Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır

 

 Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır.

Heydər ƏLİYEV

Ümummilli lider

 

 Azərbaycanın ötən əsrin əvvəllərində qurduğu müstəqil dövlət cəmi 23 ay yaşadı. Xalqımız bu xoşbəxtliyə bir də əsrin sonlarında nail oldu: 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildi. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Xatırladaq ki, adı çəkilən Konstitusiya Aktında 28 may 1918-ci il tarixli “İstiqlal Bəyannaməsi”nə və “Azərbaycan Respubli­kasının dövlət müstəqilliyini bərpa etmək haq­qında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycanın 1991-ci il oktyabrın 18-də müstəqilliyi bərpa olunub.

Bu il oktyabrın 18-də Azərbaycan Res­publikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Bu əlamətdar hadisənin ildönümü ərəfəsində Milli Məclis tərəfindən 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublika­sının dövlət müstəqilliyi haqqında” Konstitusi­ya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğu nəzərə alına­raq, bundan sonra mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməsi qərara alınıb və bu, dövlətimizin başçısı tərəfindən 2021-ci il 15 oktyabr tarixində təsdiqlənib.

 

 

Yeri gəlmişkən, xalqımız 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü reallaşdıran qalib xalq kimi qeyd edir.

Dövlət müstəqilliyimizin bərpasından ötən 30 il ərzində Azərbaycan tarixində bir çox taleyüklü hadisələr baş verib. Müsbət siyasi-iqtisadi proseslərlə yanaşı, neqativ vəziyyətlər də yaşanıb. Əlbəttə, ayrı-ayrı vaxtlarda müəyyən ciddi narahatlıq doğuran siyasi proseslər xalqımızı müstəqilliyimizin itirilməsi təhlükəsi ilə üzləşdirib. Belə bir şərait, ab-hava əsasən 1991–1993-cü illərdə müşahidə olunub. O dövrdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün elə bir cid­di fəaliyyət göstərilməyib, əksinə, səriştəsiz idarəçilik ölkəni dünyada gedən proseslərdən uzaq salaraq, təklənməsinə, təcrid olunmasına gətirib çıxarıb. Hakimiyyət çəkişmələri nəticəsində cəbhədə ard-arda uğursuzluqlar yaşanıb və daxildə separatçılıq baş qaldırıb, bu isə dövlətçiliyimiz və müstəqilliyimiz üçün böyük təhlükə doğurub. Nəticədə, ölkəmiz son dərəcə mürəkkəb, ağrılı problemlərlə qarşılaşaraq, çox çətin duruma düşüb. Hərc-mərclik, özba­şınalıq, hakimiyyət iddiası respubli­kanı idarəedilməz vəziyyətə gətirib, cəmiyyətdə və dövlətdə dağılma meyilləri qarşısıalınmaz xarakter alıb, qanunsuz silahlı dəstələrin özba­şınalığı real vətəndaş müharibəsi təhlükəsi törədib. Belə bir acınacaqlı vəziyyətdən yararlanan Ermənistan silahlı qüvvələri isə torpaqlarımızın işğalını gündən-günə genişləndirib.

Dövlətin varlığı, xalqın gələcək müqəddəratı sual altında qaldığı belə bir çətin dövrdə–1993-cü ilin iyu­nunda dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayı­daraq, Azərbaycanın sivil dünyanın bir parçası olmaq imkanının reallaş­masına şərait yaratdı. Bu gün tam əminliklə vurğulamaq olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə ümummilli lider Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, bununla bağlı müdrik qərarlar verməsəydi, müstəqil Azərbaycan dövlətinin varlığına son qoyula bilərdi.

Dahi şəxsiyyət ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq, ardıcıl inkişaf yoluna çıxardı. Ulu öndərin respublikaya rəhbərlik etdiyi dövr ərzində dövlət idarəçiliyi mexaniz­mi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahat­lar həyata keçirildi. İqtisadiyyatın dinamik inkişafı təmin edildi, ölkəmiz üçün böyük əhəmiyyət daşıyan yeni neft strategiyası hazırlanaraq uğurla gerçəkləşdirilməyə başlandı. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurul­du, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosi­yasi mövqelərini möhkəmləndirərək yüksək beynəlxalq nüfuz qazandı. Xalqımızın milli birliyi və həmrəyliyi təmin olundu.

Beləliklə, Azərbaycan Respubli­kasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında nəzərdə tutu­lan bütün müddəalar məhz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində real həyata vəsiqə aldı, xalqımız çoxdan arzusunda olduğu əsil müstəqilliyinə qovuşdu.

Ulu öndərin başladığı strateji inkişaf xəttini 18 il ərzində yaradıcı surətdə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycan xalqı­na və dövlətinə möhtəşəm uğurlar gətirib. Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edib, dünya dövlətləri arasında öz yerini getdikcə möhkəmləndirib, siyasi- iqtisadi cəhətdən regionda aparıcı gücə çevrilib. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilməyib.

Azərbaycanın hazırda qüdrətli dövlətə çevrilməsinin fonunda müstəqilliyimizin möhkəm olma­sı daha aydın görünür. Bu gücün göstəriciləri ölkəmizin tam müstəqil siyasət yürütməsini reallaşdırır, böyük dövlətlərin maraqlarını öz maraqları ilə uzlaşdırır, beynəlxalq tədbirlər mərkəzinə və kosmik klubun üzvünə çevrilməsi ilə nüfuzunu daha da gücləndirir. Bütün bunlarla bərabər, Azərbaycan beynəlxalq enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və digər qlobal məsələlərdə də öz töhfəsini əsirgəmir.

Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsini, sar­sılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsin şərtləndirib. Bütün bunlar həm də xalqımızın sosial şəraitinin daha da yaxşılaşmasına, daha yüksək rifaha sahib olmasına gətirib çıxarıb.

Dövlət müstəqilliyimizin bərpasından ötən 30 il ərzində ən böyük taleyüklü hadisə isə torpaqla­rımızın işğaldan azad edilməsi oldu: dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın ən böyük problemi həll edildi, Azərbaycanın yaşayış məntəqələrinin işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olun­du, ölkəmizə qarşı ərazi iddiasına düşənlərin layiqli cavabı verildi.

Vətən müharibəsinin 44 günü ərzində – ötən il sentyabrın 27-dən noyabrın 9-dək rəşadətli Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olaca­ğını anlayan düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı, noyabrın 10-da isə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən üçtərəfli bəyanat imzalandı. Bununla da 30 ildən artıq davam edən münaqişəyə, torpaqla­rımızın işğalına son qoyuldu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafı­na yönələn fəaliyyətin yeni formatı şərtləndirildi. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bü­tün hərbi əməliyyatların dayandırılma­sı elan edildi. Ötən il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Res­publikasına qaytarıldı.

Bu gün işğaldan azad edilən ərazilərimizdə erməni vandallarının illərlə törətdikləri vəhşi əməllər hər addımda nəzərə çarpır. Viran qoyu­lan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər bar­bar, vəhşi olduğunu göstərir.

Əlbəttə, bütün dağıntılar məqsədli şəkildə edilib. Bu mənfur millət Ermənistan ərazisindəki tarixi tor­paqlarımızda, Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlılara aid tarixi mirasları viran qoymaq­la azərbaycanlıların bu ərazidəki mədəni kimliyinin itirilməsi məqsədi güdüb. Bu torpaqlarda bütün milli izlərimizi silməyə çalışıblar.

Erməni vandalizminin, təkcə Azərbaycan xalqına yox, ümumən bəşəriyyətə təhlükə yaradan erməni faşizminin ifşası üçün yerinə yetirilməli vəzifələrə diqqəti yönəldən Prezident İlham Əliyev deyib: “Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik. Biz bölgəmizi faşist ideolo­giyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır... Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideolo­giyanı məhv etdik. Hesab edirəm ki, illər keçdikcə bizim bu tarixi xidmətlər dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək”.

Erməni vandallarının xarabazara çevirdikləri əzəli-əbədi yurdlarımı­zın bərpası, inkişaf axarına qovuş­ması, sosial-iqtisadi dirçəlişi indi dövlətimizin qarşısında duran ən mühüm vəzifədir. Dövlətimizin başçısı hər zaman bütün məsələlərdə olduğu kimi, bu istiqamətdə də aydın planla­ra, strateji hədəflərə malikdir.

Bu gün doğma torpaqların­dan uzun illər ərzində köçkün düşən insanların öz yurdlarında məskunlaşmasını təmin etmək üçün ciddi layihələr icra olunur, sosial infrastruktur yenidən qurulur, “ağıllı şəhər” və “ağıllı kəndlər” yaradılır, avtomobil yolları salınır. Elektrikləşmə xüsusi diqqətdə saxlanılır. Füzuli Beynəlxalq Hava Limanının tezliklə istifadəyə veriləcəyi gözlənilir.

Bütün yuxarıda qeyd edilənlər Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünya­nın qüdrətli dövlətlərindən birinə çevrildiyindən xəbər verir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin liderliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşa­yır. Bütün bunlar təbii ki, Heydər Əliyevin ideyalarının ölməzliyinin, Prezident İlham Əliyev tərəfindən müstəqilliyimizin, dövlətçiliyimizin qüdrətlənməsinə hesablanan əməli siyasi fəaliyyətin nəticəsidir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

17 Oktyabr 2021 00:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə