Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən sevdalı igid oğullarımız unudulmur

Azərbaycan Ordusu Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək Qarabağ torpaqlarını Ermənistanın işğalından azad etdi. Vətənpərvər oğullarımız gözlərini qırpmadan düşmənlə ölüm-dirim savaşına atılaraq Ermənistan ordusuna ağır zərbələr endirdilər. 44 günlük Vətən müharibəsi ərzində düşmənin silahlı qüvvələri, demək olar ki, tamamilə sıradan çıxarıldı.

Təəssüf ki, müharibə itkisiz ötüşmədi və Qarabağın azadlığı uğrunda savaşda fədakar oğulları­mız həyatlarını qurban verdilər. Belə igidlərimizdən biri də 6 mart 1993-cü ildə Bakıda anadan olmuş Həsənov Cavid Mikayıl oğlu idi. Cavid Qərbi Azərbaycanın Qafan rayonunda anadan olmuş, 1999-cu ildə Nizami rayonundakı V.Sadıqov adına 214 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 2006-cı ildən isə təhsilini “Fizika, Riyaziyyat və İnfor­matika Təmayüllü Liseydə” davam etdirmişdi.

2010-cu ildə o, yüksək balla Azərbaycan Dövlət Neft Akademi­yasına daxil olmuş, 2014-cü ildə ali təhsilini uğurla başa vuraraq həqiqi hərbi xidmətə getmişdi. 2015-cil ildə Gəncə şəhərində hərbi xidmətini başa vurduqdan sonra isə Cavid Xəzər Universitetində “İqtisadiyyat və menecment” ixtisası üzrə magistr pilləsinə qəbul olmuşdu.

Cavid 2011–2014-cü illərdə “Digital Service Company LLC”də müştəri xidmətləri təmsilçisi, 2016–2018-ci illərdə “SOCAR AQS LLC”də köməkçi işçi, 2018–2019-cu illərdə “EasyDrill LLC”də qazma mühəndisi kimi çalışmışdı.

Ancaq 2020-ci ilin sentyabrında Azərbaycan Ermənistanın növbəti təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlayanda Cavid də özünü cəbhənin ön sıra­larına atmağa tələsmişdi. Həmin vaxt “National Oilwell Varco LLC”də qazma həlləri üzrə mühəndis kimi çalışan Cavid Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon şöbəsi tərəfindən hərbi təlimlərə çağrıl­mış, sonra isə ön cəbhəyə ezam olunmuşdu.

Birinci Qarabağ müharibəsində Füzuli rayonu uğrunda gedən döyüşlərdə yaralanmış və əlil olmuş atası Həsənov Mikayıl Rizvan oğlunun döyüş və hünər yolunu cəsarətlə davam etdirən Cavid, təxminən, bir ay müxtəlif cəbhələrdə düşmənə qarşı böyük fədakarlıqla mübarizə aparmışdı. O, özünün döyüş yoldaşları ilə birgə erməni ordusuna sarsıdıcı zərbələr endirmiş, torpaqlarımı­zın qarış-qarış azad edilməsində yaxından iştirak etmişdi.

Xocavənd istiqamətində gedən döyüşlərdə şücaətlər göstərən Cavid 20 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuş, İkinci Fəxri Xiyabanda hərbi qaydalara uyğun dəfn edilmişdir.

Cavid Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamları ilə “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Azərbaycan Cavid kimi qəhrəman oğullarla fəxr edir. Belə igidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

17 Oktyabr 2021 01:13 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
4 Dekabr 2021 | 23:54
Murovdağda ölməzlik zirvəsi

Köhnə versiyamızdan xəbərləri izlə