Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqın istəyinin ifadəsi olan tarixi müraciət

Çağdaş Azərbaycan tarixinin unudulmaz səhifələrindən biri 1992-ci il oktyabrın 16-da xalqın “qızıl fondu” sayılan ziyalılardan bir qrupunun – məşhur “91-lər”in ümummilli lider Heydər Əliyevə müraciət etməsi ilə bağlıdır. Həmin tarixi müraciətdə dahi şəxsiyyətdən yeni partiya yaradaraq siyasi proseslərə fəal müdaxilə etmək və son dərəcə çətin sınaqlar dövrünü yaşayan Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən qurtarmaq üçün xilaskarlıq missiyasını öz üzərinə götürməsi təkidlə xahiş olunurdu.

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində SSRİ süqut edəndən sonra xalq hərəkatı dalğasında hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü ölkəni lazımınca idarə edə bilmədikləri üçün özlərini tamamilə itirmişdilər. Bütün sahələrdə dərin böhran yaranmış, Azərbaycanı əsl ictimai-siyasi xaos bürümüşdü. Qarabağda baş qaldıran erməni separatçıları isə DQMV-nin Azərbaycandan ayrılması niyyəti ilə ətraf bölgələrə silahlı basqınlar edir, dinc əhaliyə divan tuturdular. Nizami ordumuz olmadığına görə, adda-budda yaradıl­mış özünümüdafiə dəstələri düşmənin qarşısını almaqda çətinlik çəkir, çoxlu itki verirdilər. Artıq məşum Xocalı faciəsi törədilmiş, Qarabağın baş tacı olan Şuşa və Laçın işğal edilmişdi.

Dünya şöhrətli siyasətçi həmin vaxt Naxçıvanda idi. Buna qədər isə sovet qoşunlarının Bakıda törətdiyi 20 Yanvar faciəsi ilə bağlı Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedən Heydər Əliyev orada kəskin etiraz çıxışı etmiş, xalqımıza qarşı törədilən cinayətin təşkilatçıları və icra­çılarının cəzalandırılması tələbini irəli sürmüşdü. Həmin ilin iyulunda Bakıya qayıtsa da, ciddi təqib edildiyinə görə iki gündən sonra təyyarə ilə Naxçıva­na getməli olmuşdu. Orada təkrarən siyasi fəaliyyətə qayıtmalı olmuş və Naxçıvandan Azərbaycan Ali Sovetinə deputat seçilmişdi. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin sessi­yasında muxtar respublikanın adından “sovet sosialist” sözlərinin çıxarılması və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, Ay-ulduzlu bayrağının dövlət bayrağı kimi qəbul edilməsi dahi liderin adı ilə bağlıdır. 1991-ci ilin sentyabrında Naxçıvan MR Ali Məclisinin sədri seçilən ulu öndər iki ay sonra orada 20 Yanvar faciəsinə siyasi qiymət verilməsini real­laşdırmışdır.

Olduqca çətin və ağır bir vaxtda Nax­çıvana rəhbərlik edən siyasət dühasının xilaskarlıq missiyası, əslində, elə oradan başlayırdı. Heydər Əliyev Naxçıvan Muxtar Respublikasını işğaldan qoruyur, böhranlı vəziyyəti aradan qaldırmaq, MR sərhədlərində müharibəni səngitmək, Müdafiə Komitəsinin fəaliyyətini gücləndirmək, əhalinin ağır iqtisadi, sosial vəziyyətinə, ərzaq, enerji, yana­caq təminatına kömək etmək kimi həyati məsələlərin həllinə nail olmuşdu. Amma dahi şəxsiyyət bütün Azərbaycana lazım idi, çünki ölkəni düşdüyü ağır, çıxılmaz vəziyyətdən xilas edəcək ikinci bir şəxs yox idi.

“Səs” qəzetində “Azərbaycan xalqı Sizin sözünüzü gözləyir” başlığı ilə dərc edilmiş tarixi müraciətdə respublika­mızın, xalqımızın vəziyyətinin gündən-günə ağırlaşdığı, Azərbaycanın, sözün əsl mənasında, siyasi, mənəvi böhran keçirdiyi qeyd olunmuş, ermənilərin Qa­rabağ fitnəkarlığı, vəziyyətin doğurduğu digər fəsadlar göstərilmişdir. “91-lər” öz müraciətlərində ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri Heydər Əliyevin simasın­da gördüklərini belə bəyan edirdilərː

“Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculu­ğu təcrübələrinizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox bö­yük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sor­ğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyası­na bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər”.

Müraciətin sonunda ona minlərlə Azərbaycan vətəndaşının da məmnuniyyətlə qoşulmağa hazır olması, hələlik isə ilk addım kimi bunun bir qrup ziyalının adından edilməsi qeyd olunurdu. Son söz olaraq isə bildirilirdiː “Azərbaycan Sizin sözünüzü və qərarınızı gözləyir”.

Həmin müraciətin cavabı gecikmədi. Bir neçə gün sonra, oktyabrın 24-də mətbuatda Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavab olan “Yeni, Müstəqil Azərbaycan uğrunda!” sərlövhəli məktubu dərc olundu. Bun­dan sonra respublika ziyalılarının YAP təşkilat komitəsinin yığıncağı keçirildi və Heydər Əliyev yekdilliklə təşkilat komitəsinin sədri seçildi. 21 noyabr 1992-ci ildə isə Naxçıvan şəhərində YAP-ın təsis konfransı oldu, Heydər Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçildi.

Göründüyü kimi, ümummilli lider “91-lər”in müraciətini bütün xalqın istəyinin ifadəsi, başqa sözlə desək, sosial sifariş kimi qəbul etmiş və dəyərləndirmişdir. Təbii ki, bütün varlığı ilə azərbaycanlı olan müdrik lider ölkənin çətin günündə qətiyyən kənarda qala bilməzdi. Belə bir mərama, amala, əqidə və məsləkə yalnız “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” kimi yüksək vətənpərvər bir deyimin müəllifi olan dahi şəxsiyyət könül verə bilərdi.

Bütün bunlarla bərabər, ölkə həyatının dərin təbəddülatlar mərhələsi davam edirdi. 1993-cü ildə respublikada vəziyyət daha da ağırlaşdı, Gəncədə Surət Hüseynovun silahlı dəstəsi dövlətə qarşı çıxdı. Xalq vətəndaş müharibəsinin bir addımlığında idi. Xalq tərəfindən, eyni zamanda, artıq respublika rəhbərliyi səviyyəsində təkidlə Bakıya çağırı­lan Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev iyunun 13-14-də Gəncə şəhərində oldu. Yaranan vətəndaş müharibəsinin qarşısını almaqla, Azərbaycanı bölünmək, yox olmaq təhlükəsindən bir daha qorudu.

Beləliklə, xalq öz tələbində qəti idi, təkidlə Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edirdi. İyunun 13-də çağırılan parlamentin fövqəladə ses­siyası iyunun 15-də öz işini davam etdirdi. Gündəlikdə bir məsələ du­rurdu: respublika Ali Soveti Sədrinin seçilməsi. Bəzi təkliflərin olmasına baxmayaraq, deputatlar bir səslə Ali Sovet Sədrinin seçilməsi məsələsini gündəliyə daxil etməyi qərara aldılar. Gizli səsvermə yolu ilə Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. 15 iyun xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. 3 oktyabr 1993-cü ildə Azərbaycanda Prezident seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Heydər Əlirza oğlu Əliyevin lehinə 98,8 faiz, əleyhinə 1 faiz səs verildi. 10 oktyabrda Respublika Sarayında (indiki Heydər Əliyev Sara­yı) Prezident Heydər Əliyevin təntənəli andiçmə mərasimi keçirildi. Dahi rəhbərin Azərbaycanda hakimiyyətə qayıdışı müstəqil ölkəmizin xilası, torpaqlarımızın işğalının dayandırılma­sı, iqtisadi-sosial inkişaf, Azərbaycanın dünyaya açılması, iri neft müqavilələri, xarici investorların ölkəmizə gəlişi, qaçqın və məcburi köçkünlər üçün həyat şəraitinin təmini, bir sözlə, xilas və inkişaf idi.

Sonrakı dönəmlərdə Heydər Əliyev "91-lər"in müraciəti ilə bağlı fikirlərini dəfələrlə bildirmiş və yüksək dəyərləndirmişdir:

“91-lərin mənə müraciətindən əvvəl – ondan bir xeyli vaxt əvvəl – Sirus Təbrizli böyük bir məqalə dərc etdirmişdi ki, biz Heydər Əliyevi Azərbaycana, Bakıya özümüz dəvət etməliyik. Mən o məqaləni də oxudum, onu çox hörmətlə qarşıladım, qəbul et­dim. Ancaq o məqalə də mənim fikrimi dəyişmədi. Nəhayət, Azərbaycanda vəziyyətin get-gedə ağırlaşdığını, çətinləşdiyini görərkən və bu partiyanın yaranması ilə əlaqədar mənə müraciət edən ziyalıların, respublikanın tanın­mış adamlarının – ölkəmiz, xalqımız, torpağımız üçün ürəyi həqiqətən yanan adamların iztirabını duyarkən, onların xalqımız, ölkəmiz üçün bir iş görmək arzusunu hiss edərkən mən tədricən belə bir partiyanın yaranmasına kömək etməyə razılığımı verdim. Sonra mənə 91-lərin müraciəti gəldi və mənim müraciətə cavabım oldu. Bunlar hamısı o vaxt bizi yeganə müdafiə edən "Səs" qəzetində dərc olundu. Ondan son­ra, noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması üçün təsis konfransı keçirildi...

Mən 91-lərin hamısına həmişə bö­yük hörmət və ehtiram bəsləmişəm. Bu gün də onların hamısına – dünyadan gedənlərə Allahdan rəhmət diləyirəm, indi bizimlə bərabər olanlara səmimi qəlbdən təşəkkür edirəm. Ona görə yox ki, 91-lərin müraciəti – sizinlə açıq danışıram – mənim həyatımda böyük bir dönüş rolu oynadı. Yox. Siz bilirsi­niz ki, biz partiyanı yaradandan 7 ay sonra xalq, o cümlədən, o vaxt iqti­darda olanlar, artıq qaçıb dağılmaqda olan insanlar məni Azərbaycana dəvət etməyə məcbur oldular”.

Bu gün müasir Azərbaycanın me­marı, ulu öndər Heydər Əliyev böyük ehtiramla anılır, onun ideyaları, siyasəti möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Qarabağın işğal altında olan torpaqları düşməndən təmizlənib. Ora­da geniş bərpa-quruculuq işləri aparılır, ərazilər erməni faşizminin “əkdiyi” ölüm toxumlarından – minalardan təmizlənir ki, əhali tezliklə dədə-baba yurdlarına qayıtsın. Heydər Əliyevin məhv olmaq təhlükəsindən xilas etdiyi Azərbaycan artıq dünya xəritəsində öz yeri olan, regionda söz sahibinə çevrilən bir ölkədir. Bayrağımız dünyanın ən mötəbər yerlərində dalğalanır. Avro­panın əsas neft və qaz təchizatçısı bizik. Azərbaycanla hesablaşırlar, onu etibarlı tərəfdaş kimi qəbul edirlər. Hər bir Azərbaycan vətəndaşı isə bu inki­şafın, uğurun, təhlükəsiz və sabit bir dövlətin qurucusunun məhz “91-lər”in tarixi müraciəti ilə hakimiyyətə qayıdan Heydər Əliyev olduğunu çox gözəl bilir və onun siyasətinin davamlı olmasını dəstəkləyir.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

17 Oktyabr 2021 00:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə