Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ bu gün inkişaf və quruculuq mərkəzinə çevrilib

Prezident İlham Əliyev Vətən müharibəsindən əvvəlki illərdə Azərbaycanın haqq mübarizəsində qalib gələcəyinə, tarixi ədaləti bərpa edəcəyinə, nəyin bahasına olursa-olsun, dogma torpaqlarımızın düşməndən təmizlənəcəyinə inandığını dəfələrlə bildirir, eyni zamanda, bu məsələ sülh vasitəsilə gerçəkləşməsə, hərbi yola əl atılacağını diqqətə çatdırırdı. Sülh yolu ilə Azərbaycanı işğal altındakı torpaqlarının azad edilməsinə nail ola bilmədi. Çünki Ermənistan rəhbərliyi açıq-aydın ərazilərimizin bizə qaytarılmasının mümkünsüzlüyünü bildirirdi. Belə olan halda isə faktiki olaraq danışıqlar prosesinə son qoymaqdan başqa yol qalmırdı.

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdim. Ermənistan Azərbaycan torpaq­larını işğal altında saxladığı uzun illər ərzində bu ərazilərdəki yaşa­yış məntəqələrini dağıtmaqla, təbii sərvətləri talan etməklə bərabər, həm də Şuşa, Qubadlı, Laçın və digər yerlərdə qanunsuz məskunlaşma aparırdı. Beynəlxalq təşkilatlar, nüfuzlu dövlətlər tərəfindən isə bütün bu azğın hərəkətlər, vandalizm, bar­barlıq əməlləri susqunluqla qarşıla­nırdı, biganə münasibət bəslənilirdi. Əslində isə belə olmamalı idi. Bu cür beynəlxalq cinayətə, Cenevrə kon­vensiyalarına zidd vəhşiliyə, torpaq­larımızın erməniləşdirilməsi cəhdinə layiqli cavab verilməli, təcavüzkara öz yeri göstərilməli idi.

Vətən müharibəsi ərəfəsində Ermənistan və Azərbaycan arasında qarşıdurma daha da güclənmişdi, işğalçı tərəfindən ardıcıl şəkildə təxribatlar törədilməyə başlanmış­dı. Əlbəttə, burada Ermənistanın yeni hakimiyyəti, Paşinyan rejimi müstəsna rol oynayırdı. “Soros çevrili­şi” nəticəsində hakimiyyətə gələn Paşinyan Ermənistan–Azərbaycan münaqişəsinin həllində sağlam düşüncə və xoş məram nümayiş etdirmək əvəzinə, məkrli siyasət yürütməyə, eskalasiya prosesinin, necə deyərlər, canlandırılmasına üstünlük verirdi. O, işğal edilmiş ərazilərə tez-tez səfər edərək, “Qara­bağ Ermənistandır və nöqtə” şüarını səsləndirirdi. Ermənistanın müdafiə naziri isə “ərazilər müqabilində sülh” formulundan imtina etdiyini vurğu­layır və “yeni ərazilər uğrunda yeni müharibə” məzmunlu yeni hərbi konsepsiya irəli sürürdü.

Nikol Paşinyan növbəti çirkin əməlini isə ötən il sentyabrın 27-də reallaşdırdı, ölkəmizə qarşı təxribat törətdi, Azərbaycanın hərbi obyektləri və mülki əhalisini hədəfə aldı. Bu isə Vətən müharibəsinin başlamasına gətirib çıxardı.

İşğalçı Ermənistan İkinci Qarabağ müharibəsinin getdiyi 44 gün ərzində istər cəbhə xəttində, istərsə də müharibə bölgəsindən uzaq ərazilərdə yerləşən yaşayış məntəqələrimizə qarşı ardıcıl təxribatlar törətməkdən, dinc sakinləri atəş altında saxlamaqdan və beləliklə, müharibə cinayətlərini davam etdirməkdən belə çəkinmədi. Düşmən savaşdan kənar rayonlarımızı mütəmadi olaraq intensiv raket və ağır artilleriya atəşinə tutdu, nəticədə çox sayda mülki əhali həyatını itirdi. Bütün bunlar isə düşmənin faşist xislətindən xəbər verməklə bərabər, onun beynəlxalq hüququn norma və prinsiplərinə saymazlığını göstərdi, sülh və insanlıq əleyhinə yönələn təcavüzkarlığını, müharibə və terror prinsiplərinə sadiqliyini təsdiqlədi.

Ermənistan hazırda böyük səhvə yol verdiyini anlayır. Lakin artıq gecdir. Bu səhvin buraxılmasından 30 illik bir zaman keçir. Bu müddətdə Ermənistanın yürütdüyü işğalçılıq siyasəti, Vətən müharibəsindəki ağır məğlubiyyəti düşmən ölkəni dərin böhranla üzləşdirib. Hazırda Ermənistanın vəziyyəti müstəqilliyinin ilk illərindəkindən də ağırdır. Bu gün Ermənistanın ordusu belə yoxdur. Sosial-iqtisadi şəraiti gündən-günə pisləşir. Bütün bu acınacaqlı durumun kökündə işğalçılıq siyasəti dayanır.

“Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq tarixə qovuşub. Bu, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həllini tapıb.

Bu gün işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri intensiv şəkildə aparılır. Azərbaycan çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edir və bu, xüsusən də, kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə texniki və maliyyə imkanlarını ayırıb.

Hidayət BƏŞİROV,

 Lerik Rayon Veteranlar Təşkilatının sədri

17 Oktyabr 2021 00:40 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə