Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ağdama ithaf” üçlüyünün təqdimatı olub

 

 

Oktyabrın 16-da işğaldan azad edilmiş Ağdam şəhərində Xalq rəssamı Arif Hüseynovun “Ağdama ithaf” üçlüyünün təqdimatı olub.

Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovaların kura­torluğu, Ağdam Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdam rayon Heydər Əliyev Mərkəzi, Ağdam rayon Mədəniyyət Mərkəzi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə keçirilən mərasimdə Xalq rəssamı Arif Hüseynovun “Ağdam Cümə məscidində azan səsi”, “Ağ­dam teatrının məhvi”, “Şahbulaq qalası” adlı əsərləri nümayiş edilib.

Dram Teatrının qalıqlarının qarşısında keçirilən təqdimat mərasimində çıxış edən Xalq rəssamı Arif Hüseynov təqdim olunan əsərlər barədə məlumat verib. Bildirib ki, onun bu günlərdə tamamladığı “Ağdama ithaf” üçlüyü işğaldan azad olunmuş Qara­bağa səfəri ilə bağlı təəssüratının yeni bədii ifadəsidir. “Ağdam teatrının məhvi”, “Şah­bulaq qalası” və “Ağdam Cümə məscidində azan səsi” adlanan triptixin başlıca ideyasını xeyir və şər qüvvələrin mübarizəsi, erməni xislətinin ifşası təşkil edir. Triptixin mərkəzi hissəsi Ağdam teatrının acı taleyinə həsr olunub. Teatr binasının üçtağlı fasadının qar­şısından səhnəyə uzanan pillələrin ətrafında şər qüvvələrin “Leyli və Məcnun”, “Don Kixot” və “Otello” tamaşalarındakı obrazlara həmləsinə təsirli bədii görkəm verilib.

Triptixin sağ hissəsində Pənahəli xan və döyüşçüləri, eləcə də onun inşa etdirdiyi Şahbulaq qalası təsvir olunub. Sol hissədəki əsərdə də digər iki əsərdə olduğu kimi, obrazlı rəmzi ifadələrdən istifadə olunub. İş­ğaldan azad olunmuş dini məkandan ucalan azan səsinə hay verən rəmzi şəhid əlləri və yüksəlişi hər birimizə qürur bəxş edən məscid minarələri bir araya gətirilməklə Zəfərimizin davamlı olacağına böyük inam duyulur.

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsu­si nümayəndəsi Emin Hüseynov və Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qa­lib Həsənov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və sərginin kuratorları Elnurə və Aygün İsgəndərova bacıları çıxışla­rında Ağdam Dram Teatrının qarşısında belə bir tədbirin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib, müəllifə yeni yaradıcılıq uğur­ları arzulayıblar.

Sonra tədbirin iştirakçıları rəsm əsərləri ilə tanış olublar.

AZƏRTAC

17 Oktyabr 2021 00:41 -

Köhnə versiyamızdan xəbərləri izlə