Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tariflərin artması əməkhaqları, müavinətlər və təqaüdlərin yüksəlməsi ilə kompensasiya edilir

Azərbaycan koronavirus pandemiyası dövrünü uğurla keçməkdə, sosial-iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoymaqdadır. Müvafiq dövlət qurumları iqtisadi inkişafın yaratdığı yeni reallıqlardan çıxış edərək mühüm addımlar atmaqdadır. Bunu Tarif (Qiymət) Şurasının dünən qəbul etdiyi yeni qərarlardan da görmək mümkündür.

Digər tərəfdən də Prezident İlham Əliyev “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayaraq, Nazirlər Kabinetinə əhalinin əmək haqlarının, eləcə də pensiya və müavinətlərin artırılması ilə bağlı təklif hazırlamasını tapşırıb. Bütün bunlar ölkədə sosial-iqtisadi durumun yeni keyfiyyətlər kəsb etdiyini deməyə əsas verir.

Təbii qaz tarifləri

Əvvəlcə Tatif Şurasının qərarları haqqında. Dünən Tarif (Qiymət) Şurasının növbəti iclasında təbii qazın tariflərinə baxılıb, müvafiq qərarlar qəbul edilib. Şuradan verilən məlumata görə, əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Şuradan bildirilir ki, istehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kubmetr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu, il ərzində təxminən 1.000 kub metr qaz istehlakı deməkdir. Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq.

Tarif Şurası dünənki iclasında “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” qərarına da dəyişiklik edib. Yəni işığın da qiyməti qaldırılıb. Bundan sonra elektrik enerjisinin 1 kVt/saatının aşağı qiyməti 1 qəpik, yuxarı qiyməti isə 2 qəpik bahalaşıb.

Şuranın “Təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə bağlı tövsiyələr”ində deyilir ki, təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsi Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında həyata keçirilir.

Tarif dəyişikliyinin aparılması zərurəti və səbəbləri ilə bağlı şuradan bildirilib ki, ötən dövr ərzində ölkədə təbii qazın istehlakı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı yüksəlib. Nəticədə dövlətin xərcləri xeyli dərəcədə artıb və 1.000 kubmetr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci hazırda 174 manat təşkil edir. Azərbaycanda təbii qazın qiymətləri əksər region və bütün Avropa ölkələri ilə müqayisədə ucuzdur. İl ərzində 1.200 kubmetr qaz istehlak edənlər abonentlərin 51 faizini təşkil edir. Hazırda əhali qrupuna aid abonentlərə təbii qazdan 1.200 kubmetrədək istifadə etdiyi halda qazın 1.000 kubmetri 100 manata (58,82 ABŞ dolları), illik qaz istehlakı 1.200 kubmetrdən çox olan əhali üçün 200 manata (117,65 ABŞ dolları), illik 2.500 kubmetrdən çox təbii qaz istehlak edən abunəçilər üçün isə 250 manata (147,06 ABŞ dolları) satılır. Beləliklə, təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli dərəcədə aşağıdır və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnir. Həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır.

Buna görə də təbii qazın hasilatı və satışı prosesində dövlət üçün yaranan zərərin aradan qaldırılması istiqamətində addım atılır. Enerji təchizatı sahəsinin dövlət büdcəsindən asılılığı – subsidiyalaşdırılma azalır. Sahəyə investisiya qoyuluşlarının təmin edilməsi üçün imkanlar genişlənir və cəlbedicilik artır. Təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün yaranan zərurət qarşılanır.

Bunu xarici səbəbləri də mövcuddur. Belə ki, dünya bazarında təbii qazın qiymətləri kəskin şəkildə bahalaşıb. COVİD-19 pandemiyasının tədricən səngiməsi, dünya iqtisadiyyatının canlanması və sənaye sahələrində istehsalın bərpa olunması fonunda 2021-ci ildən başlayaraq qazın qiyməti artmağa başlayıb. İlin əvvəlində 1.000 kubmetri 335 dollar olan təbii qaz iyul ayında 500 dollara, avqustda 600 dollara yaxın olub. Sentyabrda qiymət artımı davam edib, birjalarda 1.000 kubmetri 700 dollar olan qazın qiyməti oktyabr ayına birjada (İCE) 1200-1400 dolları aralığında təklif olunub. Beynəlxalq Enerji Agentliyi qazın yüksək qiymətlərinin 2022-ci ilin birinci rübündə də davam edəcəyini proqnozlaşdırır.

Qış fəslinin yaxınlaşdığı ərəfədə Rusiyanın “Qazprom” şirkətinin qaz təchizatını azaldacağına dair açıqlaması birjalarda qiymət artımına səbəb olub. 2021-ci ilin qalan aylarında Avropaya qaz təchizatında 20-23 faiz azalma gözlənilir. Qazın qiymət artımına səbəblərdən biri də Avropada qaz ehtiyatlarının kəskin azalmasıdır. “Gas Infrastructure Europe” (GIE) təşkilatının məlumatına görə, hazırda Almaniyada qaz rezervuarlarının 69,3 faizi, Avropada isə 75,9 faizi doludur.

Enerji böhranı Avropa və Asiya bazarları arasındakı rəqabəti kəskin artırıb. Çin, Yaponiya, Koreya və Tayvan kimi sürətlə böyüyən iqtisadiyyatlar Avropanın ənənəvi mayeləşdirilmiş təbii qaz təchizatçıları üçün daha cəlbedici bazarlara çevrilib. 2021-ci ilin ilk 8 ayında Yaponiya, Cənubi Koreya və Tayvanın təbii qaz idxalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz, Çinin LNG idxalı isə 30 faiz artıb.

Tarif Şurası təbii qaz tarifləri üzrə bəzi ölkələrlə müqayisə də aparıb. Belə ki, 2021-ci ildə 1 kubmetr təbii qazın tarifinin yuxarı həddi əhali üzrə Azərbaycanda 25 qəpikdir. Bu göstərici Türkiyədə – 36 qəpik, Ukraynada – 87 qəpik, Gürcüstanda – 29 qəpik, Belarusda – 34 qəpik təşkil edir.

Bundan başqa, 1 kubmetr təbii qazın tarifinin yuxarı həddi qeyri-əhali abonenti üzrə Azərbaycanda 25 qəpikdir. Bu göstərici Türkiyədə – 60 qəpik, Ukraynada – 2 manat, Belarusda – 55 qəpikdir.

Şuradan o da bildirilib ki, tarif tənzimlənməsi dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması, iqtisadiyyatın dinamik və intensiv inkişafına daha əlverişli şəraitin yaradılması kimi amillər nəzərə alınmaqla həyata keçirilib.

Elektrik enerjisi tarifləri

Elektrik enerjisi üzrə tarif dəyişikliyinin aparılması zərurəti və səbəbləri belə izah edilib ki, “Azərenerji” ASC-yə verilən təbii qazın tariflərinin artırılması ilə əlaqədar elektrik enerjisinin topdan və pərakəndə tariflərinin yenidən tənzimlənməsi zərurəti yaranıb. Elektrik enerjisinin topdansatış tarifinin artırılması nəticəsində “Azərişıq” ASC üzrə yaranan əlavə xərc bütün istehlakçılar (əhali, sənaye, nəqliyyat, kənd təsərrüfatı, ticarət və xidmət və s.) üzrə bölüşdürülməlidir.

Tarif dəyişikliyinin əhaliyə və iqtisadiyyata təsirləri ilə bağlı bildirilir ki, hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir. Yeni diferensiasiya sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış olur. İstehlak səbətində bir nəfərin aylıq istehlakı 50 kVts və orta statistik ailə tərkibinin sayının 4 nəfər olduğu nəzərə alınaraq güzəştli tariflər aylıq istehlakın 200 kVts-na tətbiq ediləcək. Bu kateqoriya əhali abonentlərin 63 faizini təşkil edir. Yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsiri 2,05 manat həddində proqnozlaşdırılır.

Elektrik enerjisi üzrə mövcud tariflər 01.12.2016-cı il tarixindən tətbiq olunur. Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və digər abonentlərin keyfiyyətli, fasiləsiz enerji ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq üçün enerjinin tarif tənzimlənməsi qaçılmaz addımdır. Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunan xammalın da 50 faizdən çox hissəsini təbii qaz təşkil edir. Bu baxımdan təbii qazın tarif dəyişikliyi elektrik enerjisinin qiymət artımını şərtləndirir. Elektrik enerjisinin enerji təchizatı müəssisəsinə topdansatış tarifi 0,9 qəpik artırılaraq 6,6 qəpik müəyyənləşdirilib.

2021-ci ilin əvvəlindən etibarən sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi, habelə pandemiya ilə mübarizə çərçivəsində hökumət tərəfindən iqtisadi təşviq paketlərinin həyata keçirilməsi, iqtisadi aktivliyin gözləniləndən daha sürətli canlanmasına səbəb olub. Bu baxımdan elektrik enerjisinə tələbat artıb. Qeyri-əhali istehlakçı qrupları üzrə tarif 1 qəpik artırılaraq 10 qəpik təsdiq edilib. Bu, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müəyyən əlavə xərclərin yaranmasına səbəb ola bilər. Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər nəzarətdə saxlanacaqdır. Tarif dəyişikliyi nəticəsində qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək. Azərbaycanda alternativ enerji istehsalçıları üçün əlverişli imkanlar yaranır. Bu sektor inkişaf edərsə, təbii qaz sərfiyyatı və təbii qaz əsaslı enerji istehlakı azala, iqtisadiyyatda yeni xidmət sahələri, inkişaf etdikcə daha da ucuzlaşa biləcək alternativ mənbələr yarana bilər.

Prezidentin yeni sərəncamı

Bütün bunlarla bərabər, qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə deyilir ki, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır. Bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilmiş, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləğinin 72 faiz, minimum əməkhaqqının 92 faiz, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50 faiz artırılması təmin edilmişdir. Görülmüş tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39 faiz, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım əldə olunmuşdur.

2021-ci ildə ölkəmiz COVID-19 pandemiyasının yaratdığı sarsıntıları geridə qoyaraq, inamlı şəkildə iqtisadi bərpa yoluna qayıtmışdır. Bu, dünya miqyasında pandemiyaya qarşı peyvəndlərin ərsəyə gətirilməsi, ölkəmizdə isə insanlarımızın bu xəstəlikdən qorunması istiqamətində dövlət tərəfindən əhatəli və effektiv sosial-iqtisadi tədbirlərin, xüsusilə genişmiqyaslı peyvəndləmə kampaniyasının keçirilməsi, həmçinin 2020-ci ildə əhalinin sosial baxımdan həssas qruplarına maliyyə və sosial dəstək göstərilməsi, eləcə də pandemiyadan zərər çəkmiş iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara, qurumlara vergi və bank-kredit güzəştlərinin verilməsi sayəsində mümkün olmuşdur. Bununla yanaşı, qeyd olunmalıdır ki, dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi müşahidə olunmaqdadır. Lakin dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaratmışdır.

Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir.

Beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Nazirlər Kabinetinə tapşırılır ki, əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Prezidentin yeni sərəncamı ilə sosial ödənişlərdə ciddi artımlar təmin ediləcək. Sərəncam 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasını, həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir. Vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində başlıca istiqamətdir.

Təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə paralel olaraq maaşların yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından ciddi addımdır, dövlət siyasətinin mərkəzində vətəndaşın, onun rifahının durduğunu nümayiş etdirən amildir.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

17 Oktyabr 2021 00:42 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə