Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzulinin təməl daşı yenidən qoyuldu

Azərbaycanın dövlət başçısı Füzuli şəhərinin Ermənistanın işğalından azad edilməsinin birinci ildönümündə şəhərin təməl daşını yenidən qoydu! Çünki şəhərin adı, xatirəsi, yeri vardı, özü yox... Keçən ilin 17 oktyabrı azadlıq günü, 2021-ci ilin 17 oktyabrı təməlqoyma günüdür. Biz daha yaxşı şəhər quracağıq. Füzuli Ermənistanın paytaxtının belə həsəd aparacağı bir şəhər olacaq. Füzuli ulu şairin adına, müstəqil Azərbaycanın, müzəffər ordumuzun və onun Ali Baş Komandanının zövqünə, dövlət–xalq birliyinin təntənəsinə uyğun çağdaş şəhər olacaq! Bununla belə, Füzuli unutmayacaq, Füzuli unutdurmayacaq! Füzuliyə dəymiş ziyan, ümumən işğal illərinin maddi ziyanı “uğursuz və baş tutmamış dövlət” (Ermənistan) tərəfindən ödəniləcək. Ödəyə biləcəkmi? Bu, başqa məsələdir və zəhmət çəkib, natural formada ödəyəcəklər! O ödəniş də bizim ürəyimizi tam soyutmayacaq, çünki işğal illərində Azərbaycana vurulmuş maddi ziyan qarşılığında ödəməli olacaqları vəsaitin yerinə, məsələn Zəngəzuru bizə qaytarmalı olacaqlarsa, Zəngəzur da bizim tarixi torpağımızdır. 100 il öncə haqsızca “Ermənistan”laşdırılıb, “erməniləşdirilib”...

 

Ermənistan Xocalı soyqırımını rəsmən tanımalıdır

Ermənistan adlanan ölkənin ərazisində, ümumən, Qafqazda bircə kvadratmetr belə hay torpağı varmı? Əsla yox! Ona görə də, Ermənistanda ağlı iddiasından, məntiqi həvəsindən üstün kimlərsə varsa, Azərbaycanla ciddi, dərin, geridönməz barışıq yolu tutmalı, bağışlan­maq diləməli, rəsmən üzr istəməli, Xocalı soyqırımını tanımalı və bu qəbildən digər məsuliyyətli addımlar atmalıdır!

Məhz Füzulinin azad olunması...

Şanlı ordumuz bir il öncə Füzuli şəhərini (və bir neçə kəndi) işğalçılar­dan azad etdi, o torpaqlarda müqəddəs Azərbaycan bayrağını qaldırdı. Beləliklə, 27 ildən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini bərpa etdi.

Ali Baş Komandan, Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə önəmli ismarıclar verdi: “Bu, tarixi hadisədir. Həmin an – 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tu­tacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi”.

Baxmayaraq ki, xeyli kənd, qəsəbə, o cümlədən, Cəbrayıl şəhəri, Ağoğlan (Hadrut), Suqovuşan azad edilmişdi, lakin məhz Füzulinin azad olunması çox böyük önəm daşıyırdı. Ərazisi böyük, strateji mövqeyi önəmli, qazandırdığı psixolo­ji üstünlük əvəzsizdir! Bizim ordu yeni qələbələrə ruhlanarkən işğalçı ordunun çökdürülməsi daha da sürətlənmiş oldu. Təsadüfi deyil ki, Füzuli əks hücumun 21- ci günündə azad olunduğu kimi, Şuşamız da Füzulidən sonrakı döyüşlərin 21-ci günündə azad olundu. 21-ci yüzilliyin 21-ci ili ərəfəsində bu 21-lər təsadüf deyil­di. Hər biri 3 həftə edən bu döyüş günləri 1918-ci, 1991–94-cü illərdəki irimiqyaslı qanlı döyüşlərdən sonra Qarabağ uğ­runda ən böyük döyüşümüz idi və sanki “atalar üçdən deyib” kəlamının doğruluğu da sınağa çəkilirdi... Atalar yenə haqlı çıx­dı. Atalarımızın ruhunu şad edən, gələcək nəsillərə şan-şərəf vəd edən döyüşlərdə şəhid olan hərbçilərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyir, yaralı qazilərimizə şəfa, müharibənin bütün işti­rakçılarına möhkəm cansağlığı diləyirik!

Füzulinin azad edilməsi tarixi zəfərimizin, demək olar ki, 50 faiz təmin edilməsi oldu. Füzuli çətinliklə azad edildi. İşğalçılar və havadarları Füzulini əldən verməmək üçün nə mümkünsə, etdi. Buraya Gəncəyə atılan qadağanolunmuş raketlər və Nizami yurdundakı dağıntılar, insan tələfatı da daxildir. Füzuli şəhər çevrəsində işğalçı ordunun uzun illər boyu işləyib hazırladığı 3 – 5 qat “keçilməz sədd”lər, topdağıtmaz bunkerlər və s. də nəzərə alınsa, Füzuli uğrunda aparıl­mış döyüşlərin məsuliyyəti və mübarək qələbənin necə fədakarlıqlarla təmin edildiyi daha da aydın olar.

“Bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Mən Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missi­yamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz”. Dövlət başçısı Füzulidə belə dedi.

Bəs həmin gün – Füzulinin azadlığı­nın birinci mübarək ildönümündə nələr oldu və nələrin müjdəsi verildi? “Füzuli rayonunda artıq icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir”. Dövlətimizin başçısı əlavə etdi: “Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bu gün hazır hava limanı ilə tanış olarkən mən bir daha gördüm ki, bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir”. Prezident onu da bildirdi ki, Füzulidən Şuşaya elektrik xətləri çəkilib, Füzulidə yarımstansiya açılıb və ikinci yarımstansiyanın da təməli həmin gün qoyuldu!

Yazmaq, demək asandır, ancaq işin maddi əsaslarını təmin etmək, qarşıya qoyulmuş işi icra etmək, özü də, irimiq­yaslı layihələri minalanmış ərazilərdə icra etmək... fövqəladə hadisələrdir. Ötən il hərbçilərimizin döyüş meydanında etdiyi fəakarlıqları, postmüharibə dövründə inşaatçılarımız edir! Məsələn, ötən 8 ayda beynəlxalq səviyyəli, beynəlxalq statuslu hava limanı tikmək möhtəşəm nəticədir! Eşq olsun!

Dövlət başçımızın Füzuli səfərindən öncəki ismarıcları

Bəs Füzulinin azadlığının birinci ildönümü tədbirlərindən öncə Prezident hansı mühüm platformalarda, hansı isma­rıclarla çıxış etmişdi? O ismarıclarla Fü­zuli şəhərinin təməlqoyma mərasimindəki çıxışdakı ismarıcları tutuşdurduqda görü­rük ki, ismarıclar bir-biri ilə üzvi surətdə bağlıdır, bir-birini tamamlayır.

İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı nitqi qalib dövlətin başçısı olaraq onun qətiyyətini, məntiqini nümayiş etdirdi. Postmüharibə dövründə yaranmış durum və bölgənin gələcəyi ilə bağlı Azərbaycan Prezidentinin dərin fikirləri dövlətimizin mövqeyinin növbəti dəfə prinsipiallıqla və qətiyyətlə ifadəsi, müdafiəsi oldu. Ermənistanın baş naziri Nikol Paşinyan isə məğlub siması, qətiyyətssiz danışğı ilə yadda qaldı. Nikolun cavab verməli olduğu suallardan yayınmağa uğursuz cəhdləri, iki liderin öncəki illərdə Münhen, Aşqabad və digər təmaslarını xatırlatdı. Eləcə də, iki liderin zaman-zaman eyni efirlərdə eyni suallara verdiyi cavabların arasındakı kəskin fərqi xatırlamış ol­duq. Uğursuz və baş tutmamış dövlətlə qədim mədəniyyətə, zəngin dövlətçilik ənənələrinə malik dövlətin fərqi, şəxsən ölkə rəhbərlərinin intellektual fərqi, təcrübə fərqi bir daha beynəlxalq aləmdə göründü, tanındı. Neçə ki, tam haqq-ədalət yoluna gəlməyib, Ermənistanın heç bir dövlət başçısı danışıqlarda üstün tərəf ola bilməz. Onlar haqq yoluna gəldikdən sonra da üzərlərindəki əbədi ləkə ilə gəzməli olacaqlar. Xocalıda soyqırım törədib, Qarabağda 30 il müddətində Azərbaycanın maddi-mədəniyyət abdiələrini məhv edib, qəbirləri belə eşən zehniyyətin sahibləri heç vaxt heç yerdə üstünlüyə iddialı olmamalıdır. Bax, 30 illik işğal erməni xalqına belə bir “mənəvi kapital” bəxş edib.

Azərbaycanın dövlət başçısı bütün görüşlərdə öz dəmir məntiqi, faktlara istinadı ilə Paşinyanı çətin duruma salıb. Paşinyan Köçəryan, Sarkisyan ilə barışıb, üçü birgə gəlsə də, ədalətsizliyi, terro­ru, işğal siyasətini təmsil etdikləri üçün yeniləcəklər. Paşinyan üçün ən yaxşı yol, Azərbaycanın irəli sürdüyü tələblərə daha açıq mətnlə, daha dəqiq cümlələrlə razılıq ifadə etməsindən keçir. Başqa yolu yoxdur!

Erməni narkotacirləri və havadarları…

Prezidentin MDB Dövlət Başçıları Şu­rasındakı çıxışında MDB üzvü olmayan, lakin Azərbaycan və Ermənistanla (bir sıra digər MDB üzvləri ilə) sərhəd qonşusu olan İranın ünvanına haqlı, tutarlı iradlarla çıxış etməsini də bu məqamda vurğu­lamalıyam. Bu gün təməl daşı qoyulan Füzulinin, ondan öncə Cəbrayılın, qarşı günlərdə təməldaşı qoyulacaq Zəngilanın, ümumən, Qarabağın azad olunması İranı Ermənistandan daha artıq narahat etmişdir. Bu, İran fars-molla rejiminin hər halından bəllidir... Arazın o tayında, öz dədə-baba yurdunda yaşayan milyonlar­la soydaşımıza sayğımız, güvənimiz öz yerində, amma fars-molla rejimi özünü ağıllı aparmadıqca, açılan sandıqların, tökülən pambıqlarıın altında qalacaq...

MDB Dövlət Başçıları Şurasında daha hansı ismarıclar verilmiş oldu?

– Ermənistanın minalanma xəritələrini tam verməkdən imtinası, verilmiş kiçik qism xəritələrinsə, cəmi 25 faiz dəqiq olması;

– 30 il ərzində işğal bölgələrində bütün infrastrukturun, tarixi və dini abidələrin dağıdılması, 67 məsciddən 65-nin viran qoyulması, qalanlarında isə donuz və digər heyvanlar saxlanması – Ermənistan siyasi-hərbi rəhbərliyinin bununla İslam inanclı insanların heysiyyətini bilərəkdən təhqir etməsi;

– işğal bölgələrində bütün infra-strukturun sıradan çıxarılması, tikilələrin istifadəyə yararlı son kərpicinədək sökülərək Ermənistana və İrana daşın­ması;

– işğal dövründə maddi sərvətlərin talan olunması, meşələrin məhv edilməsi, təbii resursların vəhşicəsinə qarəti, ekoloji fəlakətlər yaradılması;

– Azərbaycan – İran, Azərbaycan – Ermənistan dövlət sərhədlərinə nəzarətin bərpa edilməsi ilə İrandan Ermənistana, Ermənistan üzərindən Avropaya uza­nan narkotrafik marşrutunun qarşısının alınması;

– məlum üçtərəfli bəyanat imza­lanandan sonra – 2020-ci il noyabrın sonunda 62 nəfərdən ibarət diversiya qrupunun Ermənistanın Şirak bölgəsindən Azərbaycan ərazisinə göndərilməsi və bununla da, işğaldan azad olunmuş ərazilərdə xidmət edən Azərbaycan Ordusunun arxasında təxribat törədərkən hərbçilərimiz tərəfindən tərksilah olunaraq saxlanılması;

– Azərbaycan Respublikasının sülh prosesinə, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara hazır olması... Bütün bu və bu qəbildən olan ismarıcların tirajlanması Ermənistanın uzun illər boyu apardığı anti-Azərbaycan təbliğatına qoyulmuş mayanı batırır. Döyüş meydanında mayaları batan dünya erməniləri ard-arda beynəlxalq ictimai fikirdə də pozğuna dönür. Dünya erməniliyi geriləməyə məhkum edilir!

Ermənistanla sülh necə mümkün olacaq?

Əgər Ermənistan Azərbaycanla sülh razılaşması əldə etmək istəyirsə, gərək ən azı iki şərtə əməl etsin:

1. Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanısın;

2. Qarşılıqlı münasibətlərin nor­mallaşmasına, ədalətli sülhə ciddi, təkzibolunmaz hazırlıq nümayiş etdirsin.

Əslində, bu, Ermənistan üçün tarixi fürsətdir. Unutmaq olmaz ki, ən çətin günlərdə ədalətsiz razılaşmaları qəbul etməyən Azərbaycan, şanlı zəfərdən sonra hansısa ədalətsizliyə əsla razı ol­maz! “Qalibkən” iqstisadiyyatını dirçəldə bilməyən Ermənistan məğlub halı ilə necə inkişaf edə bilər?

Bir sözlə, Ermənistan vandallıq irsinə sadiqlikdən imtina etməli, sülhyaratma mədəniyyətini öyrənməli, mehriban qon­şuluq davranışına yiyələnməlidir.

Qoşulmama Hərəkatında tarixi çıxış və “La Repubblica”ya müsahibə

Prezidentin Qoşulmama Hərəkatının oktyabrın 11-də baş tutan Yüksək Səviyyəli Toplantısında (videoformatda) çıxışında da, oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində də bütün digər mövzularla yanaşı məhz işğalla azadlığın, vandallıqla quruculuğun, bir sözlə, Ermənistanla Azərbaycanın fərqi açıq, aydın, dəqiq şəkildə beynəlxalq auditoriyaya çat­dırlmış oldu. İstər QH üzvlərinə, istər nüfuzli italyan nəşrinin oxucularına, onlar vasitəsi ilə beynəlxalq ictimai fikrə Qa­rabağ, ümumən, Azərbaycan həqiqətləri çatdırıldı. Füzulinin təməlqoyma törənindən öncə baş verən beynəlxalq ictimai fikri düzgün qidalandırma işi çox yerinə düşdü. Bu, Azərbaycan dövlət başçısının nəyi, nə vaxt, harda və necə etmək lazım olduğunu dəqiq bilməsinin daha bir göstəricisi, təsdiqi olaraq diqqəti cəlb edir. Düşünürəm ki, hələ dünyanın dörd tərəfində anti-Azərbaycan təbliğatı aparan dünya erməniliyi də, onların bədniyyət “nəfəslik” himəyədarları da, “qaşınmayan yerdən qan çıxarmaq” üçün marıqda duran bütün yaramazlar da seytnot durumuna gətirilir. Preziden­tin MDB, QH, daha öncə BMT tribunala­rından çıxışları, italyan, daha öncə digər xarici KİV- ə müsahibələri sanki “artil­leriya hazırlığı” kimidir. Düşmənin arxa təminat bölükləri dövrədən kənar edilir, sonra ordu irəliləyir. İndi inşaatçılar, işıq­çılar, yolçəkənlər, körpüsalanlar, tunelqa­zanlar, təməlatanlar, dəmiryolçular ordu­su irəliləyir. İndi fikir ordusu, mədəniyyət ordusu irəliləyir. Bütün ordularımızın Ali Baş Komandanı o, özüdür! Cənab İlham Əliyev üfüqümüzü genişləndirir, inamımı­zı dərinləşdirir, gələcəyimizi daha əmin edir!

Əkbər QOŞALI

21 Oktyabr 2021 01:49 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə