Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusu düşmənə xalqımızın böyüklüyünü bir daha göstərdi

Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında silahlı qüvvələrimizin 44 günlük Vətən müharibəsi zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərərək, düşmənin canlı qüvvəsi və texnikasını sıradan çıxardığını, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini bildirib.

Ölkə rəhbəri, həmçinin vur­ğulayıb ki, İkinci Qarabağ savaşı dövründə Füzuli uğrunda gedən şiddətli döyüşlər hərbçilərimizin qəhrəmanlığını bir daha təsdiqlədi. Şəhər ətrafında bir neçə gün davam edən ağır əməliyyatlarda düşmən müqavimət göstərməsinə baxmayaraq, Silahlı Qüvvələrimiz öz tarixi missiyasını uğurla yerinə yetirdi. Çünki Füzuli böyük bir əraziyə malik olmaqla, həm də düşmən üçün strateji nöqtə idi. İşğalçının bu hissədən qovulması ilə onun rüsvayçı məğlubiyyətinin demək olar ki, əsası qoyuldu, digər şəhər və kəndlərimizin işğaldan azad edilməsi sürətləndi.

Təsadüfi deyil ki, Füzuli düşməndən təmizlənəndən sonra Ermənistan ordusunda fərarilik hal­ları daha geniş vüsət aldı. Qəsbkar bundan sonra ordumuzun önündə daha dura bilməyəcəyini anlayıb, silah-sursatını ataraq, qaçmağa başladı.

Dövlətimizin başçısı sözügedən görüşdə bununla bağlı deyib: “Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu ya­şayış sahəsinin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Bir daha demək istəyirəm ki, Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkam­dan ibarət müdafiə xətti qurulmuş­du. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkam­ları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazır­dırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi...”.

Beləliklə, Azərbaycan Ordusunun zəfər yürüşü ilə Füzuli şəhərinin xilasından 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı düşməndən təmizləndi, daha sonra isə Laçın dəhlizinə çıxıldı. Bununla da savaş­da müharibənin taleyinin artıq həll olunması heç kəsə sirr deyildi.

Silahlı qüvvələrimiz 44 gün ərzində ardıcıl qələbələri ilə Ermənistan ordusunu sıradan çıxardı, bütün dünyaya “yenilməz Ermənistan ordusunun” uydurma, xəyal olduğunu sübut etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə diqqətçəkən bir məqama da toxunub: “Onu da deməliyəm ki, bizim uğurlu əməliyyatlarımız məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə – sentyab­rın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxa­rı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüz­gar kəndləri azad edildi. Yəni, biz öz zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq”.

Bəli, Füzuli əməliyyatı İkin­ci Vətən müharibəsində si­lahlı qüvvələrimizin dünyanın ən güclü orduları sırasında qərarlaşdığını təsdiqlədi. Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan gene­ral-mayor Yücel Karauz mətbuata müsahibəsində bu barədə ətraflı danışıb. O, Füzuli əməliyyatının Azərbaycanın gerçəkləşdirdiyi hərbi hərəkatın uğurla ikinci mərhələyə keçməsinin başlanğıcı olduğunu bildirib. Yücel Karauz daha sonra deyib: “İşğalçı 28 il boyunca bu ərazidəki yaşayış məntəqələrini vandalcasina dağıtmaqla bərabər, Majino xətti (1929–1932-ci illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçi­ka sərhədində tikilən fransız uzunmüddətli fortifikasiya qurğu­ları sistemi) kimi mərhələli şəkildə xətlər (istehkamlar) qurmuşdu. Başqa sözlə, düşmən xəndəklər qazmış, müdafiə sistemi yarat­mış və onların minalarla, elektron sistemlərlə və digər vasitələrlə qorunmasını təmin etmişdir.

Bu maneələrin asanlıqla keçilməsi çox çətin idi. Həmin əngəlləri aşmaq üçün xüsusi texnikalar istifadə olunmalı, takti­kalar tətbiq edilməli idi. Ermənilər düşünürdülər ki, Azərbaycan Ordusu sərhəddən bu üç mərhələli xətləri keçə bilməz və Ermənistan hərbi birləşmələri yenilməzdir. Fü­zulinin azad olunması ermənilərin bu mifini tamamilə darmadağın etdi. Yenilməz, keçilməz deyilən xətlərin dağıdılması, erməni ordu­sunun məhv edilməsi, tarazlığının pozulması, silah-sursatının ələ keçirilməsi, əsgərlərinin döyüşü tərk edib qaçmaları işğalçının döyüş əzmini və qərarlılığını pozdu. Erməni xalqının, dövlətinin psixoloji olaraq çökməsinə, sonun başlanğı­cına səbəb oldu”.

Y.Karauz, həmçinin vurğulayıb ki, Füzuli azad edilərkən silahlı qüvvələrimiz son dərəcə müasir hərbi texnikalardan istifadə edib: “Azərbaycan 44 günlük müharibədə müasir tətbiqetmələrlə keçmiş SSRİ və NATO-nun döyüşü üsullarını birləşdirərək, yeni taktika və texni­kalardan yararlandı. Azərbaycan əsgəri Vətən, xalq, bayraq üçün şəhid olmasının zəruriliyi anlamı və Vətən uğrunda şəhidlik eşqi ilə qəhrəmancasına, cəsarətlə, böyük bir ürəklə savaşdı. Qarabağı 28 il boyunca analarının laylalarında Vətən, xalq, bayraq kəlmələrini dinləyərək böyüyən bir nəsil-döyüş ruhlu rəşadətli ordu azad etdi”.

General əlavə edib ki, Prezident İlham Əliyev həm siyasi lider, həm də Ali Baş Komandan kimi müharibəni özü birbaşa və düz­gün şəkildə idarə etdi: “Bu amillər Füzuli zəfərini gerçəkləşdirdi. Füzuli şəhərinin azad olunması isə bütöv Qarabağın işğaldan azad olunma­sını şərtləndirdi. Keçilməz deyilən səngərlər keçildi, yenilməz deyilən ordu yenildi.

Füzulinin, ondan bir gün sonra isə Xudafərinin azad olunması Ermənistan ordusunu və xalqını mənəvi olaraq əzdi. Füzuli şəhəri düşməndən təmizləndikdən, Azərbaycan Ordusu Xudafərin körpüsünə çatdıqdan sonra, ermənilər psixoloji olaraq həmin dəqiqələrdən etibarən müharibəni uduzdu”.

Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsi Prezident İlham Əliyevin uzun illər ərzində apardığı uğurlu xarici və daxili siyasətlə bərabər, ordu quruculuğu sahəsində fədakar fəaliyyətinin məntiqi nəticəsidir. Dövlətimizin başçısı bu barədə dəfələrlə vurğulayıb ki, hazırda bir çox ölkələrdə Azərbaycanın hərbi təcrübəsi öyrənilir. Bununla bağlı bir çox ekspertlərlərin çıxış­larında Azərbaycanın XXI əsrin müharibəsini apardığı, geniş miq­yasda və yüksək səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edildiyi bildirilir.

Prezident, həmçinin diqqətə çatdırıb ki, təkcə silah-sursatla müharibə aparıb, möhtəşəm qələbə əldə etmək mümkün deyil. “Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə Allah səbir versin! Yaralı hərbçilərimiz var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin! Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qa­zanmışıq. Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik”, –deyə, ölkə rəhbəri xüsusi vurğulayıb.

Yeri gəlmişkən, Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurları müasir texnologiyalardan peşəkar istifadə, rəhbərliyin düzgün planlaşdırması nəticəsində real­laşmışdısa, Şuşada bunun üzərinə heyətin şəxsi peşəkarlığı amili də əlavə olundu. Ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsi müasir döyüş tarixində tamamilə yeni bir səhifənin əsasını qoy­du. Əməliyyatların zirvəsində gələn Şuşa döyüşü, eyni za­manda, Azərbaycan Ordusunun, həm də torpaq, yurd sevgisini vətənpərvərlik hissini üzə çıxardı.

Şuşanın işğaldan azad olunma­sı çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu şəhər o qədər müdafiə cəhətdən əhəmiyyətli, o qədər coğrafi-stra­teji baxımdan mühümdür ki, ötən il noyabrın 8-də məhz Şuşanın azad edilməsi Ermənistanın təslim olması ilə nəticələndi. Strateji yüksəklikdə yerləşən və ermənilər tərəfindən güclü müdafiə sistemi­nin yaradıldığı bu şəhəri almaq sanki mümkünsüz görünürdü. Lakin müzəffər Azərbaycan Ordusu qeyri-adi şücaət göstərərək, hərb tarixinə düşəcək bir səviyyədə dö­yüşdü, yaxın məsafədən əlbəyaxa mübarizədə düşmənə qalib gəldi.

Azərbaycan əsgər və zabitinin belə bir güc-qüdrətə malik olma­sı, peşəkarlığı təsadüfi deyildi. Çünki ölkə rəhbəri prezidentlik fəaliyyəti illəri ərzində bu vədinə sadiq qaldı, respublikamızda ordunun gücləndirilməsi ilə bağ­lı olduqca mühüm işlər gördü, silahlı qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərinin yaranmasına nail oldu. Ən mü­asir döyüş texnikasının alınma­sını gerçəkləşdirdi. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşı­laşdırılmasını hər zaman diqqət mərkəzində saxladı. Bütün bunlarla bərabər, döyüş hazırlığının bütün tələblərinin yerinə yetirilməsi üçün beynəlxalq tələblərə cavab verən əlverişli şərait yaradıldı, irimiqyaslı təlimlər keçirildi.

Ordu quruculuğunda reallaşdı­rılan mühüm tədbirlərin nəticəsidir ki, 2020-ci ildə Azərbaycan Ordusu “Qlobal Atəş Gücü” (“Global Fire­power”) indeksi üzrə 64-cü yerdə qərarlaşıb. Ermənistan ordusu isə bu siyahıda 111-ci yeri tutub. Məhz bu göstəricilər Azərbaycanın müharibədə qalib gəlməsini şərtləndirib.

Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində isə ən önəmli amil silahlı qüvvələrimizdəki ruh yüksəkliyi, xalq-Prezident-ordu vəhdəti oldu. Bu, Azərbaycana qar­şı başlanan hücum əməliyyatlarının ilk günlərindən minlərlə gəncin orduya könüllü kimi yazılmasında, dinc insanların təxribatlar zama­nı evlərini tərk etməmələrində özünü göstərdi. Bu, döyüşlər getdiyi dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər gün özünün rəsmi “Twitter” səhifəsində, xarici televiziya ka­nallarına verdiyi müsahibələrində hadisələrin gedişatı ilə bağlı xalqa məlumat verməsində, ordumuzun nailiyyətlərini vətəndaşlarımızın diqqətinə çatdırmasında özünü büruzə verdi. Bu, eyni zamanda, Azərbaycanı bütün dünyaya güclü orduya malik bir dövlət, xalq–Prezident vəhdəti yaşanan bir respublika kimi tanıtdı.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

21 Oktyabr 2021 01:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə