Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəfər tarixinin xronikası: 17 oktyabr 2020-ci il

Həmin gün:

– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib: “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”;

– Prezident İlham Əliyev xalqa müraciət edərək, deyib: “Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz ama­lımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir”;

– Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terror aktı ilə bağlı rəsmi “Instagram” səhifəsində daha bir paylaşım edib: “Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər. Niyyət sadə və eyni zamanda, dəhşətlidir – mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq. Lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq. Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! Gəncə – Nizamidir, Məhsətidir, Vazehdir! Lakin Gəncə təkcə Azərbaycanın mədəni irsi deyil. Gəncə – qədim dövlətçiliyimizin beşiyidir. Bu, sarsıl­maz dözüm, mərdlik və igidlik rəmzidir!

Gəncə Cavadxanın yurdudur. Bu şəhər Şərqdə ilk demokratik cümhuriyyətin müstəqilliyi uğrunda sona qədər vuruşmuş şəhərdir.

Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!”;

– Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə yerli sakinlərlə görüşdə deyib: “Mənfur düşmən dinc azərbaycanlı sakinlər, o cümlədən, Gəncə sakinləri arasında təşviş yaratmaq istəyir. Amma o, məqsədinə heç vaxt nail ola bilməyəcək. Azərbaycan xalqının bu gün qəti bir əzmi var: Ali Baş Koman­danın rəhbərliyi ilə Azərbaycan torpaqları işğaldan azad edilsin”;

– Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Rusiyada akkreditə olunmuş dünyanın aparı­cı xarici KİV nümayəndələrinə (BBC, Nikkei, DPA, Deutsche Welle, Al Arabia, RAI, EFE, Reuters, Financial Times, ANSA, Al Jazeera, NBC, New York Times, NRK və s.) videofor­matda mətbuat brifinqi keçirib;

– Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov oktyabrın 17-də Hindistanın TV-9 telekanalının birbaşa efirində Hindistan ictimaiyyətini bu gecə Ermənistan ərazisindən Gəncəyə növbəti raket zərbələri endirmiş Ermənistan rəhbərliyinin növbəti müharibə cinayəti barədə məlumatlandırıb.

– Xarici İşlər naziri Ceyhun Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin növbəti dəfə raket atəşinə tutularaq, dinc əhalinin, mülki infrastrukturun hədəfə alınması ilə əlaqədar beynəlxalq təşkilatların rəhbərləri və xarici dövlətlərdəki həmkarlarına məlumat verib.

***

Müdafiə Nazirliyi bəyanat yayıb:

– Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərini növbəti dəfə atəşə tutub;

– humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından başlayaraq Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini atəşə tutub;

– qoşunlarımız düşmənin əvvəlcədən hazırlanmış müdafiə hədlərini müxtəlif istiqamətlərdə yarmağa, onu tutduğu mövqelərdən sıxışdıraraq çıxarmağa, qaçmağa məcbur etməyə və irəliləməyə nail olub. Aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində döyüş təcrübəsi qazanan şəxsi heyətimiz əhəmiyyətli istiqamətlərdə əlverişli hədd, yüksəklik və mövqeləri tutu;

– Azərbaycan Ordusu tərəfindən sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası sıradan çıxarılıb;

– düşmən bölmələrində şəxsi heyətin yorğun və ümidsiz olması səbəbindən zabitlərə tabe olmama, həmçinin qorxu və təşvişə düşərək döyüşə girməkdən imtina etmə halları qeydə alınıb.

***

Gəncədə Azərbaycandakı diplomatik korpusun rəhbərləri və hərbi attaşelər üçün təşkil edilən brifinqdə Baş Prokuror Kamran Əliyev deyib: “Ermənistan ordusunun təxribatları ilə bağlı artıq müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb. Hazırda lazım olan bütün sübutlar toplanılır və biz Ermənistanın siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunması üçün müxtəlif istiqamətlərdə hərəkət edəcəyik”.

***

Türkiyə, Rusiya, Avstraliya, Gürcüstan, Ukrayna, Fransa, Çili, Qırğızıstan və Rumıniyanın aparıcı KİV-ləri tərəfindən Gəncədə mülki əhalinin Ermənistanın raket hücumlarına məruz qalması ilə bağlı materiallar yayılıb.

“Xalq qəzeti”

17 Oktyabr 2021 09:03 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
28 Noyabr 2021 | 16:14
Sabaha olan hava PROQNOZU
27 Noyabr 2021 | 18:04
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə