Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın müstəqilliyi əbədi, dönməz və sarsılmazdır

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı 30 illik dövr ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni inkişafı tarixində mürəkkəb və şərəfli mərhələ olmuşdur. Fəxr və qürürla deyə bilərik ki, bir il əvvəl 44 günlük Vətən müharibəsindən sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər odrdumuzun qazandığı tarixi qələbə isə müstəqillik tariximizin ən parlaq səhifəsi olmuşdur. Müstəqil dövlətimizin başçısı bu müqəddəs savaş zamanı mahir diplomat və sərkərdə kimi 30 ilə yaxın müddətdə həllini tapmayan Ermənistan–Azərbaycan münaqişəsinə son qoyaraq öz adını Azərbaycan tarixinə müzəffər sərkərdə kimi yazmışdır.

1918-ci ilin 28 mayında elan edilmiş Azərbaycan Demokratik Respublikası 23 aylıq fəaliyyətindən sonra bolşevik işğalı nəticəsində süqut etmişdi. Xalqımız 70 il Sovetlər Birliyinin tərkibində yaşasa da XX əsrin sonlarında yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Elə o gündən də ölkəmiz insan hüquq və azadlıqlarının qorunmasına təminat olaraq demokratik idarəetmə və vətəndaş cəmiyyətinin qurulmasını özünün ali məqsədi kimi qəbul etdi.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini rəsmiləşdirən Konstitusiya Aktının qəbulu ölkəmizin istər siyasi, istərsə də iqtisadi və içtimai həyatında inqilabi bir hadisə idi. Konstitusiya Aktı respublikada milli siyasət və idarəetmənin təminatçısı olmaqla iqtisadi inkişafın əsaslarını müəyyənləşdirdi, davamlı inkişafa, insan hüquqlarının təminatına etibarlı zəmin yaratdı.

Lakin müstəqilliyinə yenicə qovuşan ölkə üçün hər şey gözlənildiyi qədər də asan olmadı. O zaman baş verən hadisələr, qanunsuz silahlı birləşmələrin təxribatçı fəaliyyəti, hakimiyyətin səriştəsizliyi, qətiyyətsizliyi ölkəni ciddi xaos və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Azərbaycanın müstəqilliyini və bərpasını istəməyən qüvvələrin, xarici dövlətlərin dəstəyi ilə ortaya atdıqları Ermənistanın separatçı təcavüzü, silsilə pozuculuq aksiyaları ölkədə qarşıdurma və hərc-mərcilik yaratdı. Belə ağır və mürəkkəb vəziyyət, əslində, Azərbaycanı yenidən müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu.

Azərbaycan xalqının təkidli xahişi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz çətin və mürəkkəb bir şəraitdə qorunub saxlanıldı. 1993-cü il ölkədə sabitlik və inkişaf prosesinin başlanğıcı kimi tarixə düşdü. Respublikamızda taleyüklü strateji islahatların, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsinə xüsusi önəm verildi.

Çox mürəkkəb tarixi şəraitdə müstəqil dövlətin yeni Konstitusiya layihəsinin hazırlanması da olduqca vacib və önəmli idi. Yeni layihənin təşəbbüskarı və müəllifi də məhz ulu öndər Heydər Əliyev oldu. Onun sədrliyi ilə Azərbaycn Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması üçün komissiyanın yaradılması, 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq səsverməsi yolu ilə ölkənin Əsas Qanununun qəbulu Azərbaycan Respublikasında hüquqi dövlətin formalaşmasında önəmli hadisə oldu.

1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu və insan hüquqlarının, azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın qəbulu siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaratmışdır. Burada fundamental bərabərlik hüququ, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq kimi vətəndaşlıq hüquqları öz parlaq əksini tapmışdır. Bundan başqa, ölkə vətandaşlarının cəmiyyətin və dövlətin idarə olunmasında iştirakı, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları da konstitusiyada təsbit olunmuşdur.

Azərbaycanın Avropa Şurasına üzv olması ilə bağlı hazırlıq prosesində, 10 fevral 1998-ci il tarixdə ölüm hökmünün ləğv olunması müstəqil və gənc dövlətin bütün dünyada təqdir olunan humanitar addımı oldu. Azərbaycan 2001-ci ilin yanvar ayında Avropa Şurasına qəbul edildikdən sonra dövlətimizin hüquq sisteminin Avropa hüquq sisteminə uyğunlaşdırılmasına zəmin yaranmışdır. Bundan sonra İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) təsisatının yaradılması da vacib sayılmış, 2002-ci il iyul ayının 2-də Azərbaycanda Ombudsman təsisatı yaradılmışdır.

Dövlətimizin ali məqsədinə nail olunmasında, müvafiq hüquqi mexanizmlərin yaradılmasında, o cümlədən mükəmməl qanunvericilik bazasının formalaşdırılmasında ardıcıl siyasi xətt həyata keçirilməsi təqdirəlayiqdir. Bu sırada Azərbaycan Respublikası Prezidentinin 1998-ci il fevralın 22-də imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı xüsusi əhəmiyyətə malikdir. Həmin dövrdə ulu öndər tərəfindən təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” isə bu sahədə ilk fundamental sənəd olmaqla cəmiyyətin həyatının hüquqi tənzimlənməsində inkişafa təkan vermişdir. Təsadüfi deyil ki, həmin Dövlət Proqramının qəbul olunduğu gün – iyunun 18-i ölkə başçısının 2007-ci il tarixli sərəncamına əsasən, Azərbaycanda insan hüquqları günü elan edilmişdir.

Sonrakı illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasını, vətəndaşların layiqli həyat səviyyəsini, demokratiyanın inkişafını təmin etdi. Hüquq sistemi üçün vacib dəyişikliklərdən biri isə hər bir kəsə pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə fərdi şəkildə müraciət etmək hüququnun verilməsi oldu.

Dövlət idarəetməsində yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində mühüm tədbirlərdən biri ölkə Prezidentinin 13 iyul 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması oldu. Agentlik dövlət orqanlarında şəffaflığın artırılmasının, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqilə göstərilməsinin, vətəndaşlara münasibətdə etik davranış qaydalarına əməl edilməsinin və vətəndaş məmnunluğunun təmininin zəruriliyindən yaradılmış, müxtəlif orqanların xidmətlərini bir qurumda təqdim edən “ASAN xidmət” mərkəzlərinin yaradılması cəmiyyətdə cox yüksək razılqla qarşılanmışdır.

Bütün Azərbaycan xalqı yaxşı dərk edir ki, ulu öndər Heydər Əliyevin bizə etibar etdiyi, onun ən sadiq davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı tərəqqi yoluna çıxarılmış müstəqil Azərbaycanda yaşamaq, yaratmaq hər bir vətəndaşın hüququ olmaqla yanaşı, həm də ölkəmizin suverenliyini etibarlı qorumaq, onun ikişafına töhfələr vermək hər bir vətəndaşımızın şərəfli borcudur. Dövlətlə xalqın sarsılmaz birliyi isə müstəqilliyimizin əbədi, dönməz və sarsılmaz qarantı, yeni-yeni qələbələrimizin əsasıdır.

Zaur ABDULLAYEV,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra şöbəsinin rəisi,

ədliyyə müşaviri

17 Oktyabr 2021 00:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə