Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlham Əliyev MDB dövlət başçılarını yeni Qafqaz reallıqları ilə tanış etdi

Hərbi əməliyyatların dayandırılmasında Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin xüsusi rolunu bir daha qeyd etmək istərdim. Bu, hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Oktyabrın 15-də Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında iştirak edib. Hazırda təşkilata rəhbərlik edən Belarus Prezidenti Aleksandr Lukaşenko konfransın əsas müzakirə mövzuları ilə bağlı məlumat verdikdən sonra qeyd edib ki, budəfəki iclas MDB-nin yaradılmasının 30 illiyi ərəfəsində keçirildiyi üçün xüsusi əhəmiyyət kəsb edir.

Ötən əsrin 90-cı illərinin əvvəlində SSRİ-nin dağılması ilə yaradılan qu­ruma Azərbaycan 1993-cü ildən tam səlahiyyətli üzv kimi daxil olub. Lakin aradan keçən 30 il ölkəmiz üçün bir çox fərqli məna ifadə edir. Məlum olduğu kimi, həmin dövrdə yenicə müstəqillik qazanan respublikamız fürsətdən istifadə edən xain qonşusu Ermənistanın işğalla nəticələnən qanunsuz, xəbərdarlıq edilmədən başladılan hücumlarına məruz qalmış, bununla da torpaqları­nın bir hissəsini itirmişdi. Belə ki, biz bu otuz il ərzində həm tarixi torpaqla­rımızın həsrəti ilə yaşamış, həm də bir çox beynəlxalq tribunada öz haqqımızı axtarmışıq. Bəzi böyük dövlətlərin və beynəlxalq qurumların ikiüzlü siyasətinin qurbanı olan danışıqlar prosesi heç bir yolla ədalətin bərpa olunmasına yönəlməmiş, Ermənistan işğal etdiyi torpaqları sülh yolu ilə geri qaytarmamış­dır. Məşhur bir atalar sözündə deyildiyi kimi, həqiqətlərin və ədalətin aşkara çıxmaq kimi bir xisləti var. Gözlədiyimiz ədalət bir qərinəyə yaxın müddət sonra yenə öz səylərimiz nəticəsində bərpa edildi. Tarix elə gətirdi ki, qurumun 30 illiyi ərəfəsində Azərbaycan konfransa qalib ölkə kimi qatıldı. Hər zaman və hər məkanda Azərbaycanın haqq səsini böyük kütlələrə çatdıran Prezident İlham Əliyev bu dəfə zəfər nitqi söylədi: “Bütövlükdə, postmünaqişə dövrü sakit keçir. Ona görə “postmünaqişə dövrü” deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib.”

Ümumiyyətlə, hadisələrin gedişatına nəzər saldıqda görə bilirik ki, son 18 ildə Azərbaycanda baş verən dəyişikliklər, həyata keçirilən islahatlar, ordu quru­culuğunda atılan addımlar qələbənin uzaq olmadığının xəbərçisi idi. Ölkə başçısı bu mənada görülən işləri hazır­lıq adlandıraraq xüsusi vurğulayırdı ki, biz münaqişənin danışıqlar yolu ilə həll edilməsi üçün əlimizdən gələni etsək də, faktiki müharibə şəraitində yaşayan bir dövlət kimi, baş verə biləcək hər hadisəyə hazırlıqlı olmalı idik.

Prezident İlham Əliyev çıxışında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin hərbi əməliyyatların da­yandırılmasındakı rolundan bəhs edərək vurğuladı ki, bu təşəbbüs minlərlə insa­nın ölümünün qarşısını almağa imkan yaratdı. 10 noyabr üçtərəfli Bəyanatı ilə Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə belə atılmadan erməni terrorçuların­dan təmizləndi.

Dövlətimizin başçısı MDB dövlətləri liderlərinə hazırda ölkəmizdə davam edən bərpa-quruculuq işləri ilə bağlı da məlumat verdi. Bildirdi ki, müharibə bitəndən, torpaqlarımız işğaldan azad ediləndən sonra bizim əsas məqsədimiz 30 il müddətində xüsusi amansızlıqla da­ğıdılan, məhv edilən şəhər və kəndlərimizi yenidən dirçəltmək, bu yerlərə həyatı qay­tarmaqdır. Lakin əlbəttə ki, qarşımızda du­ran ən önəmli problem mina xəritələrinin bizə verilməməsidir. Bu da düşmənin növbəti insanlıq cinayətidir. Düşmən müharibədəki məğlubiyyətini qəbul edib, kapitulyasiya aktına imza atdıqdan sonra belə, yalvararaq bizdən aldığı möhləti yenə öz iyrənc əməllərinə xərcləyərək boşaltdığı ərazilərə pərakəndə şəkildə mina səpələməklə keçirmişdi. Ölkəmizin başçısı bu məsələni xüsusi qeyd edərək bildirdi ki, təkcə bu əməl belə Ermənistanın həqiqi xislətinin ortaya çıxmasına kifayət edir. Çıxışı zamanı yenidən bu məsləyə toxunan ölkə başçısı dedi ki: “Hazırda Azərbaycanın qarşısın­da duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və da­ğıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini bizə verməkdən imtina edir. Azərbaycana veril­miş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir”.

Bundan əlavə, erməni vandallarının torpaqlarımızda törətdiyi insanlıqdan kənar vəhşilikləri xatırladan Prezident İlham Əliyev bildirdi ki, ermənilər heç vaxt bu torpaqlarda yaşamaq, yarat­maq niyyətində olmayıblar. Çünki onlar özləri də yaxşı bilirdi ki, bu ərazilər Azərbaycana məxsusdur və tarixi ədalət öz yerini tapacaq. Sadəcə geci-tezi var idi. Prezident MDB dövlətləri liderlərinə xatırlatdı ki, işğaldan azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə, demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb: “Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxla­yır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində bi­nalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayo­nunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubad­lı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb”.

Düşmənin məqsədi isə sadəcə işğal müddətini uzatmaq, qurduqları “böyük Hayastan” xülyasının bataqlı­ğında bir qədər də boğulmaq idi. Lakin Azərbaycan əsgərinin ayaq səsləri erməniləri dərin yuxudan oyandırmaq üçün kifayət etdi. Onlar hələ müharibənin ilk günlərindən Prezident İlham Əliyevin dediyi kimi “qapı-qapı gəzib bütün dünya liderlərinə yalvarır”, kömək istəyirdilər. Özləri də yaxşı bilirdilər ki, uzun müddət qurduqları miflər həqiqətin qarşısında acizdir. Həqiqət isə dövlətimizin baş­çısının sonradan qələbənin simvoluna çevrilən bu sözlərində idi: “ Qarabağ Azərbaycandır və nida işarəsi”

Dövlət başçısı işğal edilmiş ərazilərimizin uzun illər narkotrafik və ter­rorçuların yetişdirilməsi üçün istifadə edil­diyini xatırladaraq bildirib ki, bu məsələni dəfələrlə dilə gətirib. Əlbəttə, bu, müxtəlif dövrlərdə sübuta yetirilmiş dəqiq faktdır. Prezident İlham Əliyev ermənilərin “hərbi əsirlər” adlandırdığı terrorçular barəsində də danışıb. Vurğulayıb ki, müharibə dövründə əsir götürülən bütün hərbçilər daha sonra Ermənistana qaytarılıb. İddia edilən “erməni hərbi əsirlər” isə üçtərəfli bəyanatın imzalanmasından iki həftədən çox sonra, Ermənistanın Şirak regionun­dan iğtişaş törətmək üçün işğaldan azad edilmiş ərazilərə göndərilən 62 nəfərlik təxribat qrupudur. Bu quldurlar beynəlxalq konvensiyalara əsasən hərbi əsir hesab edilə bilməz.

Çıxışının sonunda münaqişənin artıq geridə qaldığını xatırladan Prezidentimiz Ermənistanın ona verilən şansı düzgün dəyərləndirəcəyinə ümidvar olduğumu­zu qeyd edib: “Biz, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistan ilə sülh sazişinə dair danı­şıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normal­laşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək”.

İmran ƏLİYEV,

“Xalq qəzeti”

17 Oktyabr 2021 00:49 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə