Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzuli azaddır! Füzuli Azərbaycandır!

Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

“On yeddisi oktyabr nəinki füzulililərin xatirəsində, həm də Azərbaycan dövlətinin tarixində əbədi qalacaq”

Azərbaycan Prezidenti İlham Əliyev keçən il oktyabrın 17-də xalqa müraciət edərək, silahlı qüvvələrimizin Vətən müharibəsində öz xilaskarlıq missiyasını uğurla həyata keçirdiyini, parlaq qələbələr əldə etdiyini bildirdi. Dövlətimizin başçısı daha sonra böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını açıqladı, Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərinin və Füzuli şəhərinin düşməndən təmizləndiyini diqqətə çatdırdı.

Ölkə rəhbəri dedi: “Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə əziz füzulililəri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da, çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi…”.

Prezident İlham Əliyevin vurğula­dığı kimi, Füzuli uğrunda döyüşlərdə, həqiqətən, ordumuz böyük peşəkarlıq və şücaət nümayiş etdirdi. Çünki 30 il ərzində düşmən bu hissədə – təmas xəttində son dərəcə möhkəm isteh­kam qurmuşdu ki, həmin maneələri yarmağa, dağıtmağa bir neçə gün sərf olundu. Müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən yüksək peşəkarlıqla gələ bildi və qısa müddət ərzində rayo­nun əksər kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad edildi.

Füzuli rayonu düşməndən təmizlənəndən sonra burada erməni faşizminin daşı daş üstə qoyma­dığının, bütün yaşayış evlərini, infrastrukturu dağıtdığının, təbii sərvətləri taladığının şahidi olduq. Ölkə Prezidenti müraciətində bu dəhşətli vəziyyət barədə bildirdi: “Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün bina­lar sökülüb, dini abidələrimiz sökü­lüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıq­ları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir”.

Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və aşağı sahələri əhatə edən Füzuli rayonu işğaldan əvvəl Azərbaycanın ən abad, inkişaf edən bölgələrindən biri idi. Sahəsi 1386 kvadratkilometr, əhalisi isə 105 min nəfər olan bu ərazidə bir şəhər, bir qəsəbə, yetmiş səkkiz kənd vardı. Ən iri yaşayış məntəqələri Füzuli şəhəri, şəhər tipli Horadiz qəsəbəsi, Böyük Bəhmənli, Horadiz və Qacar kəndləri idi.

Tarixən Füzuli rayonu Azərbaycanın əzəli torpağı olub. Müxtəlif dövrlərdə bu ərazinin Qaraköpəktəpə, Qarabulaq kur­qanları, Quruçay sahilləri və digər hissələrində tədqiqatlar aparılaraq, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilib. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidələrlə Füzulinin vaxtilə qədim paleolit dövrünə aid olması aşkarlanıb.

Füzulinin iqtisadiyyatında taxılçı­lıq, heyvandarlıq, bostan-tərəvəzçilik aparıcı rol oynayıb. Bununla yanaşı, rayonun təsərrüfatlarında pambıqçı­lıq, şəkər çuğunduru, üzüm və meyvə istehsal edilib.

Ötən əsrin 80-ci illərinin sonundan başlayaraq, erməni təcavüzünə qarşı müharibədə minlərlə füzulili döyüşüb, rayonun yüzlərlə sakini şəhid olub, yaralanıb və itkin düşüb. 1993-cü il avqust ayının 23-də isə Füzuli Ermənistan ordusu tərəfindən işğal olunub.

Onu da deyək ki, 1994-cü il yanvarın 5-də ümummilli lider Heydər Əliyevin qətiyyəti və əzmi sayəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzulinin işğal altındakı 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad edilib. Yuxarıda bildirdiyimiz kimi isə ötən il oktyabrın 17-də Füzuli şəhəri şanlı ordumuz tərəfindən düşməndən tamamilə təmizlənib.

Azərbaycan Prezidenti İlham Əliyev Füzulinin işğaldan azad edilməsi ilə bağlı xalqa təbrik müraciətində dedi: “Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıraca­ğıq. O kəndlərə həyat qayıdacaq… Füzulililər orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinə yetiririk. Mən tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu işğalçı­ları torpağımızdan qovmağa davam edəcəkdir”.

Bu müraciətdən ötən bir il ərzində dövlətimizin başçısı verdiyi vədə sadiqliyini nümayiş etdirib. Qısa müddətdə Füzulidə genişmiqyaslı bərpa-quruculuq işləri görülüb. Füzuli Beynəlxalq Hava Limanının tikintisinə başlanılıb və bu günlərdə istifadəyə veriləcəyi nəzərdə tutulub.

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna səfərləri çərçivəsində rayonda həyata keçirilən bərpa-quruculuq layihələri ilə yaxından maraqlanıb, Füzuli Beynəlxalq Hava Limanının inşası, Əhmədbəyli–Füzuli–Şuşa magist­ralında və “Zəfər yolu”nda görülən işlərlə tanış olub. Bir müddət bundan əvvəl açılış mərasimi reallaşan “Füzu­li” və “Şükürbəyli” yarımstansiyaları­nın bölgədə mühüm önəm daşıdığını diqqətə çatdırıb.

Yeri gəlmişkən, sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanının is­tismara verilməsindən əvvəl, Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli və simvolik olaraq “Qarabağ” adını daşıyıan sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək, işğaldan azad olunan Qarabağın ilk hava lima­nında eniş icra edib. Bundan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də Füzuli aeroportuna enib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb. Bakı–Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti 35 dəqiqə olub.

Sonda onu da qeyd edək ki, Prezident İlham Əliyev iyunun 15-də respublikamızda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayarkən, dövlətimizin başçısı qardaş ölkənin rəhbərinə bu bölgədə reallaşdırılan bərpa-quruculuq layihələri barədə məlumat verib.

“Xalq qəzeti”

17 Oktyabr 2021 00:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə