Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qordan Grliç Radman: Azərbaycan və Xorvatiya dost ölkələrdir

 

 

Oktyabrın 20-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanla birgə brifinq keçirib.

AZƏRTAC xəbər verir ki, brifinqdə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycan ilə Xorvatiya arasında bir çox sahələrdə, xüsusilə iqtisadi sahədə sıx əməkdaşlığın olduğunu diqqətə çatdıraraq deyib: “Ölkələrimiz arasında münasibətlərdə iqtisadi əlaqələr xüsusi yer tutur. Xorvatiyadan aparıcı şirkətlərin nümayəndələri Bakıda keçirilən biz­nes forumda iştirak edəcəklər. İki ölkə arasında ticarət sahəsində rəqəmlər kifayət qədər böyükdür. Xorvatiya ticarət baxımından Azərbaycanla ən geniş əməkdaşlıq edən 10 ölkə sıra­sında yer alır. Qarşılıqlı şəkildə həyata keçirilən ali və yüksək səviyyəli səfərlər əlaqələrimizi möhkəmləndirir. Biz görüşdə Azərbaycanla Xorvatiya ara­sında enerji, turizm sahələrində mövcud olan potensial, işğaldan azad edilmiş ərazidə həyata keçirilən layihələrdə Xorvatiya şirkətlərinin iştirakı barədə fikir mübadiləsi apardıq. Onlar bu prosesdə maraqlıdırlar”.

Münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin də mühüm əhəmiyyətə malik olduğunu vurğula­yan nazir qeyd edib: “Oktyabrın 26-da Zaqrebdə Azərbaycan-Xorvatiya Hökumətlərarası Əməkdaşlıq Komis­siyasının növbəti iclası keçiriləcək. Azərbaycanla Xorvatiya arasında hazır­da qüvvədə olan 25 saziş, protokol var, 7 sənəd isə baxılmaqdadır. Ölkəmizdə 20 xorvat şirkəti fəaliyyət göstərir. Turizm sahəsində görüləcək birgə işlərə COVID-19 pandemiyasından sonrakı dövrdə yeni dinamika verilməsi ilə bağlı müzakirələr aparılıb”.

Xarici işlər naziri, həmçinin Azərbaycanın beynəlxalq təşkilatlarda Avropa İttifaqı ilə əlaqələrə xüsu­si önəm verdiyini vurğulayıb. Deyib ki, beynəlxalq təşkilatlar daxilində əməkdaşlığımız var. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq Sazişini müzakirə etdik. Azərbaycanın Aİ üçün etibarlı tərəfdaşdır. Ener­ji təhlükəsizliyi xüsusilə diqqət mərkəzində olub.

Qeyd olunub ki, Azərbaycan ilə Xorvatiya arasında minatəmizləmə sahəsində əməkdaşlıq başla­yıb. Ölkəmiz tərəfindən müvafiq minatəmizləmə avadanlıqları sifariş edi­lib və onlar Xorvatiyadan Azərbaycana gətirilir. Eyni zamanda, ölkələrimizin ticarət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.

Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması üçün konstruktiv mövqe nümayiş etdirdiyini bildirən C.Bayramov deyib: “Bir neçə gündən sonra Vətən müharibəsinin başa çatmasının bir ilini qeyd edəcəyik. Xorvatiyalı həmkarımla müzakirələrimizdə üçtərəfli bəyanatların imzalanması, regionda yaranan yeni reallıqlar və perspektivlər müzakirə olunub. Azərbaycanın apardığı işlər barədə həmkarımı məlumatlandırdım. Azərbaycan regionda kommunikasi­yaların açılması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan tərəfi də bu istiqamətdə əməli addımlar atmalıdır. Razılaşmanın vacib hissəsi olan kommunikasiyaların açılması ilə bağlı üçtərəfli komissiyanın Moskvada iclası keçirilir”.

Sonra çıxış edən Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman Azərbaycanda olma­ğın onun üçün böyük şərəf olduğunu, eyni zamanda, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu bildirib. Nazir deyib: “Bizim müxtəlif sahələrdə çox gözəl əməkdaşlığımız var. Azərbaycan və Xorvatiya dost ölkələrdir. Azərbaycanla Xorvatiya arasında münasibətlər çox yaxşı və sabitdir. Azərbaycanda iqtisadi sahədə çox böyük potensial var. Ümid edirəm ki, Xorvatiya şirkətləri burada fəal olacaqlar. Azərbaycan və Xorvati­ya strateji tərəfdaşdırlar. 2019-cu ildə Xorvatiyanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycana mənimlə birgə xorvatiyalı iş adamları da gəlib, onlar azərbaycanlı həmkarları ilə görüşəcəklər”.

Həmkarı C.Bayramovla görüşdə Cənubi Qafqazdakı vəziyyəti və “Şərq tərəfdaşlığı”nı müzakirə etdiklərini diqqətə çatdıran Qordan Grliç Radman qeyd edib: “Bu günlərdə Avropa İttifa­qının Xarici İşlər Şurasının iclasında “Şərq tərəfdaşlığı”nı müzakirə etdik. Xorvatiya bu formatı dəstəkləyir. De­kabrda keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammitində biz öhdəliyimizi təkrar edəcəyik. Sammitin birgə bəyanatını hazırlayırıq”.

21 Oktyabr 2021 01:49 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə