Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tariximizin şanlı səhifəsi

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 71 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Konstitusiya Aktı siyasi və iqtisadi münasibətlərin funda­mental prinsiplərini, bütün təbii sərvətlərin xalqa mənsub olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təmin olunmasını özündə ehtiva edib.

Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qo­runub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nü­fuzunun möhkəmləndirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycanın milli bayramla­rından olan “Dövlət müstəqilliyinin bərpası” günü 30 ildən sonra ilk dəfədir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur.

1991-ci il... Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzu­suna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq meydan hərəkatında bərkimiş, yanvar qırğınını görmüş­dü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi.

1991-ci ilin bir payız günündə qızğın müzakirələrdən sonra “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Bir tərəfdən imperiyanın dağıl­mağa başlaması, digər tərəfdən xalqın artmaqda olan təzyiqi respublikanın hakim dairələrini manevr etmək məcburiyyətində qoymuşdu. Yuxarılarda belə hesab edirdilər ki, bu sənədin qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü uzatmağa imkan verəcəkdir. Ona görə də təsadüfi deyildi ki, “Konstitusiya aktı” ilkin mərhələdə yalnız quru kağız olaraq qalır, Azərbaycan yenə də Moskvadan idarə edilir, rejim Kremlin dediyi ilə oturub dururdu. Lakin artıq bunlar arxada qalmışdır.

Azərbaycan Respublikasın­da 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülletenində yazıl­mışdı: “Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Ali Sovetinin qəbul etdiyi Konsti­tusiya Akt”ına tərəfdarsınızmı?” Səsvermə hüququ onların 95%-indən çoxu referendumda iştirak etdi. Azərbaycan yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublika­sını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr, 1991), Pa­kistan (13 dekabr, 1991), İsveçrə (23 dekabr, 1991), İran (25 dekabr, 1991), ABŞ (23 yanvar, 1992), Rusiya (10 aprel, 1992) və başqa dövlətlər tanıdılar.

Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992-ci il) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı. Lakin müstəqilliyini qazandıq­dan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qara­bağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siya­si təcrübəyə malik olan Heydər Əliyevin xalqın israrlı tələbləri ölkədə hakimiyyətə qayıdışı nəticəsində bu təhlükə sovuşdu.

İndi müstəqilliyimizin siya­si və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qo­runub saxlanır, inkişaf etdirilir.

1991-ci ildə Sovet İttifaqı­nın dağılması nəticəsində digər müttəfiq respublikalarla birlikdə Azərbaycan da müstəqilliyə qo­vuşdu və əlbəttə ki, bizim üçün XX əsrdə ikinci şans yarandı. Ancaq əfsuslar olsun ki, ölkədə gedən xoşagəlməz proseslər imkan ver­mirdi ki, gənc müstəqil Azərbaycan ayaqda möhkəm dayana bilsin, öz müstəqil siyasətini apara bilsin və xalqın maraqlarını doğrulda bilsin. Çox ağır, faciəvi illər idi. 1992-ci ildə AXC-Müsavat rejimi dövründə hakimiyyəti qanunsuz şəkildə zəbt etdikdən sonra vəziyyət daha da ağırlaşdı, pisləşdi. Ölkə idarəolunmaz vəziyyətə düşmüş­dü. Məhz o illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmış və torpaq­larımız işğal altına düşmüşdü. Ölkəmizdə xaos, total böhran hökm sürürdü, iqtisadiyyat iflic vəziyyətdə idi. Əlbəttə ki, Azərbaycan xalqı çıxış yolu axtarırdı. AXC-Müsavat rejimi dövründə ölkədə vətəndaş müharibəsi başlamışdı. Xalqımız nicat yolunu Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikli­yini təsdiqlədi.

1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yo­luna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Ulu öndər Heydər Əliyevin xalq, dövlət qar­şısında misilsiz xidmətləri vardır. 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlandı. Nizami ordu yaradıldı, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdır, dövlətçiliyin əsasları qoyulmuş­dur, azərbaycançılıq ideologiya­sı rəsmi ideologiya kimi qəbul edildi. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi. Bu gün Azərbaycan bu strateji inkişaf istiqamətlərini əsas tuta­raq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün ölkəmiz milli maraqların təmin olunma­sında çox böyük addımlar atıb, uğurlar qazanıb. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki, o vaxtdan bu günə qədər çox böyük işlər görülüb, ancaq, eyni zaman­da, dünya da, bölgə də dəyişib. Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik.

Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisa­diyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanması­na eyni dərəcədə diqqət verilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünya­nın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada ön sıradadır. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan “Bakı–Tbilisi–Ceyhan” Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarır. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqı­mızın daha firavan yaşamasında mühüm rol oynayır.

Bu illər ərzində ölkəmizin hərbi qüdrəti də getdikcə artıb. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən təchiz olunmuş, ən mü­asir silahlarla silahlanıb, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu formalaşıb. Məhz bu kompleks tədbirlərin nəticəsidir ki, 2016-cı il aprel ayının əvvəllərində Azərbaycan Ordusunun bölmələri əks-həmlə ilə erməni işğalçıları­nın törətdikləri silahlı təxribatların qarşısını aldı və düşmənin dinc əhaliyə qarşı hücumlarını dəf etdi, sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq bir çox ərazilərimizi, ö cümlədən olduqca mühüm əhəmiyyət kəsb edən strateji yüksəklikləri düşməndən azad etdi.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən baş­lıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. Qırx dörd günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu.

Eyni zamanda, Azərbaycan Ordusu tərəfindən döyüşlərdə ən müasir silahlardan peşəkarlıqla istifadə edilməsi, yüksək dağlıq şəraitdə, sıldırım qayalıqlar­da həyata keçirilən əməliyyat nəticəsində Şuşanın ermənilərdən təmizlənməsi Azərbaycanın hərb tarixinə şərəfli səhifə kimi yazıldı.

Azad edilmiş ərazilərdə qar­şılaşdığımız dəhşətli mənzərə, dağıdılmış, məhv edilmiş infrast­rukturun yenidən qurulması üçün Prezidentin göstərişi ilə hazırda sürətli bərpa işləri həyata keçirilir.

Ötən il 44 günlük Vətən müharibəsindəki qələbə bu salnamənin parlaq səhifəsidir. Məhz Prezidentimizin – Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan ordusunun sayəsində xalqımız uzun illərdən sonra bu il ilk dəfə “Dövlət müstəqilliyinin bərpası” gününü dövlətçiliyin əsas şərtlərindən biri olan respublika­mızın ərazi bütövlüyünün təmin olunması və torpaqlarımız işğaldan azad edilməsinin sevinci və Vətən müharibəsi zəfərinin qüruru ilə qeyd edir.

Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu və məqsədyönlü daxili və xa­rici siyasət kursu diplomatiya sahəsində olduğu kimi, döyüş meydanında da öz sözünü dedi. Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaq­larımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin heyrətamiz hərbi əməliyyat nəticəsində azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xal­qın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə, öz liderinə, onun siyasətinə, onun gücünə inamını, Heydər Əliyev ideyala­rına, amalına sadiqliyini daha da möhkəmləndirdi.

Sirr deyil ki, bu tarixi qələbənin əldə edilməsində Dövlət Təhlükəsizliyi Xidmətinin də xüsusi rolu vardır.

Azərbaycan təhlükəsizlik orqanlarının milli dövlətçilik ideologiyasına söykənən prinsiplər əsasında formalaşma­sının nəticəsi idi ki, erməni silahlı birləşmələrinə qarşı, hələ birinci Qarabağ müharibəsində vətənin müdafiəsinə ilk olaraq qalxan və rəşadətlə vuruşanlardan biri də Azərbaycan təhlükəsizlik orqan­larının əməkdaşları idi. Vətənə sipər oğullar Azərbaycanın suve­renliyi və ərazi bütövlüyü uğrun­da gedən döyüşlərdə əsl igidlik, şücaət və qəhrəmanlıq nümunəsi göstərdilər. Müstəqil Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşlarından 6 nəfəri – Riad Əhmədov, Nadir Əliyev, Əmiraslan Əliyev, Eldar Məmmədov, Bəhruz Mansurov və Faiq Cəfərov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldülər.

Birinci Qarabağ müharibəsində olduğu kimi 44 günlük Vətən müharibəsində də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Ömrünün 30 ilini təhlükəsizlik orqanlarında dövlətə xidmətə həsr etmiş bir polkovnik kimi əmin edirəm ki, müharibə dövründə DTX-nin ölkə vətəndaşlarına müraciətləri, erməni terroru barədə xəbərdarlıqları, Qa­rabağda döyüşən kürd terrorçuları­nın səsini yayması, Livanlı muzd­lu-terrorçunun məsuliyyətə cəlb edilməsi və s. DTX-nin fəaliyyətinin yalnız bir hissəsi və eyni za­manda vətəndaşlarla paylaşılan açıq hissəsi idi. Unutmayaq ki, DTX əməkdaşları gözəgörünməz cəbhənin insanlarıdır. Əbəs yerə təhlükəsizlik orqanlarına dövlətin onurğa sütunu demirlər. Qısa müddət ərzində təhlükəsizlik orqanlarının belə qürurverici yüksəkliyə çatdırılmasında birinci Qarabağ müharibəsində iştirak etmiş, vətən oğlu general-polkovnik Əli Nağıyevin fəaliyyəti əvəzsizdir, danılmazdır. Bu yerdə ulu öndər Heydər Əliyevin "Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanları o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadr və iş üslubu olsun" fikri əsl yerinə düşür.

Azərbaycanın milli bayramla­rından olan 18 oktyabr bu il həm də 30 ildən sonra ilk dəfədir ki, “Müstəqilliyin bərpası günü” adı ilə qeyd olunur. Milli Məclisin 15 oktyabr tarixində keçirilən iclasında “Müstəqillik günü haqqında” qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olunub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixində imzaladığı “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mayın 28-i “Müstəqillik günü”, okt­yabrın 18-i “Müstəqilliyin bərpası günü” elan edilmişdir. Bu qanu­nun qəbulu çoxəsrlik dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyır.

Sonda, bu əlamətdar tarixi gün münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik, xalqımıza isə bu yolda əzmkarlıq və güc birliyi arzulayırıq.

“Dövlət müstəqilliyinin bərpası” günümüz mübarək!

Azər QARAYEV,

Azərbaycan təhlükəsizlik orqanlarının veteranı

17 Oktyabr 2021 00:53 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə