Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Döyüşən sözün Şuşa zirvəsi

XXI əsr Azərbaycanı, Vətən müharibəsi və müasir Qarabağ zəfəri əsərinin baş qəhrəmanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Zəmanəmizin bu diqqətəlayiq faktını Azərbaycan ədəbiyyatı duyur, təqdir edir və özünün bədii dünyasının episentrinə gətirir. Buna görə də təsadüfi deyildir ki, son bir ildə yazılan poemaların əksəriyyəti səciyyəsinə görə “hadisə-poema” deyil, “ideya-poema”dır.

Bu gün bizim diqqət mərkəzində dayanan XXI əsr Azərbaycanı, Vətən müharibəsi və müasir Qarabağ zəruri fəaliyyətlərin kompleksi kimi məhz İdeyadır. Bizi çağdaş tarixin öncinahına çıxaran ideya. Elxan Zal Qaraxanlının “Azərbaycan simfoniyası” və Balayar Sadiqin “Zəfər simfoniyası”, “Şəhid ətri” də bu ideyanı müasir Azərbaycan ədəbiyyatında milli özünüdərkin aparıcı tendensiyası kimi əks etdirirlər:

...Söylədin: “Qarabağ Azərbaycandır!”

Adi torpaq deyil, canımda candır!

Yolunu gözləyir, gör bir haçandır –

Arzu yollarımda ümid sarvanım,

Min yaşa, müzəffər Baş Komandanım!

(Balayar Sadiq)

Sabir Rüstəmxanlının Vətən müharibəsindəki Qələbə ruhunu özündə yaşadan son iki poeması – “Savaş bitməmiş hələ” və “Qarabağa dönüş” – Azərbaycanın bir dövlət və millət olaraq necə qüdrətli mənəvi gücə, siyasi iradəyə malik olduğunu, bu qocaman məmləkətin saflıq və həqiqət üçün susa­yan müasir dünyaya necə gərək olduğu­nu anladan ərən görklü zərif eposlardır.

Vaqif Bəhmənlinin işğalın başlama­sından Zəfər gününə qədər təqribən 30 illik dövrü əhatə edən bir kitablıq (“Mən əsgərəm, Qarabağ!..”) şeir və poemaları – Qarabağın tale yazısı­dır. Qarabağın tale kitabı “Vətənimə sübh duası” proloqu ilə başlayır. Vətən müharibəsinin od-alovunun yanğısı ilə yazılmış bu əsər müasir Azərbaycan poeziyasının ən parlaq keyfiyyətlərini – klassik şeir ənənəsinə yaradıcı sadiqliyi, forma və məzmunun daxili qafiyələnmə ilə süslənən vəhdətini və ilk misradan son misraya qədər ideyanın patetik vəcdlə hərəkətini, tarixi təməllərimizə söykəncin ərənlik ruhunu, uzun illər Qa­rabağ ətrafında yallı gedən məkrli siyasi oyunlara eyhamı, Vətənin zəncirlənmiş parçasının yağı əlindən qurtula-qurtula nəfəs dərməsinin Azərbaycan əsgərinə, vətəndaşına verdiyi sonsuz həzzi və xal­qın ilham qaynağı olan Ali Baş Koman­dan İlham Əliyevdə ümummilli vəhdətin triumfa çatmasını özünün dolğun meta­forik mənzərəsində əks etdirə bilir:

Qanadlanıb Şuşaya, o müqəddəs guşəyə,

Şehli Xarı-bülbülü dərdim, ilhama gəlib!

Ali Baş Komandanın adınadı ilhamım,

İlhamım əmr eləyib, ordum ilhama gəlib!

Qarabağ – Azərbaycan!.. Hayqırır bir ağızdan,

Qələbəyə şığıyır yurdum, ilhama gəlib!

Sənətin öncəgörüm duyğusu fəhmin də qanunauyğun əlamət olduğunu bəlli edir. Fərid Hüseynin “Yumruq günü” şeiri Vətən müharibəsinin ilk günlərində çap ediləndə, hərbi sirr kimi hələ məlum deyildi ki, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı döyüşü “Dəmir yumruq” əməliyyatı adı altında keçirilir. Lakin gənc şair Azərbaycan xalqının qisas zamanını “Yumruq günü” kimi “kodlaşdırmışdı”.

Müstəqilliyimizin başlanğıc mərhələsində Qarabağı itirməyimiz və 30 illik işğal dövrünün faciəvi acıları Azərbaycan nəsrində gerçək bədii ya­şantlarını tapmışdı. Bütün bu acılara son qoyan Vətən müharibəsi isə, adətən, hadisələrin iliklərinə, proseslərin toxu­malarına varmaq, onların bədii arxitek­turasını biçimləmək spesifikasına malik olan nəsr poetikasında hələ indi-indi seçkin təsvir keyfiyyətlərini alır. Lakin, heç şübhəsiz ki, XXI əsrin ilk çərəyində Azərbaycan dövlətinə və xalqına tarixi zəfər qazandıran Vətən müharibəsi öz dramatizmi ilə daha çox nəsr və drama­turgiyamızda bədii sənət monumentallı­ğını əldə edəcək.

Nəsrin ilk “savaş qənimətləri” buna əsas verir. Özü qaçqınlıq həyatı yaşa­yan, müharibənin olmazın iztirablarını çəkən və ötən onilliklərdə əsərlərində o iztirabların canlı portretlərini yara­dan Azad Qaradərəlinin son bir ildə yazdığı hekayələr kitabı və “Cəbrayıl əfsanəsi” romanı, Elçin Hüseynbəylinin Qarabağ mövzulu yaradıcılığının uğurlu davamı kimi “Əsgər barmağını əmən körpə”, “Həcər”, “Vəsiyyət”, Kənan Hacının “Qarabağ hekayələri” silsiləsi “Vətən Müharibəsi nəsri” məcrasının genəlməsinə stimul verəcəkdir. İşğal altındakı bölgələrimiz bir-bir azad olun­duqca zəngləşib-təbrikləşdiyim gənclik dostum zəngilanlı Azad hər dəfə göz yaşları içərisində boğula-boğula danışsa da, onun “Cəbrayıl əfsanəsi” – başdan-başa Hünər və Qəhrəmanlıq romanıdır.

Dramaturgiya teatr səhnəsinə çıxmaq imkanı ilə müharibənin metafizikasını daha vizual canlandırmaq potensialına malikdir. Burada ədəbiyyatın müharibəni hər zamandan, hər məkandan, hər bir ayrıca insandan (personajdan) görən gözü daha geniş açılır. Etiraf edək ki, bizdə dramaturgiya, məsələn, poezi­ya ilə “rəqabətdə” uduzur. Yəqin ki, bu bizdə şeiriyyət ənənəsinin tarixi gücündən irəli gəlir. Fəqət dramatur­giyanın hər hansı milli mədəniyyəti ən yüksək statusda təmsil və təqdim etməyin üstünlüyünü nəzərə alsaq, onda gərək Azərbaycan dramaturgiyası “sənət periferiyasında” qalmasının səbəbləri üzərində düşünə. Əlbəttə, dram əsərləri elə çox yazılmır. Ancaq bizim praktikada bu azın da azıdır. Bir il ərzində ədəbi bətndən yalnız bir-iki dram doğulub: Qəşəm Nəcəfzadənin Azәrbaycanın Milli Qәhrәmanı, yәhudi әsilli Albert Aqaruno­vun unudulmaz xatirәsinәhəsr olunmuş “Ölüm qaldı o dünyada” və Ay Bəniz Əliyarın “Xarıbülbül” pyesləri.

Vətən müharibəsi və Milli Ordumu­za dəstək xüsusunda daha geniş fikir mübadiləsi Azərbaycan ədəbi medi­asında aparılmışdır. “Azərbaycan” və “Ulduz” dərgiləri, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Ədalət” qəzetləri, digər ədəbiyyat, mədəniyyət və incəsənət portallarında Azərbaycanın görkəmli ədəbiyyat və mədəniyyət nümayəndələri, yazıçılar, alimlər, sənətkarlar, gənc ədəbiyyatçılar məqalə və esselərində, bədii-publisistik yazılarında Qarabağ müharibəsinə müstəqil dövlətimizin taleyüklü problemi olaraq fəal münasibət bildirmişlər. Onların baş redaktorları və məsul komandası rəhbərlik etdikləri mətbuat orqanlarını müharibənin və qələbəyə doğru yürüşün “ədəbi poli­qonuna” çevirmişdilər. “Azərbaycan”da İntiqam Qasımzadənin “Yazılsın tarixə bir qızıl xətlə...”, “Ədəbiyyat qəzeti”ndə Azər Turanın “Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi”, “Tanrının evi – Türk Qarabağ və Bir hilal uğru­na batan günəşlər…”, “Ulduz”da Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” adlı baş məqalələri və s. məmləkətin silah-qələmlərinin səfərbərlik çağırışı idi.

Müharibənin ən qızğın çağında AZƏRTAC Azərbaycanın Xalq yazıçı­sı Elçinin “Xalqın qələbəsi və xalqın faciəsi” yazısını təqdim edir. Vətən müharibəsinin zirvə anında (8 noyabr 2020) – Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması münasibətilə tarixi müraciətindən sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Ədəbiyyat qəzeti”ndə xalqımıza gözaydınlığı verir: “Şuşamızı inanılmaz hünərlə, şücaətlə, fədakarlıqla azad edən döyüşçülərimizə eşq olsun! Əsgərlərimiz, zabitlərimiz, generallarımız qələbədən sonra sağ-salamat qayıdıb Zəfər paradında vüqarla iştirak etsinlər... 82 yaşım var, Allaha, taleyimə, ordumu­za, Ali Baş Komandana dua edirəm ki, uşaqlığımın, yeniyetməlik çağımın, ahıl illərimin şəhəri Şuşanın azad olunduğu günü görə bildim. Gözün aydın”.

Prezidentin ümummilli şüara çevril­miş “Qarabağ – Azərbaycandır!” görkü bir gənc yazarın – Günel Mehrinin esse mətnindən videoçarxa adlayır və vizual məkandan Azərbaycanın hər guşəsinə yayılaraq, Vətənlə döyünən qəlbləri titrəyişə gətirir: “İndi bildim ki, hər yer Qarabağdır!.. İndi bildim ki, hər kəs qarabağlıdır... İndi bildim ki, şəhidlərlə tükənmir, bütövləşir bu millət!.. İndi bildim ki, tək ön cəbhə deyil, arxa cəbhədir Qarabağ! İndi üzümü Məğribə və Məşriqə tutub rahat ürəklə deyirəm: – Ehey! Eşidirsən, dünya? Qarabağ – Azərbaycandır! Başını dik tut, Vətən, eşidirsən? Qarabağ – Azərbaycandır! Azərbaycandır – Qarabağ!”.

Sizə inamla deyirəm: Böyük Azərbaycan ədəbiyyatı bu qutsal ruhun təcəllası ilə, halal qanın qatbaqat yaddaşı ilə, milli varlığımızı kökündən çiçəyinədək dərk etməyin zəkası ilə yaradılacaqdır! Cəbhədə əsgər kimi döyüşən gənc şair Emin Piri müharibə fenomeninə onun öz sərt reallığından baxsa da, insanlıq dəyərlərinin dilemma­sı qarşısında seçim etmək tərəddüdünü də yaşayır: Qarşı səngərdəki düşmən ordusunun əsgəri Azərbaycan snaype­rinin hədəfindədir. Müharibə deyir – vur. Ədəbiyyat deyir – dayan! Azərbaycan əsgəri, təbii ki, müharibə qanunları ilə hərəkət edib, düşməni vurur. Fəqət bu hissin özü – ədəbiyyatın, sənətin ulu qanunlarını varlığında yaşatdığından insan mənəviyyatını heç zaman tərk edə bilməz.

Savaş dönəmində və sonra Azərbaycan ədəbi mediasının “Vətən müharibəsi və ədəbiyyat” mövzusunda apardığı müzakirələr də ədəbi-humanitar düşüncəni bu alfa-problem üzərində toparlayır.

Akademik İsa Həbibbəylinin “Bütöv­lüyün təntənəsi – Zəfərin isti izlərinin poeması”, akademik Nizami Cəfərovun “Sözümüzün Ali Baş Komandanı”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Tarixin fürsəti”, professor Nizaməddin Şəmsizadənin “Erməni faşizmi”, profes­sor Rüstəm Kamalın “Pənah xanın ruhu”, Orxan Arasın “Müharibə ədəbiyyatı”, Elxan Zal Qaraxanlının “Qarabağda Səlcuq şikəstəsi”, Əsəd Cahangirin “Səs”, Təranə Vahidin “Həsrət essesi”, Sadıq Elcanlının “Müqəddəs qələbəyə and içirəm”, Əlabbasın “Dərs”, Mus­tafa Çəmənlinin “Cəbhə xatirələrim... İyirmi yeddi il sonra” və s. yazılar, bütövlükdə, mədəniyyətimizi, ədəbi-estetik düşüncəmizi Vətən müharibəsinin necə təkanlaya bildiyinə və biləcəyinə Azərbaycanda yaradıcı insanların bəslədiyi inamın örnəyidir. Yazıçı İl­qar Fəhminin deyimincə, “məhz bu qələbədən sonra biz Azərbaycanda sözün həqiqi mənasında müharibə ədəbiyyatını görə biləcəyik”.

Xalqımızın 27 sentyabr – 10 noyabr 2020-ci il Vətən müharibəsində çaldı­ğı böyük qələbə bütün əlamətləri ilə Azərbaycanın tarixi-siyasi həyatında yeni bir fazanın başlanğıcıdır. Artıq indi Qafqa­zın ən qüdrətli respublikası Azərbaycan bütün bölgədə sülh və əməkdaşlıq dönəminin başladığını bəyan edərək, bu quruculuq prosesinin önündə getməkdə qərarlıdır.

Vətən müharibəsindəki Qələbə anın­dan başlayaraq, Azərbaycan ədəbiyyatı – qalib Azərbaycanın ədəbiyyatıdır! Çağdaş ədəbiyyatımız bu qalibiyyətin eyforiyasını yox, ağırlıq və məsuliyyətini, həm də əzəmət və qüdrətini yaşamalı, bədii mədəniyyətimizin tarixi-genetik özəlliyindən gələn müdriklik psixologi­yasının dərinliklərini üzə çıxarmalıdır. Gərək Azərbaycan yazıçısı – Azərbaycan Ordusunun əsgəri Şuşanı fəth etdiyi tək ədəbiyyatın Şuşa zirvəsini fəth etsin!

Rahid ULUSEL,

fəlsəfə elmləri doktoru, professor

20 Oktyabr 2021 00:41 -

Köhnə versiyamızdan xəbərləri izlə