Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzuli dünyanın ən gözəl məkanlarından birinə çevriləcək

Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Ermənistanın 30 il ərzində işgal altında saxladığı kənd və şəhərlərimiz vəhşiliyin qurbanı olub, bütün yaşayış məntəqələrimiz xarabalığa çevrilib, təbii sərvətlərimiz talanıb, maddi-mədəni abidələrimiz dağıdılıb. Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında bu barədə ətraflı bəhs edərək bildirib: “Bu gün Füzulidə olarkən hər kəs erməni vəhşiliyinin təzahürlərini görür. Çünki Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Bir dənə salamat kənd yoxdur, bir dənə salamat bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Siz yaxşı xatırlayırsınız, Azərbaycan xalqı yaxşı xatırlayır, Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, biz oraya bayrağımızı sancaq. Bayrağımız hərbi hissənin həyətində dirəkdə qaldırılmışdı. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz…”.

Dövlətimizin başçısı ermənilərin işğal dövründə törətdikləri cinayətlərdən dünyanın xəbəri olmasın deyə, həmin ərazilərə heç kimi, hətta beynəlxalq təşkilatların nümayəndələrini də burax­madıqlarını qeyd edib. Ölkə rəhbəri, eyni zamanda, o vaxt Minsk qrupu nümayəndələrinin iki dəfə faktaraşdırı­cı missiya ilə bu bölgələrə gəldiklərini və onlar tərəfindən hazırlanan mü­vafiq məruzələrdə düşmənin burada böyük vandallıq törətdiyi ifadə olunsa da, barbarlığın, vəhşiliyin bu həddini bir kimsənin belə təsəvvürə gətirə bilməyəcəyini diqqətə çatdırıb: “Bu, erməni faşizminin eybəcər üzüdür, bütün dünya bunu görür və görməlidir. Artıq minlərlə insan, həm Füzuli sakinləri, eyni zamanda, xarici diplomatlar, siyasətçilər, jurnalistlər azad edilmiş torpaqlara gəlib erməni vəhşiliyini öz gözləri ilə görürlər”.

Azərbaycan Prezidenti Vətən müharibəsində tarixi qələbəmizdən sonra işğaldan azad edilən yaşayış sahələrində genişmiqyaslı bərpa-quruculuq layihələrinin yerinə yetirildiyini vurğulayaraq, tezliklə bütün torpaqlarda həyatın bərpa olunacağını, vətəndaşların öz doğma ocaqlarına qayıdacaqlarını diqqətə çatdırıb: “Bu bir il ərzində biz çox genişmiqyaslı quruculuq işləri ilə, eyni zamanda, şəhər və kəndlərimizin bərpası ilə də məşğul olmuşuq. Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sa­yına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Biz bütün bu işləri paralel şəkildə aparmalı­yıq. Eyni zamanda, Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası ha­zırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır”.

Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan rayonlara səfərləri göstərir ki, Azərbaycan dövləti düşməndən təmizlənən ərazilərin bərpası və yenidən qurulması ilə bağlı layihələrin reallaş­dırılmasını diqqət mərkəzində saxlayır. Ölkə rəhbəri tərəfindən hazırda erməni barbarlığının qurbanı olan yaşayış sahələrində mühüm strateji obyektlərin, müəssisələrin təməlinin qoyulması, tikinti işlərinin geniş vüsət alması, yüksək texnologiyaların tətbiqinə start verilməsi, Qarabağ bölgəsinin “yaşıl enerji” zo­nasına çevrilməsi istiqamətində önəmli tədbirlərin gerçəkləşdirilməsi də bunun parlaq nümunəsidir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 17-də Füzuli rayonuna səfərləri də bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin sürətlə həyata keçirildiyinin, Ermənistanın işğalı zamanı yerlə bir edilən şəhər və kəndlərimizin, dağı­dılan tarixi, mədəni və dini irsimizin bərpasının, avtomobil yollarının tikintisi­nin xüsusi diqqət mərkəzində saxlanıl­masının bariz ifadəsidir.

Dövlətimizin başçısı həmin gün Fü­zuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Qarabağda bərpa-quruculuq işlərinin gedişi barədə fikirlərini bildirərək, bu məsələyə prioritet istiqamət kimi yanaşıldığını vurğulayıb. Xatırladaq ki, ölkə rəhbəri rayona səfəri çərçivəsində bir neçə önəmli layihənin icrasına start verib. Dövlətimizin başçısı və Birinci vitse-prezident əvvəlcə Füzuli-Ağdam avtomobil yolunun təməlinin qoyulmasında iştirak ediblər.

Prezident İlham Əliyev tərəfindən təməli qoyulan magistralın inşası ölkə rəhbərinin bu ilin avqustunda imzaladı­ğı sərəncamla təsdiq olunan “İşğaldan azad edilmiş ərazilərin yenidən qurul­ması və bərpası layihəsi” çərçivəsində həyata keçiriləcək. Uzunluğu 64,8 kilometr, eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaq. Layihəyə uy­ğun olaraq yolboyu körpülər, avtobus dayanacaqları və digər yol infrastrukturu tikiləcək. Bərdə-Ağdam avtomobil yolu­nun davamı olan bu magistralın inşası Bərdədən Füzuliyədək insanların rahat gediş-gəlişini təmin edəcək.

Yeri gəlmişkən, hazırda Bərdə-Ağdam, Əhmədbəyli-Füzuli-Şuşa, Zəfər yolu və Füzuli-Hadrut yollarında aparılan işlər də sürətlə davam edir.

Prezident İlham Əliyev səfər çərçivəsində Füzuli rayonunun Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlini qoyub və burada onun layihəsi ilə tanış olub. Dövlətimizin başçısı­na və birinci xanıma layihə haqqında məlumat verilərək, yaşıl və alternativ enerjinin, “ağıllı idarəetmə” sisteminin tətbiq ediləcəyi “Ağıllı kənd” layihəsinə əsasən üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşasının nəzərdə tutulduğu bildirilib. Bu­rada, həmçinin məktəb və uşaq bağça­sının tikiləcəyi, kəndin mərkəzində mey­dan salınacağı, bazar yaradılacağı da vurğulanıb. Yaşayış məntəqəsi ətrafında isə “Ağıllı kənd təsərrüfatı” sahəsinin qurulacağı və beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün bütün zəruri işlərin həyata keçiriləcəyi diqqətə çatdırılıb.

Ölkə rəhbərinə kəndə yatırılacaq özəl investisiyalar və məşğulluq layihələri ilə bağlı da məlumat verilib. Bildirilib ki, yaşayış məntəqəsində xarici inves­tisiya əsasında alternativ enerji həlləri məqsədilə “Günəş paneli tarlası” salına­cağı da nəzərdə tutulub.

“Ağıllı kənd”də biznes layihələri də icra olunacaq. Burada kartofçuluq dəyər zənciri üzrə müəssisələr qurulacaq. Bu müəssisələrdə 40 daimi, 300-dək möv­sümi iş yeri yaradılacaq.

Kənddə Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına ixracyönümlü balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. Ərazidə quşçuluq təsərrüfatının da yaradılacağı, ilkin mərhələdə 85 daimi iş yerinin fəaliyyətə başlayacağı planlaşdırılıb.

Prezident İlham Əliyev və birin­ci xanım Mehriban Əliyeva səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə də tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma aeroportda görülən işlər barədə məlumat verilərək, bildirilib ki, bütün tikinti və ətraf ərazinin abadlaşdırılması tədbirləri artıq başa çatdırılıb. Hava li­manında görülən işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.

Hava limanında istənilən tip hava gəmisini qəbul etməyə imkan verən, uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Burada baqaj konveyerlərinin, qeydiyyat sisteminin, VIP zalların, mağazaların, restoranların və digər məntəqələrin işə salınması nəzərə alınmaqla, saatda ən azı 200 sərnişinin buraxılışına imkan verən terminalın tikintisi də başa çatdı­rılıb.

Vətən müharibəsindən ötən müddətdə bu istiqamətdə genişmiq­yaslı işlərin görülməsinə başlanılması Azərbaycanın güclü iqtisadi potensiala malik dövlət olmasının təsdiqidir. Təkcə Füzuli rayonunda qısa vaxt ərzində Beynəlxalq Hava Limanının sürətlə inşa­sı bu fikri deməyə əsas verir. Bu, həm də dövlətimizin başçısının indiyədək verdiyi hər bir vədi layiqincə yerinə yetirməsinin göstəricisidir. Prezident İlham Əliyevin cari il yanvarın 14-də adıçəkilən hava limanının təməli qoyularkən verdiyi vədi xatırlatsaq, sözümüzdə nə qədər haqlı olduğumuz aydın nəzərə çarpar: “Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şu­şa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər”.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma tədbirində də iştirak ediblər. Burada dövlətimizin başçısına və birinci xa­nıma infrastruktur haqqında məlumat verilərək, bildirilib ki, işğaldan azad edilən ərazilərdə yaradılan rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də ava­danlığın rəqəmsal formatda idarə olun­masını reallaşdıran nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə yarımstansiyalar­da optik rəqəmsal ölçmə transformator­larının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, va­hidliyini gerçəkləşdirir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istis­mar xərcləri azalır.

Qeyd edək ki, dövlətimizin başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamından sonra “Azərişıq” ASC tərəfindən paylayıcı şəbəkələrin yaşıl enerji zonası tələbləri üzərində qurulmasına start verilib və “ağıllı şəbəkələr” konsepsiyasının təməl elementlərindən biri olan rəqəmsal ya­rımstansiya layihəsi hazırlanıb.

Dövlətimizin başçısı və birinci xanım səfər zamanı Füzulidə yaradılacaq Mərkəzi Şəhər Parkında ağac əkib, şəhərdə salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.

Tədbirdə 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsinin mərhələli şəkildə tikilib istifadəyə veriləcəyi, ilk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcəyi, məhəllədə çoxfunksiyalı binaların inşa olunacağı nəzərdə tutulub.

Həyət tipli plan quruluşlarına ma­lik yaşayış məhəlləsinin inşasında ənənəviliklə müasirlik vəhdət təşkil edəcək. Bu kompleks şəhərin gələcək memarlıq simasının müəyyənləşməsinə təkan verəcək. Məhəllədə, həmçinin iş mərkəzləri, ticarət, ictimai iaşə, mədəniyyət və məişət-kommunal obyektləri yerləşəcək. Ərazi yaşıllıq sahələri ilə əhatə olunacaq, hovuzlar və fəvvarələr quraşdırılacaq, velosiped yolları salınacaq. Yaradılacaq şərait doğ­ma yurdlarına qayıdacaq rayon sakinləri üçün rahat şəhər mühitinin təşkilində mühüm rol oynayacaq.

Səfər zamanı Füzuli Memorial Komp­leksinin və Füzuli şəhərinin bərpasının təməl daşının qoyulması da mühüm tarixi hadisə kimi daim xatırlanacaq. Memorial Kompleks şəhərin mərkəzi hissəsində, 5 hektarlıq ərazidə İşğal mu­zeyi və Zəfər parkı ilə birlikdə salınacaq. Həmçinin yüksək bir məkanda Bayraq meydanı yaradılacaq.

Bütün bu işlərin belə sürətlə görülməsində dövlətimizin başçısının vurğuladığı kimi, əsas məqsəd keçmiş köçkünləri tezliklə öz doğma torpaq­larına qaytarmaqdır. Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı şəhərin təməl daşını qoyması da artıq bu günün tezliklə gələcəyindən xəbər verir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

20 Oktyabr 2021 00:34 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə