Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeniyetmələrin buster doza almaları tövsiyə olunur

Son həftələrdə xeyli gənc insanın koronavirusa yoluxaraq ağırlaşıb reanimasiyalara düşməsi, hətta ölməsi barədə xəbərlər cəmiyyətdə ciddi narahatlıq doğurur. Qeyd etməliyik ki, bu hal təkcə Azərbaycanda yox, bütün dünyada müşahidə edilir. Koronavirus gəncləşib. Mütəxəssislər bildirirlər ki, 12 yaşdan yuxarı yeniyetmə və gənclərin vaksinasiyaya cəlb edilməsinin səbəbi də məhz pandemiyanın yayıldığı ölkələrdə gənclərin həyatını itirməsidir.

Bu narahatlıq yaradan gedişat Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) məcbur etdi ki, vaksinasi­ya yaşını azaltsın. Ona görə də artıq 12 yaşdan yuxarı insanların peyvəndlənməsinə başlanıb. Qeyd etməliyik ki, elə üçüncü dozanı zəruri edən səbəblərdən biri də budur. Təkrar vaksinasiya indiki, “Delta” ştammının meydanda olduğu vaxtda çox vacibdir. Səhiyyə Nazirliyinin mütəxəssisləri bildiriblər ki, havaların kəskin dəyişməsi geyim seçimində də çətinlik yaradır. İnsanların isti geyinərək tərləyib sonra soyuqlaması, onlarda immunitetin azalmasına, bu da virusa tez yoluxmalarına şərait ya­radır. Həmçinin hava şəraitinə görə, insanların açıq məkanlardan daha çox qapalı məkanlarda oturmasıdır ki, bu da yoluxma riskini bir qədər də artırır. Bu səbəbdən də risk qrupuna daxil olan şəxslərə, xüsusilə də tibb işçilərinin hamısına və 50 yaşdan yuxarı şəxslərə gücləndirici üçüncü – buster doza vurdurmaq məsləhət görülür.

Hər kəs bilir ki, vaksinin ikinci do­zasından bir müddət keçdikdən sonra orqanizmdə zəiflik (anticisimlərin azalması) müşahidə edilir. Buna görə üçüncü dozanın könüllülük prinsipi ilə həyata keçirilməsi tövsiyə edilir. Çünki qarşıdan dəyişkən hava şəraiti gəlir və insanların qapalı məkanlarda daha çox toplaşacaqlarını nəzərə alaraq, demək olar ki, yoluxmaların artacağı gözlənilir.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində vaksinasiya faizi artsa da, yoluxma dalğaları hələ də səngimir. Yoluxanlar arasında 2 doza vaksin olunanlar var və mütəxəssislərin fikrincə, bundan sonra yoluxanların çoxu peyvənd vurduranlar olacaq. Bu, belə də olmalıdır. Axı keçən ilə nisbətən bu il insanların yarıdan çoxu vaksin olunub. Virus vaksin olunmuş insandan uzaq durmur ki. Ona görə bundan sonra peyvənd olunanlar ara­sında yoluxma adi hala çevriləcək.

Birləşmiş Krallığın alimləri 2 elmi tədqiqatla peyvənd olunanların virusa yoluxma səbəblərini açıqlayıblar. Onlar sübut ediblər ki, vaksin olunan­larla olunmayanların burnunda virus miqdarı və yükü heç də fərqlənmir, hər iki kateqoriya bir-birini yoluxdura bilər. Koronavirus əleyhinə vaksindən sonra yaranan immunitet–antitel göstəricisi 4-6 ay ərzində zəifləyib itir. Eyni zamanda, “Delta” ştammı dövr etməkdədir, o, vaksin baryerini aşır, antiteli zəifləmiş immunitet asanlıqla virusu keçirir.

İsrail alimləri sübut ediblər ki, ölkələrində “Delta” ştammının yayıl­masının və yoluxmanın artmasının səbəbi də 2020-ci ildə vaksinasiya­ya başlanmasından 6 ay keçdiyinə görə, 2021-ci ildə peyvənd olunan­ların immunitetinin zəifləməsi oldu. “Delta” dalğasında xəstəxanaya yerləşdirilənlərin 88 faizi yaşı 60-dan yuxarı olanlar idi. Peyvənd gəncləri və orta yaşlıları ağırlaşma­dan qorudu. Bu problem pandemiya müddətində bütün ölkələrdə olacaq. İmmuniteti zəifləmiş insanlar koro­navirusun real qurbanıdır və hələ ki, xəstəxanalar tam boşalmayacaq. İsrailli mütəxəssislər bu yoluxma dal­ğasında ağırlaşan və ölən xəstələrin 80 faizinin vaksin olunmayan insan­lar olduğunu bildiriblər. İmmunitetin zəifləməsi əlavə dozaların vurulma­sını zəruri edir, növbəti 2-3 ildə nə qədər ki, virus aramızdadır, təkrar peyvəndlənmə də qüvvədə ola­caq. Yaşı çox olanlar və immuniteti zəifləyənlər 3-6 ay ərzində təkrar doza almalıdırlar.

Son günlər koronavirusa yoluxma hallarında rəqəmlərdə müəyyən dal­ğalanma, yüksəliş olması gözlənilən idi. Təhsil ocaqlarının fəaliyyətə başlaması və digər yumşalma tədbirlərinin tətbiqindən sonra artımın olacağı məlum idi. Lakin vaksinasi­yanın aparılması sanitar-epidemio­loji vəziyyəti nəzarətdə saxlamağa kömək edir. Klinik Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib ki, payız-qış mövsümü respirator infek­siyaların aktivləşdiyi dövrlər olsa da, ötən il COVID–19 əleyhinə qorunma tədbirlərinin tətbiqi nəticəsində qrip və qripəbənzər viruslarla xəstələnmə halları dəfələrlə azaldı. İndiki dövrdə də həm peyvəndləmə prosesində aktiv iştirak, həm də fərdi qoruyu­cu vasitələrdən düzgün istifadə qış mövsümü gəlsə, havalar soyusa, vətəndaşlar qapalı məkanlarda yığış­salar da yoluxmada nəzərəçarpacaq artıma səbəb olmayacaq və vəziyyəti nəzarətdə saxlamağa kömək edəcək.

Qeyd edək ki, hazırda ölkəmizdə COVID–19 əleyhinə birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyona yaxınlaşır. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyonu, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyonu ötüb. Hazırda ölkəmizdə revaksinasiya prosesi də aparılır. Son elmi-tədqiqatların nəticələrini və COVID–19 virusunun mutasiyaya uğramasını nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dən yuxarı olan əhalini üçüncü – buster doza ilə peyvəndlənməyə çağırır. Bunun üçün indiyədək tətbiq olunan bütün vaksinlər istifadə oluna bilər.

COVID–19 infeksiyası əleyhinə peyvəndləmə prosesinin aparılması vacib profilaktik prosesdir. Peyvənd nəticəsində orqanizmdə formalaş­mış immunitet infeksiyaya yoluxma ehtimalını azaldır və ya xəstələndikdə infeksiyanın yüngül keçməsini təmin edir. Kütləvi vaksinasiya pande­miyanın aradan qalxması üçün yeganə çıxış yoludur. Buster doza ilə peyvəndləmə isə immuniteti daha da gücləndirir. Çünki vaksinasiyanın iki mərhələsində iştirak edən vətəndaşın bir müddət sonra immuniteti zəifləyə bilər. Belə olan halda, həmin şəxsin üçüncü dəfə qüvvətləndirici doza alması məsləhətdir.

Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının mütəxəssis həkimi Rəna Həmzəyeva deyib ki, koronavirusa qarşı orqanizmdə yaranan anticisimlərin azalması digər xəstəliklərlə müqayisədə daha sürətlə baş verir: “Bu, üçüncü doza vaksinasiyanın vacibliyini şərtləndirir. Buster doza orqanizmdə olan anticisimlərin daha uzun müddət qalmasını təmin edir. Bu doza daha çox risk qrupuna daxil olan vətəndaşlara tövsiyə edilir. Yaşı 50-dən çox olanlar, yanaşı xəstəliklərdən əziyyət çəkənlər və gün ərzində kütlə içində müxtəlif qruplardan olan vətəndaşlarla daha çox ünsiyyətdə olanlar risk qrupuna aiddirlər. Misal üçün, tibb və nəqliyyat işçiləri gün ərzində fərqli kateqoriyalardan olan vətəndaşlarla ünsiyyətdə olurlar. On­ların koronavirusa yoluxma ehtimalı daha yüksək olduğuna görə buster doza ilə mütləq peyvəndlənməlidirlər. Lakin bir sıra iş yerlərində işçilər hər gün eyni insanlarla ünsiyyətdə olurlar. Belə vətəndaşlar üçün bir o qədər təhlükə yoxdur, yəni, iki doza peyvənd də kifayətdir. İstənilən halda, vaksinasiyadan keçənlər də qızıl qay­dalara əməl edərək, sosial məsafəni saxlamalı və tibbi maskadan istifadə etməlidirlər”.

Mütəxəssisin sözlərinə görə, “Delta” ştammına yoluxan uşaqlar və yeniyetmələr arasında da ağırlaşma halları müşahidə edilir. Həm də ötən dövrlə müqayisədə belələrinin sayı daha çoxdur. Ona görə də, yanaşı xəstəliyi olan yeniyetmələrin də hər iki valideynin razılığı ilə buster doza almaları tövsiyə olunur.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

20 Oktyabr 2021 00:22 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə