi, mən də hesab edirəm ki, bu cür qəddarlığı, vandalizmi yalnız fa­şist xislətli mənfur qüvvələr törədə bilərlər. Erməni faşizminin mahiyyəti məhz budur. Bəli, hər şey göz qabağındadır!

Azərbaycan xalqı işğaldan azad edilmiş digər bölgələrimizdə olduğu kimi, Füzuli şəhərini və rayonun çox sayda kəndlərini ən yaxın aylar, illər ərzində tam bərpa etmək, yenidən qurmaq əzmindədir. Bunun üçün Füzulidə bir-birindən gözəl yollar çəkilir, beynəlxalq aeroport inşa edilir, digər iri infrastruktur layihələri uğurla icra olunur. Bütün bunlar ona görə edilir ki, Füzuli sakinləri doğma ata-baba yurdla­rına qayıdaraq, firavan və xoşbəxt həyat sürsünlər.

Fəxrlə və dərin qürur hissilə bildirmək istəyirəm ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev haqlı oalaraq dünyanın ən görkəmli tarixi şəxsiyyətlərindən sayılır. Bu, hər bir siyasətçi üçün son dərəcə bö­yük xoşbəxtlikdir. Fakt budur ki, 44 günlük Vətən müharibəsində cənab Prezidentin Ali Baş Komandanlığı ilə Azərbaycan Or­dusu zəka müharibəsi apardı və bu şanlı savaşı möhtəşəm qələbə ilə başa çatdırdı. Bununla da, dünya hərb tarixində yeni bir səhifə açıldı.

Xalqımızın sevimli lideri İlham Əliyev, eyni zamanda, indiyə qədər Azərbaycana qarşı haqsız olaraq formalaşmış ədalətsizliyə son qoyaraq, informasi­ya müharibəsində də qələbə qazandı. Azərbacan diplomatiyası da müharibə dönəmində qalib gəldi və erməni faşiz­minin havadarlarının ədalətsiz mövqe tutduğunu bir daha bütün dünyaya sübut etdi. Qarabağda görülən işləri müşahidə edəndə, Azərbaycanın tarixi zəfərinin miqyasını təsəvvür edəndə, adamın qəlbi dağa dönür.

Müdriklərədən biri deyib ki, hər bir insan yalnız şanlı, şərəfli bir ölkənin vətəndaşı olduğu zaman həyatda tam xoşbəxt ola bilər. Bu gün qalib Azərbaycanın vətəndaşı kimi xalqımızın və dövlətmizin tərəqqi və intibahının işti­rakçısı olmaq son dərəcə böyük fəxarətdir. Düşünürəm ki, hər birimiz bundan sonra da möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək doğma məmləkətimizin parlaq gələcəyi üçün əlimizdən gələni etməliyik.

Məzahir MƏMMƏDOV,

Quba Rayon Ağsaqqallar Şurasının üzvü, rayonda çıxan “Şəfəq” qəzetinin redaktor müavini

21 Oktyabr 2021 01:53 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə