Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hər kəsin və hamının Prezidentinin Xocavənd dərsi

Hər bir insan üçün doğulduğu ev, ocaq, yurd bütün həyatının mənasını özündə ifadə edir. Yəni, bu ilk beşik insanı formalaşdı­rır və həmin o başlanğıcdan yol alan bir ömür özü ilə həm də o ilkinlikdən qazandıqlarını daşıyır.

Bax, bu mənada evindən, ocağından uzaq düşmək həm də hardasa özündən də, dünənindən də uzaq düşməkdir. Mən o kənddən özüm ilə ancaq cismimi gətirmişdim. O cismdə də nə qədər özümü axtarırdım, tapa bilmirdim. Özümü tapmağım axır ki 2021-ci ilin noyabr ayının 9-a təsadüf etdi...

Hələ 1991-ci ilin oktyabr ayının 30-dan 31-nə keçən gecə erməni işğal­çıları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan Hadrut rayonunun Tuğ kəndini işğal etdi. Həmin işğal nəticəsində gözlərimin qarşısında kənd də yandı, mənim doğulduğum ev də. Bu vəhşətdən, sanki Allahın da xəbəri yox idi. Cinayəti törədən bəndə yox, vəhşi bir tayfa idi.

Çox şükürlər, Azərbaycan Pre­zidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən müharibəsi mənim də, köçkün soydaşlarımızın da doğma yard-yuva həsrəimizə son qoydu, Qarabağ düşmən tapdağından xilas oldu. İş­ğaldan azad edilən ərazilərdə yaradı­lan müasir kommunikasiyalar, tikilən obyektlər bizə sonsuz ümid verdi, dərin inam bağışladı. Bildik və əmin olduq ki, Böyük qayıdışın önündəyik. Və bu inam da bizi liderimizin, Ali Baş Komanda­nımızın ətrafında daha sıx birləşdirdi. Həmin birliyin qalib ifadəsini 44 günlük Vətən müharibəsində gördük.

Bir il əvvəl aparılan o ölüm-dirim savaşı günlərində hamımız şahi­di olduq ki, Ali Baş Komandan öz “dəmir yumruğunu” ortaya qoymaq­la, düşmənin “yenilməz ordu” mifini darmadağın etdi. Füzuliyə, Cəbrayıla, Qubadlıya, Zəngilana, Hadruta, Şu­şaya Azərbaycan bayrağı sancıldı. Bu çevrədə mənim doğma Tuğ kəndim də azad edildi. Azərbaycanın möhtəşəm qələbəsinin, Ermənistanın rüsvayçı məğlubiyyətinin davamı olaraq işğal­dan xilas olmaq sevincini Ağdam da, Kəlbəcər də, Laçın da yaşadı. Bütöv Azərbaycan Böyük Zəfərin nuruna bü­ründü. Bax, o müqəddəs nurdan mənə də pay düşdü. Yəni, 30 il görmədiyim, yuxularımda, xəyallarımda daşıdığım kəndimi ziyarət qisməti üzümə güldü.

Bir neçə gün bundan öncə Bakıdan Tuğa avtobus yola düşdü. 30 il bu yolla Bakıdan Tuğa avtobus getməmişdi. Avtobusun sərnişinləri arasında mən də var idim. Bu avtobus Hadru­ta, Tuğa, Xocavənd ictimaiyyətinin nümayəndələrini aparırdı. Biz Hadrutda, Tuğda olanda keçirdiyimiz hissləri, ya­şadığımız anları sözə çevirmək, sözlə ifadə etmək qeyri-mümkündür. Xüsusilə ona görə ki, dağıdılmış, viran edilmiş bu yerlərdə ordumuzun, əsgərlərimizin qətiyyəti, mərdanə və ev sahibi əzmi ilə xidmət etmələri şəxsən mənə sonsuz qürur bağışladı. Mən bu dağıntıların içərisində yeni tikiləcək evləri və bu tor­pağın sahiblərini görürdüm. Həmsöhbət olduğum hərbçilərimiz suallarıma o qədər səmimi və ürəkdən cavab verirdilər ki, bu mənə həm yaddaşımın bərpası, həm də ümidimin qol-qanad açması üçün əlavə güc verirdi.

Gəncliyimin keçdiyi Hadrut qəsəbəsi, burada şahidi olduğum neçə-neçə hadisə bir anda gözümün önünə gəldi. Çinar bulağının suyundan ovuclayıb içdim. Elə bildim ki, həmin o illərdəyəm. Başımı qaldırıb baxan­da düşmənin viran qoyduğu binaların qaraltısı məni yenidən müharibənin səbəbkarlarına nifrətə köklədi. Biz burada olduğumuz anlarda etdiyimiz söhbətlərdən nəticə bu oldu ki, Hadrut qəsəbəsi düşmənin bel sütununun qırıldığı nöqtədir.

Məhz Ali Baş Komandanımız da Hadrutda bizimlə söhbət zamanı vurğu­ladı ki, düşmən Azərbaycan ordusunun Hadrut istiqamətində hücum edəcəyini gözləmirdi. Bizim müzəffər Ordumuz onların alınmaz qala hesab etdiyi Hadrutu geri alanda artıq ermənilər müharibəni uduzduqlarını anlamağa başladılar. Bu da onlar üçün çox gec idi. Onlar illər boyu bizim humanistliyimizin, dözümümüzün sonsuzluğuna ümid bağlayırdılar. Amma bilmirdilər ki, biz onları öz ata-baba yurdumuzdan mütləq qovub çıxardacağıq. Biz də bunu etdik!

Bəli, elə buradaca cənab Prezident İlham Əliyev xoş bir ovqatla üzünü bizə tutub dedi: “İndi də sizi Tuğa dəvət edirəm”.

İnanın ki, bu dəvət o qədər səmimi ifadə oldu ki, mən və digər tuğlular alqış­larla özümüzü maşınlara atdıq. Cənab Prezidentin səfər karvanına qoşulubTu­ğa yollandıq. Hadrutla Tuğ arasındakı 12 kilometrlik yolu necə, hansı sürətlə keçdiyimizi hiss etmədim. Bir də özümə gəldim ki, biz artıq Tuğdayıq. Mənim doğulduğum evin beş addımlığında da­yanmışıq. Kol basmış bu həyətdə həyat əlaməti yox idi. Cənab Prezident yenə əvvəlki səmimiyyət və xoş ovqatla, həm də ev sahibi kimi bizi salamladı:

–Tuğa xoş gəlmisiniz! Gəlin sizi Tuğla tanış edim.

Mən dayandığım yerdə Prezidentimə üz tutaraq kövrək bir nisgillə dedim:

–Cənab Prezident, bu mənim doğulduğum evdir, qarşıdakı isə mənim oxuduğum məktəb.

Son dərəcə həssas və səmimi insan olan Prezidentim özünəməxsus şəkildə dilləndi:

–Bəli, hər şeyi görürəm, keçən səfərimdə də baxdım. Tuğ əsl cənnətdir. Biz bu kəndi tamam fərqli layihə ilə bərpa edəcəyik. Tuğun özəlliklərini qoruyub saxlayacağıq. Bura yalnız istirahət zonası olacaq. Bu kəndin gözəlliklərindən, mineral bulaqlarından hamı istifadə edəcəkdir. Burda insanlar əvvəlki kimi kənd təsərrüfatı ilə məşğul olacaq.

Tuğ kəndində olduğumuz həmin gün mən təkcə evimə, kəndimə qayıtma­dım. Həmin gün həm də kəndimi xilas edib məni doğma ocağıma gətirmiş öz Prezidentimi yenidən tanıdım. Bütünlüklə əmin oldum ki, o, şəxsən mənim prezidentimdir, Qarabağın prezidentidir, bütün azərbaycanlıların prezidentidir!

Bu səfər zamanı cənab İlham Əliyevlə etdiyim söhbət, onun tuğlu­lara və bütövlükdə, kəndimin tarixinə, dünəninə böyük marağı məni əməlli-başlı duyğulandırdı. Əmin oldum ki, bu ölkənin uzaqgörən, fateh, dünya liderləri ilə bir cərgədə dayanan Pre­zidenti həm də ölkəsinin tarixini gözəl bilən müdrik lideri var. Məncə, xalqımı­zın xoşbəxtliyinin də əsasında məhz bu iki məqam durur. Bax, kəndimə 30 ildən sonra etdiyim səfərin mənə verdiyi həyat dərsi də bu oldu.

Əbülfət MƏDƏTOĞLU,

şair-publisist, Əməkdar jurnalist

20 Oktyabr 2021 00:33 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə