Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda bərpa və yenidənqurma işləri regiona yeni nəfəs gətirəcək

2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra qarşıda duran əsas məsələ Qarabağın yenidən qurulması və bərpası idi. Çünki 30 il ərzində Ermənistanın işğalı altında qalmış regionda bütün sosial, iqtisadi və ictimai infrastruktur tamamilə məhv edilmişdi. Həmin ərazidə bir vaxtlar mövcud olan sənaye obyektləri darmadağın edilmiş, nəqliyyat-kommunikasiya xətləri yararsız vəziyyətə salınmışdır. Bu illər ərzində erməni istilaçıları tərəfindən Azərbaycanın əzəli torpaqlarında qədim tarixi abidələri ilə məşhur olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocalı tamamilə yerlə-yeksan edilmiş, digər şəhərlər və qəsəbələr viran qoyulmuşdur. Bununla yanaşı, həmin ərazilərdə altmış min hektara yaxın meşə ərazisi məhv edilmiş və Azərbaycana qarşı ekosid həyata keçirilmişdir.

Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal siyasətinin tərkib hissəsi kimi, ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi vandalizm siyasəti yürüdüb. Rəsmi məlumata görə, işğal altındakı Azərbaycan torpaqların­dakı tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağı­dılaraq yararsız hala salınıb. Məhz bu səviyyədə və həcmdə dağıntıların olması Azərbaycan hökuməti tərəfindən Qara­bağın yenidən dirçəldilməsi prioritet kimi müəyyən edildi. Ən yükəsək səviyyədə yenidənqurma və bərpa işlərinin aparıl­ması dəstəkləndi.

Prezident İlham Əliyevin dediyi kimi, biz işğaldan azad olunmuş ərazilərə “Böyük qayıdış” astanasındayıq. Bu şərəfli missiya dövlət başçımızın 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqti­sadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb və bu məsələnin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişa­fına dair beş milli prioritetdən biri kimi müəyyən edilməsi Azərbaycan dövlətinin bu işə nə dərəcədə böyük önəm verdi­yinin bariz nümunəsidir. Dövlət baş­çımızın 2020-ci ilin yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə dediyi kimi, “bizim planla­rımız böyükdür. Müharibə başa çatıb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə duru­ram. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir. Keçmiş köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıtma­ğı arzulayıram. Hər halda, Azərbaycan dövləti əlindən gələni edəcək ki, bu gün daha da yaxınlaşsın. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir”.

Həqiqətən də 2021-ci ildə qısa müddət ərzində Qarabağda yeni infrast­ruktur layihələrinin yaradılmasının və icra olunmasının şahidi olduq. Artıq azad olunmuş torpaqlarda bərpa işlərinə baş­lanılıb. Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait də ayrılıb. Bununla yanaşı, möhtərəm Prezidentimizin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edil­miş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artma­sının dəstəklənməsi məqsədilə Qara­bağ Dirçəliş Fondu yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqti­sadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. Ümumilikdə isə Qarabağda aparılan yenidənqurma və bərpa işlərini məzmunca aşağıdakı qruplara bölmək olar:

– şəhərlərin yenidən qurulması;

– enerji təminatı;

– nəqliyyat infrastrukturunun yaradılması;

– dini abidələrin bərpa olunması.

Azərbaycanda, ilk dəfə olaraq, “ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası tətbiq olunur. “Ağıllı kənd” layihəsi ilkin olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində artıq uğurla icra olunur. Qeyd etmək lazımdır ki, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası özündə Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırıl­ması, onların göstərilməsində informa­siya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafını ehtiva edir.

Qarabağda yenidənqurma və bərpa işləri sırasında ən mühüm yeri ərazilərin elektrik enerjisi ilə təmin olunması, bərpa olunan və yeni enerji mənbələrinin yaradılması tutur. Bu sahədə artıq Azərbaycan beynəlxalq münasibətlər sistemində enerji təchizatı və enerji ixra­cı ilə bağlı təcrübəyə malikdir. Müstəqillik illərinin ilk vaxtlarından başalayaraq, Azərbaycan yerləşdiyi coğrafi məkanda enerji resurslarının yaradılması, karbo­hidrogen ehtiyatlarının ölkə xaricinə boru kəmərləri vasitəsilə nəql olunması işində bir çox beynəlxalq əhəmiyyətli layihələri uğurla icra etmişdir. Azərbaycanda son illər ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan və yeni ener­ji mənbələrindən də əsasən, su və günəş enerjisindən istifadə olunmasına başlanılmışdır. Qarabağda yeni enerji infrastrukturunun yaradılmasında da bu təcrübədən uğurla istifadə olunur. Öncə vurğulamaq lazımdır ki, bütövlükdə Qarabağ “Yaşıl enerji” zonası kimi elan edilmişdir.

Cari il mayın 3-də isə Prezident “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdır. Bununla əlaqədar müvafiq konsepsi­yanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energe­tika Nazirliyinə 1 milyon 391min ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılmışdır.

Qarabağda, eləcə də, külək enerji­si istehsal etmək də mümkün olacaq. Regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonla­rının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisi­nin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Qeyd olunan rəqəmlər qısa müddət ərzində bu sahələr üzrə müvafiq infrastrukturun yaradılmasını və alternativ enerjinin əldə edilməsini şərtləndirir. Qarabağda mövcud olan hidroenerji mənbələri əsasında ener­ji infrastrukturunun yaradılması da əsas istiqamətlərdəndir. İşğaldan öncə Qarabağda 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubad­lı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 meqavat/amper olan 20 yarımstansiya mövcud olub. Eyni zamanda, Qarabağ iqtisadi rayonu Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayon­lardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi, yəni ildə təqribən 2 milyard 560 milyon kubmetr su ehti­yatları bu ərazidə formalaşır. Regionun Tərtər, Bazarçay (Bərgüşadçay), Həkəri kimi əsas çayları və digər kiçik çayları böyük su enerji potensialına malikdir.

İşğal zamanı Qarabağda möv­cud olmuş avtomobil yolları tamamilə yarasız vəziyyətə düşmüşdür. Yeni nəqliyyat –kommunikasiya xətlərinin inşası və tarixən mövcud olmuş yolla­rın bərpası da yenidənqurma işlərinin tərkib hissəsidir. Bu istiqamətdə dəmir və avtomobil yolları vasitəsilə Naxçı­vanla Azərbaycanın qərb rayonlarının birləşdirilməsi və Zəngəzur dəhlizinin işə düşməsi əsas hədəflərdən biridir.

Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən Zəngəzur nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd hissəsinin layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır. Avtomobil yolunun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, bu yolun uzunluğu 123, 8 kilometr olacaqdır.

Nəqliyyat infrastrukturunun qurulması istiqamətində aparılan işlər sırasında Qarabağda hava nəqliyyatının təşkili və yeni hava limanlarının inşası olduq­ca vacib məqamlardan hesab edilir. Gələcəkdə insanların daha rahat və tez daşınması, eləcə də, strateji yüklərin vaxtında çatdırılması mqəsədilə bu re­gionda hava limanlarının tikintisi strateji əhəmiyyətə malikdir. İlkin olaraq, Füzuli rayonunda beynəlxalq hava limanının təməli qoyulmuş və qısa müddətdə tikinti işləri başa çatdırılmışdır.

Növbəti hava limanının təməli Laçın rayonunda qoyulmuşdur. Mürəkkəb dağlıq relyefə malik olan Laçın rayo­nunda belə bir strateji nəqliyyat inf­rastrukturunun yaradılması gələcəkdə bu istiqamətdə daşımaların daha da effektiv aparılmasına xidmət edəcəkdir. Zəngilanda isə hava limanının tikintisi nəqliyyat qovşağı baxımından olduqca vacibdir. Çünki Zəngilan Ermənistan, İran və Naxçıvanla sərhəddə yerləşir. Məhz burada istər dəmir yolu, istərsə də avtomobil yolları ilə daşımalarda tədarük və dəyişmə məntəqlərinin olacağı təqdirdə hava limanı vasitəsilə yüklərin ölkədən xaricə əsasən Türkiyə, Gürcüstan və Rusiyaya daşınması daha səmərəli olacaqdır. Beləliklə, Qarabağda enerji, nəqliyyat və şəhərsalma işləri va­hid konsepsiya əsasında həyata keçirilir.

Qarabağda tarixən Azərbaycan mədəniyyətinin inciləri sırasına da­xil olan mədəni abidələr və tarixi məkanlar mövcud olmuşdur. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində vaxtilə yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən ümumilikdə, 4,6 milyon kitabdan ibarət fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, mədəniyyət klubları və evləri, 85 musiqi və yaradıcılıq məktəbi mövcud olub. İşğal zamanı qeyd olunan abidələrin demək olar ki, hamısı məhv edilmişdir. Şuşadakı Bülbülün, Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın ev–muzeyləri, Molla Pənah Vaqifin məqbərəsi dağıdılmış, Xocavənddəki Azıx mağarası ermənilərin əyləncə yerinə çevrilmiş, ərazidəki bulaqlar, demək olar ki, qurumuşdur. Regionda azərbaycanlıların dini inanc məkanları olan məscidlər, ziyarətgahlar tamamilə dağıdılmış və ya digər məqsədlər üçün istifadə olunmuşdur.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki çıxışında da bu məsələyə toxunmuşdur.

Ümumilikdə, Qarabağın yenidən qurulması və bərpasında iqtisadi əsaslar da mühüm rol oynayır. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli fərmanı ilə Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi iqtisadi rayonlar üzrə bölgüyə yenidən baxılmasını şərtləndirir. Fərmanda qeyd edildiyi kimi, bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir. Onun üçün Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılıb. Yeni bölgüyə əsasən, iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırı­lıb. Çünki Azərbaycan iqtisadiyyatı üç dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektoral strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyala­rın, o cümlədən Zəngəzur dəhlizinin açıl­ması perspektivi yeni reallıqlar yaradıb.

Şərqi Zəngəzur həm aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik olan iqtisadi rayondur. Erməni işğa­lından azad edilən bölgələrimizin bərpa və yenidən qurulmasını nəzərə alsaq, nəticədə həmin ərazilərimizin, bütövlükdə, Qarabağın bərpa, yenidənqurma prosesinin daha sürətli şəkildə həyata keçirilməsi iqtisadi inkişafın formalaşmasına daha sistem­li və dövlət proqramları çərçivəsində yanaşmanın reallaşdırılmasına imkan verəcək. Artıq Qarabağda aparılan yenidənqurma işləri çərçivəsində Şərqi Zəngəzur iqtisadi rayonunda sənaye və iqtisadi cəhətdən yeni layihənin icrasına başlanılıb. Belə ki, cari il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İq­tisadi Zonası” Sənaye Parkının təməlini qoyub.

Azərbaycan dövləti bu ilin 10 ayı ərzində həm siyasi, həm iqtisadi, həm də beynəlxalq əməkdaşlıq sahəsində bir sıra uğurlar əldə etmişdir. Keçən ilin son rübünün 44 günündə əldə edilən qalibiyyət 2021-ci ildə Azərbaycanı dünya ölkələrinə daha yeni obrazda və simada təqdim etdi. Artıq Azərbaycan yerləşdiyi coğrafi məkanda həm söz, həm də güc sahibidir. Əldə edilmiş qələbə ölkəmiz qarşısında yeni imkanlar yaratmaqla yanaşı, yeni iqtisadi və siyası cəhətdən daha da qüvvətli Azərbaycanın qurulmasına xidmət etmiş oldu.

Amid ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı

20 Oktyabr 2021 00:19 - İQTİSADİYYAT
İQTİSADİYYAT
1 Dekabr 2021 | 10:48
Neft ucuzlaşıb
1 Dekabr 2021 | 10:39
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə