Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubada meyvə yığımı davam edir

Bu günlər Qubada meyvə yığımının qızğın çağıdır. Rayonun minlərlə fermer və torpaq pay mülkiyyətçisi ilboyu bağlarda çəkdikləri gərgin əməyin bəhrəsi olan məhsulun dərimi və tədarükü ilə məşğuldurlar.

 

Mütəxəssislər qeyd edirlər ki, hazırda bağlarda meyvə ötən illərdə olduğundan daha boldur. Bu il hava şəraiti ilboyu meyvəçilik üçün əlverişli olub. Fermerlər də, təbii ki, bağ­larda məhsuldarlığı artırmaq üçün əllərindən gələni ediblər. İndi əsas vəzifə məhsulu tez və itkisiz topla­maqdan ibarətdir.

Quba rayonunun Birinci Nügədi kəndindən olan təcrübəli bağban Elton Xəlilov bildirdi ki, bu il o, ailə üzvləri ilə bərabər onlara məxsus olan iki hektara yaxın alma bağından artıq ötənilki qədər məhsul toplayıb. Meyvə dərimi isə davam edir. Deməli, ailənin gəliri də əvvəlki illərdən daha çox olacaq.

Bu günlərdə Quba rayonunun Zərdabi, Vladimirovka, Hacı Rüstəmli, Birinci və İkinci Nügədi kəndlərindəki bağlarda məhsul yığımı uğurla təşkil olunub. Sevindirici haldır ki, bağların məhsuldarlığı əvvəlki illərdəkindən daha yüksəkdir.

Quba Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru Mədət Qurbanov bildirdi ki, meyvəçilik Qubanın şanı-şöhrəti, yerli əhalinin əsas dolanışıq mənbəyidir. Respub­likamızdan uzaqlarda belə, alma deyəndə, ilk növbədə, Qubanın adı yada düşür. Az qala alma sözü Quba sözü ilə sinonim şəkildə işlənir.

Alim sonra vurğuladı ki, bir qayda olaraq payızda kənd əhalisinin qayğıları artır, bağbanların işi çoxalır. Axı, onlar ilboyu çəkdikləri gərgin zəhmətin bəhrəsini dadır, meyvə yığırlar.

Bugünlərdə hansı kəndə, hansı təsərrüfata yolumuz düşdüsə, hər yerdə qızğın işin şahidi olduq. Quba rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri, təcrübəli bağban Tarverdi İsmayılovla da söhbətimiz bu barədə idi. O, rayonda kütləvi meyvə yığımının başlanması ilə bağlı görülən işlərdən söz aç­maqla bərabər, rayonda bağçılığın inkişaf perspektivləri barəsində danışaraq bildirdi ki, son illər ərzində dövlətimizin dəstəyilə Quba rayonun­da bağçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilir.

Belə ki, rayonda kənd təsərrüfatı istehsalçılarına gübrələrin güzəştli qiymətlə satılması, subsidiyanın verilməsi bağçılığın dinamik inkişafına böyük təkan verib. Əgər 20 il əvvəl rayonda 12–13 min hektar meyvə bağı vardısa, artıq bu göstərici 18 min 523 hektara çatıb.

Hazırda Quba rayonundakı kəndli-fermer təsərrüfatlarında 13 min 515 hektar alma, 855 hektar gilas, 944 hektar gavalı, armud və yüz hektarlar­la digər meyvə bağları mövcuddur.

Tarverdi İsmayılov fermerlərin üzləşdikləri çətinliklərdən də danış­dı. O qeyd etdi ki, planetimizdə baş verən qlobal istiləşmə rayonumuza da təsir edib, çaylarda suyun miq­darı azalıb. Xüsusilə, avqust ayında vəziyyət çətin olub.

Bununla bərabər, bağların suva­rılmasında müəyyən problemlər ya­şansa da, rayon rəhbərliyi tərəfindən həyata keçirilən operativ tədbirlər öz bəhrəsini verib. Suyun növbə ilə təsərrüfatlara buraxılması prob­lemi qismən aradan qaldırılıb. Son illərdə damla suvarma sistemlərinin tətbiqinin genişlənməsi də böyük iqtisadi səmərə verib.

Quba rayonunda son illər inten­siv bağ sahələrinin genişlənməsinə böyük önəm verilir. Tarverdi İsmayılov bununla bağlı dedi:

– Bağbanlarla bu sahədə geniş təbliğati iş aparırıq ki, köhnə bağların yerində mütərəqqi texnologiyaları tətbiq edərək yeni, daha məhsuldar bağlar salınsın.

Sonda bildirək ki, bu mövsüm ərzində Quba rayonu üzrə artıq 60 min tondan çox məhsul toplanıb. Tar­verdi İsmayılovun və başqa təcrübəli mütəxəssislərin dediyinə görə, ötən ilə nisbətən bu il məhsuldarlıq daha yüksəkdir.

Bağbanlar bağlardan topladıqları meyvənin bir hissəsini qışda daha baha qiymətə satmaq üçün rayon ərazisindəki soyuduculara təhvil verirlər. Bəzi bağbanlar isə topladıqla­rı məhsulu yerindəcə Rusiya bazarla­rına, Bakı, Sumqayıt, Şirvan, Gəncə və Mingəçevir şəhərlərinə göndərirlər.

Qəhrəman QASIMOV,

Qubada çıxan “Şəfəq” qəzetinin redaktoru,

Məsaim ABDULLAYEV,

“Xalq qəzeti”

17 Oktyabr 2021 01:02 -

Köhnə versiyamızdan xəbərləri izlə