Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Delta”dan daha güclü ştammın yaranması gözlənilmir

Son günlər koronavirusa yoluxma hallarında rəqəmlərdə müəyyən dalğalanma, yüksəliş olması gözlənilən idi. Təhsil ocaqlarının fəaliyyətə başlaması və digər yumşalma tədbirlərinin tətbiqindən sonra yoluxmada artım olsa da, hazırda vəziyyət nəzarət altındadır. COVID-19 əleyhinə vaksinasiyanın da aparılması sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa kömək edir. Mütəxəssislər hələ ki, “Delta”nı sıxışdırıb aradan çıxaracaq güclü mutasiya olmadığını bildirirlər. O, hələ də dominant ştammdır və nəticədə koronavirus mövsümü xəstəliyə çevrilir. Bu isə hər halda pis nəticədir. Çünki belə bir ştammın dünyaya qənim kəsilməsi bəşəriyyət üçün təhlükəlidir.

Tarix boyu baş verən pandemiyalarla bağlı tədqiqat aparan alimlər hələ dünyanın bu vaxta qədər “Delta” qədər yoluxucu və ölümcül ştamm görmədiyini deyirlər. ABŞ akademiki Yevgeni Kunin biotexnoloji forumda çıxışında bildirib ki, “Delta” çox dayanıqlıdır, özünün xüsusi adaptasiya landşaftına malikdir: “Çox güman ki, o, digər variantları meydana buraxmayacaq. Bütün bundan sonrakı variasiyalar populyasiyada yer tutmayacaq. Hazırda dünyada yoluxmanın 90 faizi “Delta”nın payına düşür. Təbii qanunauyğunluq budur ki, virus bu landşaftda nə qədər yüksəyə qalxıb, hər hansı orqanizmə adaptasiya olursa, bir o qədər patogenliyi azalır və getdikcə zəifləyir. Bu ştamm isə kifayət qədər güclüdür, orqanizmə asanlıqla öyrəşdi, çox insana yoluxdu, dünyanın 80 faizini əhatə etdi, bundan sonra onun dəyişməsi, daha da güclənməsi mümkün deyil”.

Y.Kunin, həmçinin deyib ki, pandemiya gec-tez bitəcək. Həyatda hər şeyin bir sonu var. Yeni ştammların yaranması üçün lazım olan vaxt bitdi. “Delta” 3 aydan çoxdur ki, meydandadır. Deməli, daha güclü mutasiyanın yaranması da gözlənilən deyil.

Lakin epidemioloq Eduard Şunkov qeyd edib ki, mövsümi qrip virusları ilə bəhsə girən koronavirus yenə mutasiya edə bilər, qrip və mövsümi infeksiyalar COVID-19-a rəqibdir. Hazırda insanlar arasında mövsümi qrip virusu ötənilkinə nisbətən özünü daha çox biruzə verir, bu da koroanvirusun dominantlığını azaldır. Koronavirus liderliyini qorumaq üçün qripi sıxışdırmaq yolunda daha güclü mutasiyaya uğraya bilər. Hələ ki, “Delta” qripdən üstündür. Ona görə də mütləq şəkildə vaksinasiyanı artırmaq lazımdır ki, insanlarda kütləvi immunitet yaransın, koronavirus mövsümi xəstəliyə çevrilsin.

Tədqiqatlar nəticəsində, həmçinin sübut olunub ki, hər 3 koronavirus xəstəsindən birində xəstəlikdən sonra tromboz yarana bilər. Eləcə də peyvənddən sonra yaşlı insanlarda bu risk daha çoxdur. Fleboloq – damar cərrahı Aleksandr Smirnov koronavirus keçirmiş şəxslərin bəzi simptomlara diqqət yetirməli olduğunun vacibliyini açıqlayıb. Bildirib ki, aşağı ətrafların, ayaqların şişməsi qan damarlarının tıxanması siqnalı ola bilər. Əgər görsəniz ki, əl-ayağınızın ölçüsü dəyişib, şişib, dərhal həkimə müraciət edin. Bu trombozun olduğunu göstərir.

Eləcə də, bədənin istənilən nahiyəsində dəri sahəsinin istiləşib qızarması və orda ağrının olması da siqnaldır. Yaxud əksinə, insan daim ayaqlarının soyumasından, donmasından şikayət edirsə, ayaqlarında, pəncədə ağarma, göyərmə yaranıbsa, bu da ciddi əlamətdir. Tənəffüsdə çətinlik, təngnəfəslik, nəfəsalmada təngimə ürəyin koronar damarlarının işemik problemini göstərir.

Ağciyərlərin tromboemboliyasında isə güclü öskürək və qanlı bəlğəm görünür. Bütün bu hallarda, əgər, xəstə koronavirusa yoluxubsa və ya peyvənd olunubsa, mütləq damar həkimi və kardioloqa müraciət etmək lazımdır.

Hindistanın Mumbay şəhərinin JJ xəstəxanasının baş cərrahı Aljay Bxandarvar koronavirusdan ölənlər üzərində anatomik təhlillər aparıblar. Qeyd etməliyik ki, bu tədqiqat pandemiya dövründə aparılmış ən böyük hadisədir. İlk dəfə meyitlərin yarılması ilə İtaliyada aparılan elmi-tədqiqat virusun qan damarlarını tıxadığı və tromb yaratdığını üzə çıxarmışdı. Meyitlərin patoloji müayinəsində iştirak edən cərrah virusun daxili orqanlarda yaratdığı fəsadları açıqlaylıb: “Biz 51 meyiti təhlil etdik. Onlardan 24-də böyrəklərdə, 29-da qaraciyərdə ciddi dəyişikliklər yaranmışdı. Bir xəstədə isə bir neçə orqanda eyni vaxtda dəyişikliklər olmuşdu. Koronavirus ağciyərlər, böyrək, qaraciyər, dalaq, ürəkdə patoloji dəyişikliklər yaradır. Digər önəmli məsələ odur ki, koronavirus, xəstədə artıq mövcud olan patoloji prosesləri artırır, xəstəlikləri ağırlaşdırır. Virusun böyrəklərini zədələdiyi xəstələrin tibbi məlumatlarını təhlil edəndə gördük ki, bu insanlar sidik ifrazat sistemi ilə bağlı bir neçə il əvvəldən həkimə müraciət ediblər, onlarda sidik infeksiya xəstəlikləri, iltihabı olub”. Ona görə də virusa yoluxan yaşlı və xroniki xəstələr ilk günlərdən xəstəxanada ciddi nəzarətdə müalicə olunmalıdır və hər xəstənin öncədən hansı orqanı zəifdirsə, onlar qorunmalıdır.

COVID-19-a yoluxub sağalmış bəzi insanların “sanki psixikamda dəyişiklik əmələ gəlib” kimi şikayətlərinin də tez-tez şahidi oluruq. Vəziyyəti kafi qiymətləndirilən, hətta sağalmaq üzrə olan bəzi xəstələrin qəflətən ağırlaşması və tənəffüs dayanmasından dünyalarını dəyişdiyi də söylənilir. Təcili tibbi müdaxilənin kömək etmədiyi bu halı virusun uzunsov beyinə keçib, tənəffüs mərkəzini blokada etməsilə əlaqələndirirlər. Səbəbinin kəskin hipotoniya, bəzi ölümlərin isə virusun qan-damar mərkəzinə iflicedici təsirilə əlaqədar olduğu bildirilir. Bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Həkim bildirib ki, İngiltərədə Derbi Kral Xəstəxanası klinisistlərinin “Cures” jurnalında dərc olunmuş məqaləsində hospitala ağır pnevmoniya diaqnozu ilə daxil olmuş 54 yaşlı xəstədə COVID-19-un fəsadı kimi kortikal korluğun (tam korluq) baş verdiyi söylənilir. O deyib ki, bu cür məlumatlar insanların qorxu və ağır ruhi sarsıntı kimi korreksiyaolunmaz pozğunluqlara köklənməsinə xidmət edir. Tənəffüsün qəflətən dayanması və ya kəskin hipotoniya kimi ölümlə nəticələnən halın koronavirusla birbaşa bağlılığı yoxdur. Bu ölümlərə COVID-19-u səbəb kimi göstərib insanları qorxu altında saxlamaq olmaz.

İybilmə hissinin yoluxmanın ilk günlərində itməsi, virusun baş beyində sinirlə nəqlinin isə bu keçid yolunun 7-ci günündən sonra başlaması da virusun sinirlə nəqlinin inkarını təsdiq edir. COVID-19-un korluq törədə bilməsi isə ümumiyyətlə, mümkün deyil. Çünki görmə sinirinin torlu qişadan başlayıb görmə mərkəzinə, yəni ənsə payının “Mahmuz” şırımına qədərki yolunun heç bir sahəsində COVID-19-un bağlandığı aktiv reseptor mexanizm yoxdur. Xəstəliyi keçirmiş, eləcə də xəstəliyin davamı müddətində bəzi insanlarda müşahidə olunan operativ yaddaş pozğunluğu (xarici qıcığa və paralel reaksiyalara qarşı optimal cavab reaksiyasının uzanması və s.), mnestik və koqnitiv funksiyada törənən dəyişikliklər, “beynin sanki dumanlanması”, “şüurun qaranlıqlaşması” və sair kimi əlamətlər, immun sistemin virusa qarşı kəskin əks – reaksiyasının nəticəsidir. Bu hal İgG antitellərin titrinin yüksək olduğu halda aparılan vaksinasiya və ya revaksinasiya halında da müşahidə oluna bilər. Bu pozğunluqların hər biri vaxt keçdikcə bərpa olunan normal haldır. Odur ki, buna görə xüsusi narahatlığa əsas yoxdur.

M.Qəniyev deyib ki, xəstəliyə yoluxmamaq üçün ən etibarlı, asan və rahat yolu seçin. Bu da operativ qərargahın pandemiyanın ilk günündən tövsiyə etdiyi qorunma tələblərinə əməl etməkdir. Nə xəstələnin, nə də panikaya düşün. Rahat həyatınıza davam edin.

Zərifə BƏŞİRQIZI,

 “Xalq qəzeti”

17 Oktyabr 2021 01:11 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə