Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayıb

Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir. Cəmiyyətin həssas üzvü olan  uşaqların xüsusi müdafiəyə ehtiyacı var. Bu baxımdan hər kəs onların hüquqlarının və maraqlarının qorunmasını təmin etməli, uşaqlara qayğısını əsirgəməməlidir.

 

Ölkəmiz 20 noyabr 1989-cu ildə qəbul olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmaqla öz üzərinə bir sıra öhdəliklər götürmüş, milli qanunvericilik təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılmışdır. 

 

Uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi, hüquqların müdafiəsi, təşviqi, pozulmasının qarşısının alınması və bərpası Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

 

Bu il, BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 32-ci ildönümü ərəfəsində tərəfimizdən 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” elan edilir.

 

Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunmasıdır.

 

Hər il aylıq çərçivəsində Ombudsman Aparatı, mərkəzi və yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən QHT və KİV-lərin nümayəndələri, icmalar tərəfindən uşaq hüquqlarına dair müxtəlif maarifləndirmə tədbirləri keçirilir, müsabiqələr, sərgilər təşkil olunur, araşdırmalar aparılır və hüquqların təmin olunması istiqamətində digər tədbirlər görülür.

 

Son iki il ərzində ölkəmizdə uşaqlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunmuş COVİD-19 pandemiyası ilə bağlı yaranmış çətinliklərlə yanaşı, İkinci Qarabağ Müharibəsinin fəsadları ilə üzləşmişlər.

 

Məlumdur ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz işğalda olan əzəli Azərbaycan torpaqlarını azad etmiş, 44 günlük Vətən Müharibəsində zəfər çalmışdır.

Bu müharibə dövründə Ermənistan tərəfinin Azərbaycanın mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində 10-dan çox uşaq həlak olmuş, 50-si yaralanmış, bir çox uşaq isə valideynlərini itirmişdir. Habelə, mülki obyektlərin hədəfə alınması, bir çox yaşayış evlərinin, təhsil, səhiyyə müəssisələrinin dağıdılması uşaqların təhsil, səhiyyə və digər hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bununla yanaşı atılan intensiv atəşlər uşaqların psixoloji sarsıntı keçirməsinə səbəb olmuşdur.

 

Uşaqlar hərbi münaqişələr zamanı heç bir halda hədəf obyektinə çevrilməməli və müharibənin fəsadlarından əziyyət çəkməməlidirlər!

 

Müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə hərbi hücumları nəticəsində uşaq tələfatları ilə bağlı tərəfimizdən xüsusi hesabat hazırlanaraq beynəlxalq qurumlara göndərilmişdir. Bununla yanaşı, həmin müharibə cinayətləri nəticəsində qurbana çevrilmiş uşaqların pozulmuş hüquq və azadlıqları ilə bağlı beynəlxalq təşkilatlara və aidiyyəti qurumlara müvafiq bəyanat və müraciətlər göndərmiş, dünya ictimaiyyətini bu ədalətsizliyə hüquqi müstəvidə düzgün qiymət verməklə bağlı çağırışlar etmişəm.

 

Qlobal pandemiya kimi bütün xalqlar və dövlətlər üçün real təhlükə mənbəyinə çevrilən və sürətlə yayılan COVID-19 infeksiyasının fəsadları uşaqlardan da yan keçmir. Belə ki, məlum xəstəlik səbəbindən uşaqların səhhətlərində yaranmış problemlərlə yanaşı, distant təhsilə keçid, təhsil və digər müəssisələrin, uşaq yaradıcılıq mərkəzlərinin fəaliyyətinin dayandırılması, müəssisələrdə valideynlərlə görüşlərin məhdudlaşdırılması, ailələrdə psixoloji gərginlik səbəbindən məişət zorakılığı hallarının artması və digər bu kimi məqamlar uşaqların inkişafına mənfi təsir göstərmişdir.

 

Məlum olduğu kimi, ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” təsdiq edilmiş və dövlət başçısının 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda uşaqların hüquqlarının səmərəli təmin olunması məqsədilə müvafiq dövlət qurumlarına tədbirlərin görülməsi tapşırılmışdır.

 

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində də uşaq hüquqlarının müdafiəsi sahəsində göstərilən mühüm hədəflər uşaqların rifahının yüksəlməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsini zəruri edir.

 

Uşaqların hüquq və maraqlarının daha etibarlı təmin olunması üçün bu sahədə fəaliyyət göstərən bütün qurumlar əlaqəli şəkildə fəaliyyət göstərərək uşaqların müdafiəsi və sosial rifahı üçün çalışmalıdır.

 

Beləliklə, uşaq hüquqlarının təmini, təbliği və müdafiəsi ilə məşğul olan hər bir qurumu “Uşaq hüquqları aylığı”na qoşulmağa dəvət edir və xüsusi karantin qaydalarına əməl etməklə uşaqlarla bağlı təşkil olunacaq bütün tədbirlərdə onların birbaşa iştirakını təmin etməyə çağırıram.

 

Gəlin bütün uşaqların parlaq gələcəyi naminə səylərimizi birləşdirək!

 

 

 

Səbinə Əliyeva

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

                                                                          20 oktyabr 2021-ci il

20 Oktyabr 2021 15:27 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
4 Dekabr 2021 | 23:54
Murovdağda ölməzlik zirvəsi

Köhnə versiyamızdan xəbərləri izlə