Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Emoməli Rəhmon: Əfqanıstan böhranı MDB ölkələri üçün ciddi təhlükə yaradıb

 

Tacikistan Prezidenti Emoməli Rəhmon bəyan edib ki, Əfqanıstanda hazırda mövcud olan dərin hərbi-siyasi böhran MDB ölkələri üçün ciddi təhlükəyə çevrilib. Bunun qarşısını almaq üçün birlik ölkələri adekvat tədbirlər görməlidirlər. Bu barədə TASS agentliyi məlumat yayıb.

Tacikistan lideri bu fikri bu il oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı zamanı səsləndirib.

Emoməli Rəhmon vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası tərəfindən vaxtilə adı beynəlxalq terror təşkilatlarının siyahısına daxil edilmiş “Taliban” hərəkatının Əfqanıstanda hakimiyyətə gəlməsi Tacikistanın sərhədində yerləşən bu ölkədə vəziyyəti daha da ağır və mürəkkəb bir duruma salıb.

Tacikistan dövlətinin başçısı həmçinin bildirib ki, onun ölkəsi MDB-yə üzv dövlətlərin ərazisində gizli fəaliyyət göstərən bütün terror təşkilatlarının vahid siyahısının tərtib olunmasını təklif edib və bu təşəbbüsün dəstəklənəcəyinə ümid edir.

Xatırladaq ki, bir müddət əvvəl Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ölkədə müvəqqəti hökumətin yaradıldığını elan edib. Yeni hökumət bütün qonşu ölkələrlə normal münasibətlər quracağını vəd etsə də, Əfqanıstanın bir çox qonşuları, o cümlədən Tacikistan yaxın gələcəkdə yarana biləcək terror təhdidlərindən çox narahatdır.

Rəsmi Düşənbə hesab edir ki, hazırkı Taliban hökuməti ölkədəki bütün siyasi və hərbi rəqiblərini tamamilə sıxışdırıb aradan çıxarandan sonra, qonşu dövlətlərə qarşı pozucu fəaliyyətə başlayacaq. Bunu nəzərə alaraq, Tacikistan hökuməti təcili surətdə Əfqanıstanla sərhədlərini gücləndirməyə çalışır. Qeyd edək ki, Rusiya bu sahədə Tacikistana, eləcə də Özbəkistan və Qırğızıstana hərtərəfli yardım göstərəcəyini bildirib.

Yeri gəlmişkən, Əfqanıstanda son günlər terror aksiyalarının sayının kəskin artdığı müşahidə olunur. Ölkədə əhalinin böyük bir hissəsi kəskin ərzaq çatışmazlığı səbəbindən aclıq təhlükəsi ilə üzləşib. BMT Baş katibi Antonio Quterreş bugünlərdə dünya birliyini bir daha Əfqanıstana humanitar yardım göstərməyə çağırıb.

BMT-nin baş katibi, eyni zamanda, "Taliban”ın qadınların və uşaqların hüquqlarını qorumaq vədlərini yerinə yetirməməsindən dərin narahatlığını ifadə edib. Hələlik “Taliban” bu çağırışların fərqində deyil.

M.HACIXANLI, “Xalq qəzeti”

19 Oktyabr 2021 00:52 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Dekabr 2021 | 07:32
İqtisadiyyat artıb
3 Dekabr 2021 | 07:31
Qəhvənin qiyməti artıb
3 Dekabr 2021 | 07:31
Müdafiə gücləndirilir
3 Dekabr 2021 | 07:29
Alimlərin tədqiqatı

Köhnə versiyamızdan xəbərləri izlə