Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizin iqtisadi-maliyyə bazasının getdikcə möhkəmlənməsi sosial ödənişlərin artırılmasına əsas yaradır

 

Son 18 ildə respublikamızın əldə etdiyi uğurlu nəticələr, inki­şaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirib, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradıb. Təsadüfi deyildir ki, dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhran şəraitində belə Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib, iqtisadi inkişaf daha da sürətlənib. Bu, öz növbəsində, əhalinin sosial həyat şəraitinin getdikcə yaxşılaşmasına mühüm təsir göstərib.

Bu sözləri açıqlamasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

O daha sonra bildirib: “Hazırda ölkəmizdə sosial müdafiə və sosial təminat məsələləri prioritet istiqamət kimi diqqət mərkəzində saxlanılır. Başqa sözlə, bütün təbəqədən olan əhalinin sosial müdafiəsi və rifahının yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilir. Son 10 ildə əməkhaqqının minimum səviyyəsi 3 dəfə artırıla­raq 250 manata, orta aylıq əmək haqqı isə 2 dəfədən çox artırılaraq 707 manata yüksəlməsi bunun bariz ifadəsidir.

Pensiyaların minimum məbləği 2,4 dəfə artırılaraq 200 manata, orta aylıq pensiya 112,9 manatdan 2,7 dəfə ar­taraq 302,2 manata, yaşa görə 117,6 manatdan 2,8 dəfə artaraq 331,4 manata, əlilliyə görə 110,7 manatdan 2,4 dəfə artaraq 261 manata, ailə başçısını itirməyə görə orta aylıq pen­siya 89,2 manatdan 2,9 dəfə artaraq 263 manata çatdırılıb.

Bütün bunlarla yanaşı, respub­likada ehtiyac meyarı 65 manatdan 2,5 dəfə artaraq 160 manata, yaşa­yış minimumu 2,2 dəfə artaraq 87 manatdan 190 manata çatıb. Cari il üçün ehtiyac meyarı 170 manat, ya­şayış minimumu 196 manat müəyyən edilib”.

Emin Bağırov, həmçinin bildirib ki, sosial dövlət olan Azərbaycanda iş yerlərinin yaradılmasına, özünüməşğulluğun təmin olunma­sına da daim həssaslıqla yanaşılır. Ayrı-ayrı proqramların icrası zamanı bu məsələ xüsusi diqqətdə saxlanılır. Ölkənin güclü iqtisadi inkişafı, maliyyə imkanlarının artması da iş yerlərinin yaradılması prosesini sürətləndirir. Beləliklə, respublikada iqtisadi fəallığın davamlı şəkildə artması fonunda yeni iş yerləri açılır, bu isə təbii ki, insanların həyat səviyyəsinin yüksəlməsində özünü qabarıq büruzə verir.

İş yerlərinin yaradılması, özünüməşğulluğun təmin olunması ölkədə işsizliyin kəskin şəkildə aza­laraq 5 faizə enməsi ilə nəticələnib. Eyni zamanda, Azərbaycanda əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlar nəticəsində əmək qanunvericiliyi beynəlxalq əmək normalarına uyğunlaşdırılıb, əmək bazarının təkmilləşdirilməsi, əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlərlə tənzimlənməsi istiqamətində uğurlu nəticələr əldə olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 16-da imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqın­da” sərəncam da əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasına yönəlib.

Emin Bağırov söhbətinin sonunda xatırladıb ki, bu sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin res­publika əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Beləliklə, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artı­rılması istiqamətində atılan addımlar­la uzlaşdırılır.

Bu məqsədlə Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müva­fiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçı­sına təqdim edilməsi tapşırılır.

Artıq həmin təkliflərin hazırlanma­sına başlanılıb. Qısa müddət ərzində həmin təkliflərin yekunlaşdırılaraq büdcə layihəsinə daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcəyi nəzərdə tutulub.

Ölkədə iqtisadi-maliyyə bazasının mövcud vəziyyəti əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasını şərtləndirir. Bunu cari il ərzində ölkəmizin CO­VID-19 pandemiyasının yaratdığı sarsıntıları geridə qoyaraq, inamlı şəkildə iqtisadi bərpa yoluna qayıt­ması, respublikada iqtisadi fəallığın bərpasının uğurla gerçəkləşdirilməsi də deməyə əsas verir.

“Xalq qəzeti”

20 Oktyabr 2021 00:37 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə