Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizin iqtisadi imkanları getdikcə daha da güclənir

Bu gün dünyada demokratik, hərtərəfli inkişaf etmiş dövlət kimi özünə layiqli yer tutan Azərbaycanda əhalinin sosial müdafiəsinin təmin edilməsi müstəqil dövlətimizin qarşısın­da duran strateji vəzifələrdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi, sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir və mühüm uğurlar əldə olunur.

Dövlət başçımızın bir neçə gün əvvəl imzaladığı “Əhalinin sosial rifahının qo­runması sahəsində əlavə tədbirlər haq­qında” sərəncamı ölkə vətəndaşlarının həyat tərzinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasətin mühüm prioritetlərindən biridir. Dünyanı koronavirus pandemiyası və maliyyə böhranının bürüməsinə baxmaya­raq, ölkəmizdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması dövlət başçımızın diqqət mərkəzində saxladığı zəruri məsələlərdən olmuş­dur. Bu istiqamətdə mütəmadi olaraq ardıcıl addımlar atılmışdır. Bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilmiş, müavinət və təqaüdlərin məbləği artırılmışdır. Son 3 il ərzində orta aylıq nominal əməkhaqqının məbləğində 39 faiz, əmək pensiya­larının orta məbləğində 60 faiz artım qeydə alınmışdır. Bununla yanaşı, sosial müavinətlərin orta məbləği də 2 dəfə artırılmışdır.

Möhtərəm Prezidentimizin 25 fevral 2019-cu il tarixli “Əhalinin so­sial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində, demək olar ki, inqilabi dəyişiklik oldu. Çünki bu sərəncam bütün təbəqədən olan insan­ların həyat tərzinin yaxşılaşdırılmasını özündə ehtiva edirdi.

Son 18 ildə Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili da­yanır. Həyata keçirilən bütün tədbirlər, reallaşdırılan innovativ islahatlar insan­ların sosial rifahının, güzəranının daha da yaxşılaşdırılmasına, müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənib. Son illər möhtərəm Prezidentimiz tərəfindən imzalanan fərman və sərəncamlara diqqət yetirsək, onların əksəriyyətinin sosial xarakterli olduğunu görərik. Şəhid ailələrinə diqqət və qayğı isə dövlət başçımızın xüsusi nəzarətindədir.

Dövlətimiz Azərbaycanın ərazi bü­tövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Qürurverici haldır ki, dövlət hər bir qazi və şəhid ailəsinin yanındadır. Müharibə dövründə sağlamlığını itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmiş­dir. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi kömək göstərilməkdədir.

İndiyədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sum­qayıtda, Abşeron rayonunda bu ilin sonunadək yenə də mənzillər veriləcəkdir. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilmişdir. Dünyanın heç bir ölkəsində aztəminatlı ailələrə bu səviyyədə qayğı göstərilmir. Dövlət başçımızın 18 il prezidentlik fəaliyyəti dövründə xalqımız bunun şahididir.

Həyata keçirilən tədbirlər bir daha təsdiqləyir ki, insana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir.

Nəzərə alsaq ki, koronavirus pandemiyası hələ də tüğyan edir və ölkəmiz müharibədən yenicə ayrılıb, yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər bir an olsa, unudulmayıb. İqtisadiyyatın sürətli inkişafı yoxsulluğun səviyyəsinin azaldılması üçün geniş imkanlar açıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi kəskin şəkildə azalıb. Ölkəmizdə yoxsul­luğun səviyyəsinin bir neçə dəfə aşağı düşməsi onu göstərir ki, sosial siyasət çox düzgün aparılır və iqtisadi imkanlar çətin vəziyyətdə yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Ölkəmizin iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla, qarşıdakı illərdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək.

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

20 Oktyabr 2021 00:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə