Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhalinin sosial rifahının qorunması istiqamətində əlavə tədbirlər xüsusi diqqət mərkəzindədir

Oktyabrın 16-da Tarif (qiymət) Şurasının növbəti iclasında təbii qazın və elektrik enerjisinin tariflərinə baxıldı və müvafiq qərarlar qəbul edildi. Şura dünya baza­rında təbii qazın bahalaşması, ölkəmizin enerji dayanıqlılığı məqsədilə bu sahəyə investisiya qoyuluşunun təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması, eləcə də istehlak olunan təbii qazın istehsal və təchizat xərclərinin ödənilməsi kimi məsələləri müzakirə edərək tarif artımı variantlarını dəyərləndirdi. Qazın və elektrik enerjisinin qiymətləri cüzi də olsa, artırıldı. İndiyə qədər abonentlər əhali üzrə istehlak etdiyi təbii qazın hər 1200 kubmetrinə görə 10 qəpik ödəyirdisə, noyabrın 1-dən etibarən 12 qəpik ödəyəcək. Təbii qaz qiymətinin artımı elektrik enerjisi üçün topdan və pərakəndə tariflərin tənzimlənməsi zərurətini yaratdı. Əvvəlki tarif əhali üçün güzəştli idi, yəni 300 kilovat-saata qədər 7 qəpik, 300 kilovat-saatdan yuxarı isə 11 qəpik təşkil edirdi. Differensial tarif sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini hazırda da qoruyub saxlayıb.

Orta statistik ailə tərkibinin sa­yının 4 nəfər olduğu nəzərə alına­raq, güzəştli tariflər aylıq istehlakın 200 kilovat-saatına tətbiq ediləcək. Yəni 200 kilovat-saata qədər 7 qəpikdən 8 qəpiyə, 200 kilovat-saatla 300 kilovat-saat arasında istifadə edən abonentlərin tarif qiyməti 9 qəpiyə, 300 kilovat-saat­dan çox istifadə edən abonentlərin isə tarif qiyməti 1 kilovat-saat üçün 13 qəpiyə müəyyənləşib. Dövlət başçısı üçün əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, həssas qruplara qayğı və diqqət prioritet məsələdir. Məhz bunları nəzərə alaraq Prezident İlham Əliyev “Əhalinin sosial rifahı­nın qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzaladı və Nazirlər Kabinetinə gələn ilin büdcəsindən əhalinin əməkhaqlarının, pensiyalarının ar­tırılması ilə bağlı tapşırıqlar verdi.

Sərəncama əsasən, əmək müqaviləsi ilə çalışanların bö­yük qisminin, həmçinin mini­mum əməkhaqqı alanların da məvacibləri yüksəldiləcək. Bu islahat 1 milyonadək işçini əhatə edəcək. Sənədlə pensiya və sosial müavinət artımı tədbiri isə 450 min şəxsə müvafiq sosial ödənişin artırılmasına imkan verəcək. Qərar qəbul edilərkən gələcəyimiz olan gənclər – tələbələr də yaddan çıxmayıb. Təqaüd ar­tımı istiqaməti tələbələrin rifa­hına dəstək məqsədi daşıyır. Sərəncama əsasən, təqribən 130 minədək tələbənin təqaüdündə artım olacaq. Sənədin icrası ilə sosial ödəniş artımı, həmçinin aztəminatlı əhali kateqoriyasına aid ailələri də əhatə edəcək.

Qeyd etməliyik ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdı­rılması naminə qəbul edilən qərarlar, imzalanan sərəncamlar daimi olub. Dövlət başçımız üçün əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritetdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bu sahədə apardığı işlərə nəzər salsaq, bu fəaliyyətin əhatəliliyini aydın görə bilərik. Deyə bilərik ki, 2021-ci ilin 9 ayında ƏƏSMN-nin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 milyard 469 milyon manat vəsait ödənilib. Bu da ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,9 faiz və ya 166,4 milyon manat çoxdur. Qeyd olunan sosial təminat növləri üzrə ödənişlər 2,4 milyon nəfəri əhatə edib.

Vətəndaş müraciətlərinə diqqət də artırılıb. Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yan­var-sentyabr aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı 851 min 914 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Xidmətin gördüyü tədbirlər nəticəsində işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin edilib. Ödənilən vəsaitin 837 min 636 manatı əməkhaqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiya­lardan ibarət olub.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Eksperti­za və Reabilitasiya Agentliyi Vətən müharibəsində yaralan­mış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini davam etdirir. Həmin qazilərdən artıq 2050 nəfərədək şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub. Əlillik təyinatından sonra onlara əlillik dərəcələrinə uyğun ola­raq birdəfəlik sığorta ödənişi və elektron sistem üzərindən proaktiv qaydada aylıq sosial ödənişlərin (Prezidentin aylıq təqaüdünün və əlilliyə görə müavinət, yaxud əlilliyə görə əmək pensiyasının) təyinatları həyata keçirilib. Agent­liyin həkim-ekspertlərindən ibarət işçi qrupu və Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiya­da təmsil olunan digər qurum­ların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk növbədə əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır.

Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr (xəsarət və ya xəstəliklərin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə) təqdim olunur və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir. Yekun mərhələ kimi əlilliyin qiymətləndirilməsi aparılır.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin 9 ayında 7128 nəfər əlilliyi olan şəxsi (o cümlədən 944 müharibə əlilini) protez – ortopedik bərpa xidmətləri ilə təmin edib. On­lara 1150 təkərli oturacaq, 846 mühərrikli təkərli oturacaq, 1625 aşağı və yuxarı ətraf, habelə süd vəzi protezi, 1302 eşitmə aparatı, 128 bel və boyun nahiyəsi üçün korset, 1497 protez ayaqqabı, 4882 ortopedik ayaqqabı, 760 dördayaqlı dayaq vasitəsi veri­lib. Əlilliyi olan şəxslər həmçinin 1842 qoltuqaltı və dirsəkaltı ağac, 1830 ədəd əsa və digər reabilitasiya vasitələri verilib. Ümumilikdə, bu ilin yanvar – sentyabr aylarında əlilliyi olan şəxslərə 35,6 min reabilitasiya vasitəsi təqdim edilib. Bu sahədə əsas fəaliyyət istiqamətlərindən biri Vətən müharibəsində ağır yaralanmış qazilərin yüksək tex­nologiyalı protezlərlə təminatıdır. Ümumilikdə, postmüharibə dövründə 149 qazinin yüksək texnologiyalı, son nəsil protezlərlə təminatı həyata keçirilib.

Ötən müddətdə Vətən müharibəsində canlarını torpaq­larımızın işğaldan azad edilməsi uğrunda qurban verən şəhidlərin ailələri də unudulmayıb. Nazirli­yin tabeliyindəki Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən Vətən müharibəsi şəhidi Emil Rafiq oğlu Şamilovun ailəsi ziyarət edilib. Xatırladaq ki, nazirlik ailəni bu günlərdə Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində 3 otaqlı mənzillə təmin edib. Yeni mənzildə keçirilən görüşdə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən, qəhrəman Vətən övladlarının, həmçinin E.Şamilovun göstərdiyi şücaətlərdən danışılıb. Qeyd edilib ki, karate idman növü üzrə dəfələrlə respublika və beynəlxalq səviyyəli turnirlərin qalibi olan E.Şamilov Vətən müharibəsində Cəbrayıl, Füzuli, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi təyinatlı kimi iştirak edib və döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb. Dövlət başçısının sərəncamları ilə E.Şamilov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur dö­yüşçü” medalları ilə təltif olunub. Görüşdə şəhid ailəsinin sosial vəziyyəti ilə maraqlanan SXA-nın sədri V.Behbudov ailənin yaşa­yışının bundan sonra da daim diqqətdə saxlanacağını vurğula­yıb. Şəhid ailəsinə digər sahələrdə də dəstək göstərilməsi üçün qeydiyyat aparılıb.

Şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlərin “bir pəncərə”dən, operativ və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsi məqsədilə yaradılan vahid əlaqələndirmə mərkəzlərinə müraciətlər da­vam edir. Bugünədək Bakıdakı DOST mərkəzlərindəki vahid əlaqələndirmə mərkəzlərinə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 1716 şəxs (o cümlədən “142 – Çağrı mərkəzi” vasitəsilə 187 şəxs) müraciət edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 420, Müdafiə Nazirliyi üzrə 679, Səhiyyə Nazirliyi üzrə 43, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 81, Yerli icra hakimiyyəti orqanları üzrə 122, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 37, Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 147 müraciət edilib.

ƏƏSMN şəhid ailələri və qazilər üçün özünüməşğulluq proqramı üzrə yaradılan kiçik təsərrüfatlarla KİV nümayəndələrinin əyani tanışlığı üçün Samux və Tərtər rayonlarına mediatur təşkil edib. Jurnalistlər Samux rayonunda şəhid ailələri və müharibə əlillərinə təqdim edilən yeni çoxmənzilli yaşayış kompleksində, həmçinin burada Samux və Şəmkir rayonları­nın müvafiq kateqoriyalardan olan sakinlərinə təqdim edilən mənzillərdə yaradılmış şəraitlə tanış olublar. Onların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısının növbəti təzahürü kimi onların mənzil və fərdi evlə təminatı proqramı dəfələrlə genişlənib. Təkcə 2021-ci ildə şəhid ailələri və müharibə əlillərinə 2018-ci ilə nisbətən 5 dəfə çox olmaqla, 3 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Onlardan artıq 1700 mənzil təqdim edilib. Ümumən ötən dövrdə isə şəhid ailələri və müharibə əlillərinə 11 minə yaxın mənzil və fərdi ev verilib.

Tərtər rayonunda yaradılmış kiçik təsərrüfatlarla tanış olan jurnalistlərə 44 günlük Vətən müharibəsində sonra şəhid ailələri üzvlərinin, qazilərimizin sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, artıq 31 min şəxsi əhatə edən bu tədbirlərin bir istiqaməti də onların məşğulluq məsələlərinin həllidir. Postmüharibə dövründə həmin kateqoriyalara aid 5320 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb, 2019 şəxs isə münasib işlərlə təmin edilib.

Rayonda bu sahədə mühüm işlər aparılır. Media nümayəndələri şəhid Yasən Mehdiyevin atası Alim Mehdiyev üçün yaradıl­mış təsərrüfatla tanış olublar. A.Mehdiyev postmüharibə dövründə növbədənkənar özünüməşğulluq proqramına cəlb olunub. Proqramın dəstəyi ilə bərbər fəaliyyəti üzrə avadanlıqlar­la təmin edilərək öz kiçik biznesini qurub. Şəhid Xəyal Aslanovun anası Nəzakət Aslanova isə proq­ram vasitəsilə iribuynuzlu heyvan­darlıq sahəsi üzrə öz təsərrüfatını yaradıb. Vətən müharibəsi qazisi Ceyhun Quliyevə öz istəyi əsasında avtotəmizləmə sahəsi üzrə avadanlıqlar təqdim edilib.

Onu da qeyd edək ki, şəhid ailəsi üzvləri və müharibədə ya­ralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 558 işəgötürən qoşulub və 3057 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə artıq 906 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Proqram iştirakçıları şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya, onlara öz kiçik bizneslərini yaratmala­rı üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar öz ailə təsərüfatlarını gələcəkdə genişləndirmək əzmində olduqla­rını vurğulayıblar. Qeyd edək ki, Tərtər rayonu üzrə bu il həssas əhali qruplarına aid 265 şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Görülən işlər ürəkaçandır, hər fəaliyyət insanla­rın sosial müdafiəsinin möhkəmləndirilməsinə istiqamətlənib. Bir tərəfdən Qarabağda böyük abadlıq işləri aparılır, köçkünlərin doğma yurd-yuvalarına qayıtmaları üçün əhatəli və sürətli fəaliyyətə start verilib, digər tərəfdən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, rifahının yaxşı­laşdırılması diqqətdə saxlanır. Prezidentin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haq­qında” sərəncam dediklərimizin təsdiqidir.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

20 Oktyabr 2021 00:52 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
4 Dekabr 2021 | 23:54
Murovdağda ölməzlik zirvəsi

Köhnə versiyamızdan xəbərləri izlə