Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngəzur dəhlizi “Bir kəmər–Bir yol” layihəsinin önəmli həlqəsi olacaq

 

 

Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu ilin aprelində Türk Şurasının videoformatda keçirilən fövqəladə Zirvə görüşündə dövlətimizin başçısının türk dünyasının birliyinin, əməkdaşlığının gücləndirilməsinə, inteqrasiyasının dərinləşdirilməsinə yönəlmiş mülahizə və çağırışları türkdilli ölkələrin liderləri tərəfindən böyük rəğbətlə qarşılandı.

Türkdilli dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsini qarşıda duran ən mühüm vəzifə olaraq qeyd edən Azərbaycan Prezidenti bildirdi ki, türk dünyasını birləşdirən Türk Şurası daxilində həmrəyliyin, əməkdaşlığın, inteq­rasiyanın güclənməsi bu vəzifənin həyata keçirilməsində mühüm rol oynaya bilər. Ölkəmizin rəhbəri göstərdi ki, sovet dövründə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplan­mışdır, türk dünyası parçalanmışdır.

Prezident İlham Əliyevin dediyi kimi, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünya­sının birləşməsi yolunda atılan önəmli addımlar sırasındadır. Çünki Zəngəzurdan keçən nəqliyyat, kom­munikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq.

Azərbaycan rəhbəri həmin çıxışında onu da vurğuladı ki, Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur: “Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yox­dur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.

Azərbaycan Türk Şurasının güclənməsi, türkdilli ölkələr arasın­da birliyin möhkəmlənməsində ötən illərdə xüsusi rol oynayıb. Prezident İlham Əliyev bu istiqamətdə ar­dıcıl səylər göstərib, ticari-iqtisa­di, mədəni-humanitar əlaqələrin inkişafını, daha sıx münasibətlərin qurulmasını, mədəni dəyərlərin qorunmasını diqqət mərkəzində saxlayıb. Artıq Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad edilməsi də yeni real­lıqlar, əməkdaşlıq imkanları yaradıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısında Qa­zaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Na­zarbayev Azərbaycan Prezidentini qələbə münasibətilə təbrik edərək ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyənin önəmli rol oynamasını xüsusilə qeyd etdi: “Biz hamımız bu prosesləri həyəcanla izləyir və nəticələri gözləyirdik. Əlbəttə ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Rusiyanın dəstəyi ilə Bakı və Yerevan arasında imzalanmış sülh razılaşması böyük İpək yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə ölkələrimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərdə təşkilatın həmrəylik nümayiş etdir­diyini xüsusilə vurğulayaraq dedi ki, Qarabağdakı türk irsinin bərpası və qorunması üçün bütün imkan­larımızla Azərbaycanın yanında olmağa davam etməyimiz hamımız üçün əhəmiyyət daşıyır: “Qırx dörd gün davam edən, dastana bənzər mübarizədən sonra 30 illik işğal sona çatıb, Dağlıq Qarabağ Ana Vətənlə yenidən qovuşub. Ancaq deməliyəm ki, Qarabağ bölgəsindəki 67 məsciddən 63-ü dağıdılıb, həmçinin kilsələr də yerlə-yeksan edilib. Həmçinin bu gün 1918-ci ildə azərbaycanlı qardaşlarımızın məruz qaldıqları soyqırımın anıldığı gün­dür. Biz Xocalı qətliamını heç vaxt unuda bilmərik”.

Özbəkistan Prezidenti Şav­kat Mirziyoyev də Azərbaycanın qazandığı qələbə münasibətilə təbriklərini çatdıraraq bildirdi ki, Dağlıq Qarabağ artıq öz sahibinə qaytarılıb və tarixi ədalət bərpa olunub. Zirvə görüşündə Türk Şu­rasının Baş katibi Bağdad Amreyev də öz növbəsində Azərbaycanı parlaq qələbə münasibətilə təbrik edərək dedi: “Ötən il türk dünyası üçün, həqiqətən də, məhsuldar və hətta Zəfər ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyü­nün bərpa edilməsinə görə daha da güclənib. Dağlıq Qarabağdakı müharibə zamanı Türk Şurası bütün üzv dövlətləri və Zati-aliləriniz adın­dan Azərbaycanı bütün vasitələrlə dəstəkləyib”.

Zirvə görüşündə daha son­ra Qarabağ uğrunda vətən müharibəsində qələbənin yaratdığı gerçəklik olaraq, Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcəyi diqqət mərkəzində oldu. Azərbaycan Prezidenti İlham Əliyev həmkarlarına II Qarabağ müharibəsi haqqında və postmüharibə dövründə görüləcək işlər barədə geniş məlumatlar verdi. Ölkə başçısı toplqantıda Zəngəzur dəhlizi ilə bağlı tarixi mesaj ünvanladı.

Cənab İlham Əliyev bəyan etdi ki, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyası­nın birləşməsi rolunu oynayacaq: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkan­larıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”.

Zəngəzur dəhlizi iə bağ­lı Çin dövlətinin mövqeyi də diqqətiçəkəndir. Çinin dövlət başçısı Si Cinpin bu yaxınlarda Ermənistanın müstəqillik günü münasibəti ilə bu ölkənin Prezi­denti Armen Sərkisyana təbrik məktubunda “Bir kəmər – Bir yol” layihəsini belə xatırladıb: “Ermənistan və Çin qarşılıqlı maraq doğuran əsas məsələlərdə bir-birlərinə kömək edir, “Bir kəmər –Bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığı durmadan inkişaf etdirir”.

Xatırladaq ki, “Bir kəmər – Bir yol” Çində “Yeni İpək yolu” layihəsi adlandırılır. Bu, Asiya, Avropa və Afrikanı dəmir və şose yolları, eləcə də dəniz limanları vasitəsilə birləşdirən layihədir. “Bir kəmər – Bir yol” layihəsinin önəmli keçid həlqələrindən biri də Zəngəzurdur. Perspektivdə açılması planlaşdırı­lan Zəngəzur dəhlizi bu layihənin önəmli hissələrindən biridir.

Dünyamalı VƏLİYEV,

 iqtisad elmləri doktoru,

AMEA Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri

20 Oktyabr 2021 00:30 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə