Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan və İran Azərbaycanın işğal altında olan ərazilərindən narkotik vasitələrin Avropaya daşınması üçün istifadə ediblər

 

 

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu üzərindəki tarixi qələbəsindən bir keçir. Prezident İlham Əliyev bu müddət ərzində videokonfrans formatında keçirilən beynəlxalq tədbirlərdə, həmçinin dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə müharibənin başlanma səbəbləri, Ermənistanın işğalçı siyasətindən əl çəkməməsi, nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən dünya birliyinin bu ədalətsizliyə laqeyd münasibəti barədə ətraflı məlumat verib. Artıq dünya birliyinə də məlumdur ki, Azərbaycan öz ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizə aparıb və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməni yerinə yetirib.

Möhtərəm Prezidentimiz Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının vide­okonfrans formatında keçirilən iclasında çıxış edərkən son vaxtlar İranla Azərbaycan arasında yaranmış gərginliyə aydınlıq gətirdi. Dövlət başçımız dedi ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən 1 il keçir. Münaqişədən sonrakı dövr ümumilikdə sakit məcrada keçir. Ölkə başçısı diqqətə çatdırdı ki, münaqişə keçmişdə qaldı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Azərbaycan Ermənistan ilə münaqişəni hərbi-siyasi yolla həll etdi. Prezident, həmçinin ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatla münaqişəyə son qoyuldu­ğunu xatırlatdı.

Prezident İlham Əliyev çıxışında Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyatların dayandırılmasındakı rolunu xüsusi vurğula­dı və bunun hər iki tərəfdən çoxsaylı insan itkilərinin qarşısını aldığını söylədi.

Dövlətimizin başçısı dedi ki, Ermənistan işğaldan əvvəl Şuşa şəhərində olan 17 məsciddən 16-nı dağıdıb. Yalnız bir məscid “tolerantlıq” nümunəsi kimi saxlanılıb və İrandan olan “mütəxəssislər”in vasitəçiliyi ilə onu İran məscidi kimi təqdim etməyə cəhd göstərib. Respublikamızın rəhbəri işğal edilmiş ərazilərdəki evlərin söküldüyünü, daşların Ermənistan və İranda satıldığını diqqətə çatdırıb: “Ermənistan, həmçinin ətraf mühitə də böyük zərər vurub. İşğal dövrü ərzində 60 min hektar meşə sahəsi qırılıb, Ermənistan və İrana satılıb. Qızıl yataqlarının və digər təbii resursların qanunsuz istismarı həyata keçirilib. Bir Avropa şirkətinin iştirakı ilə transsərhəd çayı olan Oxçuçay sistemli şəkildə çirkləndirilib ki, bu da ekoloji faciəyə səbəb olub. Bu faktı artıq nüfuzlu beynəlxalq ekspertlər də təsdiq edirlər”.

Prezident bildirdi ki, təqribən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq, Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropa­ya narkotik vasitələrin daşınması üçün istifadə edib. Dövlət başçımız diqqətə çatdırdı ki, ötən il Azərbaycan Ermənistanın nəzarətində olan İran ilə 130 kilometrlik dövlət sərhəddi üzərində nəzarəti bərpa etdikdən sonra İran­dan Azərbaycanın Cəbrayıl rayonu ərazisindən keçməklə Ermənistana, oradan da Avropaya narkotik vasitələrin daşınmasının yolunu kəsib: “Azərbaycan–İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə ar­tıb. Bu o deməkdir ki, Ermənistan, təqribən, 30 il müddətində İranla əlbir olaraq, Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropa­ya narkotrafik üçün istifadə edib”.

Dövlət başçısı bir daha bəyan etdi ki, işğal dövründə dəfələrlə bəyan etmişdim ki, işğal altında olan ərazilər narkotik vasitələrin daşın­ması və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. İndi bu, artıq sübut edilmiş faktdır.

Azər SÜLEYMANOV,

YAP Nəsimi rayon təşkilatının sədri

17 Oktyabr 2021 00:32 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə