Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin Suriyada terrorizmə qarşı mübarizəsi davam edir

Yaxın vaxtlarda Türkiyənin Su­riyada terrorizmə qarşı mübarizəsi keyfiyyətcə yeni mərhələyə qalxa­caq. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriya və Əfqanıstanla bağlı mövqeyini jurnalistlərə şərh edərkən bildirib. Məlumatı “Anadolu” verib.

Ərdoğan bildirib ki, PKK-nın Suriya qanadı olan YPG terrorçularının Türkiyənin cənub sərhədləri yaxınlığındakı təxribatları Ankaranın səbrini tükədib: “Biz terrorçulara qarşı bütün addımları atacağıq”.

“Taliban” nümayəndələrinin Türkiyəyə səfərinə toxunan dövlət başçısı deyib ki, səfər zamanı taliblər Ankaradan Əfqanıstana humanitar yardım göstərməsini xahiş ediblər. Eyni zamanda, Əfqanıstanın gələcək inkişafı məsələsi də müzakirə edilib: “Bu mürciətə uyğun olaraq Türkiyə əfqan xalqına kömək edəcək”.

Prezident xatırladıb ki, Türkiyə hərbçiləri və mütəxəssisləri əvvəllər Kabil aeroportunu idarə ediblər. Əgər gələcəkdə razılıq olarsa, Türkiyə, Qətər və Əfqanıstan birgə analoji addımlar ata bilər.

Türkiyənin Milli Müdafiə Nazirliyi də Suriyadakı vəziyyət haqqında məlumat yayıb. Məlumata görə, son beş gün ərzində “Fərat qalxanı” əməliyyatı zonasında 13 terrorçu, “Sülh çeşməsi” əməliyyatı rayonunda isə 3 YPG döyüşçüsü öldürülüb. Terrorçular Suriyadakı türk hərbi qüvvələrinin nəzarətində olan rayonları atəşə tutarkən neytrallaşdırılıblar.

Nazirlik regionda terrorizmin yayılmasına qarşı aktiv mübarizədə qətiyyətli olduğunu qeyd edib. ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil edib.

Xatırladaq ki, PKK terrorçuları Türkiyədə vəziyyəti gərginləşdirmək və ölkəni parçalamaq üçün qanlı terror aktları törədirlər. Türkiyə Prezidenti Ərdoğan bildirib ki, PKK 1984-cü ildən 2020-ci ilə qədər təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşını və 6800 dinc sakini məhv edib. Təşkilat Suriyada PYD və YPG adları altında fəaliyyət göstərir.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

17 Oktyabr 2021 01:16 -

Köhnə versiyamızdan xəbərləri izlə