Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəssamlıq sənətimizin korifeyi

Mikayıl Abdullayev – 100

Bu il sentyabrın 10-da Prezident İlham Əliyev Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Mikayıl Abdullayev parlaq ənənələrə malik Azərbaycan rəssamlıq məktəbinin böyük simalarındandır. Onun təsviri sənətin ən müxtəlif sahələrini əhatə edən koloritli yaradıcılığı xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur”.

Mikayıl Abdullayevin sənəti, həqiqətən, böyük məktəb idi. Bu məktəbin yetirmələri olan onlarca sənətkar bu gün milli rəssamlıq sənətimizin inkişafına xidmət etməkdədir. Mən rəssamam, yaxşı bilirəm ki, rəssamlıq mürəkkəb sənətdir. Bu gün dünyanın məşhur rəssamlarının yüz illər əvvəl çəkdikləri əsərlərə tamaşa edərkən bu sənətin aliliyinə bir daha inanırsan. Azərbaycanda rəssamlığın dəqiq yaranma tarixini demək çətin olsa da, xalqımız bu sənəti yaradanları böyük hörmət və məhəbbətlə yad edir. Onların adlarını sadalamaq fikrimizcə, o qədər də vacib deyil. Amma müasirimiz olan, ancaq bu gün aramızda olmayan rəssamlarımızı xatırlamaq, onların yaradıcılığı ilə gənc nəsli tanış etmək çox vacibdir. Bəhruz Kəngərli, Əzim Əzimzadə, Qəzənfər Xalıqov, Səttar Bəhlulzadə, Vəcihə Səmədova, Maral Rəhmanzadə və digər rəssamlarımızın yaradıcı­lıq yolu əsl məktəbdir. Elə haq­qında söhbət açdığımız Mikayıl Abdullayevin də.

Dekabrın 19-da bu böyük sənətkarın100 illik yubileyi qeyd olunacaq. Əsərlərinin sərgisi təşkil ediləcək, haqqında xatirələr söylənəcək, yəqin ki, kataloq, buk­let və plakatlar çap olunacaq.

Mikayıl Abdullayev şərəfli ömür yolu keçib. 1921-ci il dekab­rın 19-da Bakıda dünyaya göz açıb. 1939-cu ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1949-cu ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitu­tunu bitirib. İlk sərgisi Moskvada keçirilib.

Yaradıcılığının bütün mərhələlərində o, bu torpağın gözəl təbiətini, qəhrəman, yaradıcı insanlarını öz sehrli fırçasının dili ilə çox dəyərli əsərlərə çevirib, xalqına miras qoyub.

Rəssamlarımız arasında Mi­kayıl Abdullayev kimi elə bir fırça ustası tapılmaz ki, öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına onun qədər möhkəm bağlı olsun. Dədə Qorquddan, dahi Nizamidən və Füzulidən baş­lamış müasir şair və nasirlərimizə qədər o, bir çox sənətkarların ya portretlərini yaratmış, ya da onların əsərlərinə illüstrasiyalar çəkmişdir.

Təsviri sənətimizin inkişa­fında mühüm xidmətləri olan bu görkəmli sənətkarın boyakarlıq və qrafika janrında yaratdığı əsərlər incəsənətimizin çox qiymətli səhifələrini təşkil edir. O, rənglərin dilini bilirdi. Molbert arxasında sanki bu rənglərlə danışırdı. Xalq şairi Rəsul Rza ona həsr etdiyi şeirində yazır:

Sənin dilin olmasa da, çəkərsən

Sözün olmasa da...

Ancaq hər ikimiz ürəksiz yarada bilmərik,

Mənimki sözdü, səninki rəng,

Var olsun ürək.

Doğrudan da, Mikayıl müəllim böyük ürək sahibi idi. O, yarat­dığı əsərlərə təkcə rənglərin qüdrətini deyil, həm də öz ürəyinin hərarətini gətirirdi. Ona görə də bu əsərlərdə təbiət daha canlı, insan­lar həyatsevər təsvir olunur.

Mikayıl Abdullayevin yaradıcı­lığında qəribə bir müdriklik var. Bu əsərlər, sanki, insanları sabaha ümidlə baxmağa, qətiyyətli və məğrur olmağa səsləyir. Bu böyük sənətkarın yaradıcılığı o qədər zəngin və rəngarəngdir ki, bir məqalədə əhatə etmək qeyri-mümkündür. Burada biz onun yaradıcılığının bəzi məqamları barədə məlumat verəcəyik.

Ötən əsrin 40-cı illəri M. Abdul­layev yaradıcılığının ilkin dövrüdür. Bu dövrdə yaratdığı tablolardan ikisinin adını çəkmək istərdim. Onlardan biri 1944-cü ildə çəkilmiş "Axşam", ikincisi isə 1947-ci ildə yaradılmış "Mingəçevir işıqları" tablolarıdır. Hər iki əsər professi­onal səviyyədə yaradılmış sənət nümunələridir. Onlar bu gün də əvvəlkitək qiymətlidir və təsviri sənətimizin tarixində əhəmiyyətli əsərlər kimi dəyərləndirilir.

Mikayıl Abdullayev kəndin zəhmətkeş adamlarının həyatını və məişətini böyük ustalıqla öz əsərlərinə gətirirdi. Elə "Masallı silsiləsi"ndən olan "Körpəsinin ardınca", "Manqabaşı Rəxşəndə" tabloları bu mövzuda qiymətli əsərlərdəndir.

Onun yaradıcılığında nikbin bir ruh yaşayır. O, yaratdığı əsərlərdə həmişə bu nikbinliyi qorumağa ça­lışır. "Tarlada", "Lənkəranlı kolxoz­çu qadın", "Abşeronda", "Astarada çay yığımı", "Çəltikçi qızlar" və s. əsərlərinə tamaşa edənlər bunu aydın hiss edirlər.

M.Abdullayev tematik tab­lolar ustası idi. Onun yaratdığı portretlər qalereyasında məşhur sənət adamlarının çox qiymətli portretləri var. "Üzeyir Hacıbəyov", "Səməd Vurğun", "M. F. Axundov", "M. Qorki 1928-ci ildə Bakıda", "M. P. Vaqif", "İmadəddin Nəsimi", "Pianoçu F. Bədəlbəyli" və s. əsərlər rəssamın böyük portret ustası olduğunu bir daha təsdiq edir. Eyni zamanda, unudulmaz rəssam baxımlı qrafika əsərlərinin – illüstrasiya və kitab tərtibatı nümunələrinin müəllifi kimi də tanınırdı.

Onun "Kitabi–Dədə Qorqud" dastanına, Füzulinin "Leyli və Məcnun" poemasına, Bəxtiyar Vahabzadənin "Şəbi-hicran" əsərinə, Süleyman Rəhimovun və bir çox başqa qələm sahiblərinin yaradıcılıqlarına çəkdiyi təsvir nümunələri tamaşaçılar tərəfindən maraqla qarşılanmışdı. Rəssamın kətan üzərində yaratdığı obrazlar– "Yüz yaşlı usta", "Şair Süleyman Rüstəm", "Ornament ustası Lətif Kərimov", "Yazıçı Həsən Seyidbəyli" bu gün də tamaşaçıla­rın zövqünü oxşayır.

Ustad sənətkarı həmkarlarından fərqləndirən bir cəhəti heç unutmaq olmur. Onun zəngin biliyi, bənzərsiz müşahidələri vardı. Mərhum kinorejissor Həsən Seyidbəyli deyirdi ki, "Nəsimi" bədii filmində Nəsimi rolunu oynayacaq aktyoru seçməyimdə Mikayıl Abdulla­yevin eyniadlı məşhur tablosu köməyimə çatdı. Yeri gəlmişkən, fırça ustasının fantaziya və təfəkkürünün vəhdətindən ya­ranmış həmin portret milli təsviri sənətimizin qızıl fonduna daxil olmuş boyakarlıq nümunələrindən biridir.

Azərbaycanın iftixarı Üzeyir bəy Hacıbəylinin naturadan port­retini çəkməsindən rəssam qürur hissi ilə danışardı: "1943-cü ildə dünya şöhrətli bəstəkarın yağlı boya ilə obrazını yaratmışdım. Əsər Üzeyir bəyin çox xoşuna gəlmişdi. Onu muzeyə verməyib, evində saxladı. Məni görüşünə çağırıb portretin zəhmət haqqı­nı ödəmək istədi. Götürmədim. Çünki Moskvada Ali Rəssamlıq Məktəbində təhsil alanda bir çox tələbələr kimi, mənə də qayğı, yardım göstərmişdi".

Rəssamın teatr sənətimizin inkişafında da xidməti çox olmuş­dur. O, "Leyli və Məcnun", "Koroğ­lu" operalarına, Niyazinin "Çitra" baletinə bədii tərtibat vermişdi. Görkəmli bəstəkar Fikrət Əmirov onu "Bəstəkar ürəkli rəssam" adlandırmışdı.

Sənətşünaslardan biri ya­zırdı ki, M.Abdullayevin sənəti bəşəriyyətin qurub-yaratmağa mənəvi əzmini ifadə etdiyi üçün, məhz bu baxımdan hər hansı əsl sənət əsəri kimi elmi kəşflərlə bərabər tutula bilər.

M.Abdullayevin yaradıcılığında Bakı metrosunun “Nizami” stan­siyasının interyerinin tərtibatı da xüsusi yer tutur. Oradakı təsvirlər mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır. Metronun bu stansiyasını yeraltı muzey də adlandırmaq olar.

1957-ci ildə fırça ustası Hindistana üçaylıq yaradıcılıq ezamiyyətinə getmişdi. Vətənə qayıdarkən təəssüratlarını, özü ilə gətirdiyi saysız-hesabsız etüdlər, eskizlər, portretlər, mənzərələr və ayrı-ayrı həyat səhnələrini çox qiymətli rəsm əsərlərinə çevirdi. M.Abdullayev bu silsilə üzərində on beş il məhsuldar işləmişdir. “Racastan qadınları”, “İşdən qayıdarkən”, “Benqal qızları” və başqa əsərləri bu silsilədəndir. Təsadüfi deyildir ki, o, Hindistanın Cavahirləl Nehru mükafatına layiq görülmüşdür.

M.Abdullayev 1956-cı ildə İtaliyada qısamüddətli yaradıcı­lıq səfərində olmuşdu. Bu səfər nəticəsində rəssam Avropa sənətinin ən dəyərli əsərləri ilə əyani şəkildə tanış olmuş və zəngin materiallar toplamışdır.

Rəssamın əsərləri dünyanın bir çox şəhərlərində təşkil olunan beynəlxalq sərgilərdə və festival­larda nümayiş olunub, dəfələrlə müxtəlif mükafatlara layiq görü­lüb. 1966-1967-ci illərdə Berlin və Leypsiqdə, eləcə də sonrakı illərdə başqa şəhərlərdə fərdi sərgiləri keçirilib. Onun əsərləri dünyanın müxtəlif muzey, qale­reya və şəxsi kolleksiyalarında saxlanılır. Bənzərsiz yazı üslubu olan sənət ustasının öz yaradıcı­lığı və dünya sənətkarlığı barədə məqalələri müxtəlif qəzet və jurnallarda dərc edilib.

M.Abdullayevin yaradıcı­lığı dövlət tərəfindən yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyevin M.Abdullayevi müstəqillik illərində “İstiqlal” ordeni ilə təltif etməsi buna bariz nümunədir. Rəssamın sənət irsi Prezident İlham Əliyevin də diqqətində olmuşdur.

Görkəmli rəssam 1955-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adını alıb. 1958-ci ildə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü seçilib. O, 1960-cı ildə Azərbaycanın Xalq artisti, 1963-cü ildə SSRİ Xalq rəssamı fəxri adlarına, 1969-cu ildə beynəlxalq C.Nehru mükafatına, 1974-cü ildə isə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Qeyd etmək lazımdır ki, Mikayıl Abdullayev SSRİ Xalq rəssamı fəxri adına layiq görülmüş ilk Azərbaycan rəssamı olub.

Elçin ORUCOV,

Əməkdar mədəniyyət işçisi, rəssam

17 Oktyabr 2021 00:44 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə