Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev dühası müstəqil Azərbaycana milli dövlətçilik bəxş etmişdir

Bu gün ulu öndər Heydər Əliyevin ilk dəfə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməsindən düz 28 il ötür. Həmin günü çox yaxşı xatırlayıram. Bakı Dövlət Universitetinin tələbəsi idim. Səhər tezdən seçki məntəqəsinə yollanıb, dahi siyasətçinin lehinə səs verdim. Bu, mənim həyatımın ən qürurverici anlarından biridir. Yeri gəlmişkən, 1993-cü il oktyabr ayının 3-də təkcə mən deyil, səsvermə hüququ olan insanların böyük əksəriyyəti ümummili liderin Azərbaycan o dövrdə üzləşdiyi olduqca ağır, çətin vəziyyətdən xilas edəcəyinə inanırdı. Xoşbəxtlikdən, dahi siyasətçi xalqın etimadını tamamilə doğrultdu. Qısa zaman kəsiyində ölkədə Heydər Əliyevin rəhbərliyilə son dərəcə mühüm əhəmiyyət kəsb edən addımlar atıldı. Heydər Əliyevin xalqımızın tarixində ən böyük xidmətlərindən biri də odur ki, o, müstəqil Azərbaycanda milli dövlətçiliyin sarsılmaz bünövrəsini qoymuşdur.

Xalqları dünyada məhşurlaşdıran təkcə onların zəngin sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir. Məhz belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevdir.

Mən özümü dərk etdiyim zamandan Heydər Əliyev şəxsiyyəti ilə fəxr etmişəm. Bu gün də millətini, xalqını sevən, onun inkişafı üçün yorulmadan mübarizə aparan, bütün dünyanın hörmətini qazanan, ”Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyən dahi bir şəxsiyyətlə eyni dövrdə yaşamağın qürurunu duyuram. Onun keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır.

Müdrik rəhbər fəaliyyətinin bütün illərində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Məhz Heydər Əliyev şəxsiyyətinin çoxillik idarəçilik səriştəsi, siyasi bacarığı xalqımızı müstəqillik arzularına qovuşdurdu.

Müasir Azərbaycanımız dünya ölkələri arasında layiq olduğu yüksək mərtəbəyə ümummilli liderimizin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Çünki ulu öndərimizin bizə ərməğan etdiyi, yaratdığı bir milli sərvət – Heydər Əliyev dövlətçilik məktəbi bu gün də fəaliyyət göstərir və bu məktəbin layiqli davamçıları var. Ən çox inandığı davamçısını isə 2003-cü ildə xalqa belə təqdim etdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Gənc liderimiz öz növbəsində dahi rəhbərin bütün ümidlərini layiqincə doğrultmağı bacardı. İlham Əliyevin dövlət idarəetmə qabiliyyəti xalqımızın xoş rifahı, ümidli gələcəyi, ölkəmizin dinamik inkişafı, sürətlə moderinləşməsi, dünyada nüfuz və söz sahibi olması ilə səciyyələnir. Heydər Əliyev ideyalarını ardıcıl olaraq uğurla həyata keçirməklə, cənab İlham Əliyev bir çox siyasi keyfiyyətləri – yüksək idarəetmə qabiliyyəti, dövrün çağırışlarına çevik reaksiya verməsi, xalqına, millətinə, dövlətinə, ən əsası keçmişinə, milli-mənəvi dəyərlərə bağlı olması ilə dünyanın siyasi sistemində özünəməxsus yer qazanmışdır. Hər kəs dərk etməlidir ki, Azərbaycanın nicatına aparan yol Heydər Əliyev siyasi kursuna – vətəninə, xalqına böyük məhəbbətdən, qanunların aliliyinə sədaqətdən, azərbaycanlı olmağın sonsuz qürurunu duymaqdan keçir.

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar,

energetika və ekologiya komitəsinin sədri

17 Oktyabr 2021 00:04 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə