Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər ƏLİYEV: Bizim qurduğumuz müstəqil dövlət Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

 Müsəlman Şərqində ilk demokratik respublika olmuş Cümhuriyyətin bayrağını, himni və gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May gününün dövlət bayramı səviyyəsində qeyd edilməsi Azərbaycan Respublikasının 1918-ci ildə imzalanmış İstiqlal bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında 11 oktyabr 2016-cı il tarixli sərəncamından

 

 

 Ötən ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev sonradan bütün siyasətçi, politoloq və ekspertlərin dönə-dönə müraciət etdiyi bir arqument səsləndirmişdi: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Zaman həmin deyimin necə böyük həqiqət olduğunu tez-tez təsdiq edir. Elə dövlət başçımızın oktyabrın 15 də imzaladığı “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu” da onun nə edirsə, hamısını dəqiqliklə etməsinin sübutudur.

 

 Həmin rəsmi sənədin pream­bulasında qeyd edilir ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktın­da 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Res­publikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir: “ Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmiş­dir”. Çox sadə, aydın və vaxtında xatırladılan fakt və zamanın səsinə cavab verən qanundur.

Bu qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilir. Əlavə olunur ki, Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bay­ram günləri kimi qeyd ediləcək.

Bu sətirləri qələmə alarkən hələ 2004-cü ilin dekabrında – ulu öndərin vəfatının birinci ildönümündə aka­demik Budaq Budaovdan aldığım müsahibənin bir məqamı yadıma düşdü. Akademik demişdi: “Heydər Əliyevin dünya siyasətində tutduğu mövqenin ucalığını, onun özünün böyüklüyünü sübut edən faktlardan biri də o idi ki, ulu öndər bugünkü müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dönə-dönə xatırladıb. Onun Dövlət Müstəqilliyi Günü münasibətilə xalqa ünvanladığı təbriklərin hamısında bu fakt öz yerini tapır. Gedib o təbriklərə baxa bilərsiniz”.

Akademik dedi və mən də gedib o təbriklərə baxdım. Məsələn, ulu öndərin həmin gün münasibətilə xalqa ünvanladığı 17 oktyabr 1997-ci il tarixli təbrikində oxudum: “Əsrin so­nunda beynəlxalq aləmdə və Sovetlər İttifaqında yaranan əlverişli vəziyyət xalqımıza qəlbinin dərinliklərində hifz etdiyi müstəqillik arzularını yenidən reallaşdırmaq imkanı verdi. 1991-ci il oktyabrın 18-də respublika Ali Soveti Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etdi. Həmin ilin 30 dekabrında keçirilən ümumxalq səsverməsi – referendum bu sənədə hüquqi təminat verdi və Azərbaycan dövlət müstəqilliyini bərpa etdi”. Yəni ümummilli lider “biz müstəqillik qazandıq” – yox, məhz “Azərbaycan dövlət müstəqilliyini bərpa etdi” – yazırdı.

Prezident İlham Əliyev isə dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə keçirilən tədbirdə həmin faktı belə ifadə etrmişdir: “Azərbaycan Respub­likasının 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 25 il ke­çir… Əsrlər boyu müstəqillik arzu­su ilə yaşamış xalqımız ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olma­sına baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətini təşkil edən amilləri – dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlamaqla ya­naşı, dünya mədəniyyəti xəzinəsinə də misilsiz töhfələr vermişdir. Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imka­nı yaratmışdır”.

Xatırladaq ki, müstəqilliyin bərpasından sonra Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir.

Müstəqilliyin ilk illəri olduqca çətin keçsə də, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhvolma təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi. İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratdı.

Politoloqlar haqlı olaraq yazırlar ki, müstəqil dövlətin sərhədləri, ordu­su, gerbi, bayrağı və pulu kimi onun əsas qanunu da mühüm şərtlərdən biridir. Ona görə də ulu öndər ölkəmizin ilk Konstitusiyasının qəbul edilməsinə mühüm önəm verirdi. 1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyası milli dövlət qurucu­luğunun bünövrəsini təşkil etməklə müasir dövlətin bütün qurum və təsisatlarının formalaşdırılmasında, hakimiyyət bölgüsü prinsiplərinin tam təşəkkül tapmasında, parlamentarizm ənənələrinin zənginləşdirilməsində mühüm rol oynamışdır. 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixli refe­rendumlar Konstitusiyanın müəyyən maddələrinə əlavələri ilə dövlət qu­ruculuğu sisteminin təkmilləşməsinə töhfələr vermişdir.

Heydər Əliyevin işləyib hazırladığı neft strategiyası Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsinə xü­susi töhfələr vermişdir. Prezident xa­tırladır ki, müstəqil Azərbaycan enerji sektorunun inkişafı istiqamətində mühüm irəliləyişlərə nail olmuşdur. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və digər irimiqyaslı strateji layihələr ölkəmizin enerji ehtiyatlarını dünya bazarlarına çıxarmaqla Avropanın enerji təhlükəsizliyinin təminatında böyük əhəmiyyətə malikdir. Respubli­kamızda neft və qeyri-neft sektorunun yüksəlişi ümumi daxili məhsulun art­masına, güclü sahibkarlar zümrəsinin və orta təbəqənin yaranmasına təkan vermişdir. Ölkə üzrə sənaye zonalarının açılması, Bakı ilə yanaşı digər şəhərlərin də sənaye potensi­alının artırılması, texnoparkların və aqroparkların qurulması regionların böyük sürətlə inkişafını təmin etməyə imkan yaratmışdır. Ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunmuş, kənd təsərrüfatının və müvafiq infrastruk­turun inkişafına böyük investisiyalar qoyulmuş, ərzaq və qeyri-ərzaq məhsullarının ixrac qabiliyyətinin artı­rılması istiqamətində mühüm addım­lar atılmışdır.

İlham Əliyevin fikrincə, müstəqilliyin əbədiləşdirilməsi üçün neft yataqlarının kəşfindən, neft-qaz hasilatından və hasil edilmiş karbo­hirogenin satışından əlavə başqa bir mühüm vəzifə də vardır – bu, neft kapitalının insan kapitalına çevrilməsi strategiyasıdır. Azərbaycanda bu strategiyaya uyğun olaraq, humani­tar sahələrin inkişafı istiqamətində gərgin iş aparılmışdır. Təhsil siste­minin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilmiş, dünyanın mötəbər universitetlərində minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilmiş, yeni universitetlər açılmış, təhsildə özəl sektor formalaş­mışdır. Azərbaycan mədəniyyəti həm ölkə daxilində, həm də xaricdə iri­miqyaslı layihələr çərçivəsində təmsil olunmaqdadır. Tikilən yeni məktəblər, müalicə ocaqları, muzeylər, olimpiya mərkəzləri, mədəniyyət müəssisələri və istirahət zonaları sosial həyatın yaxşılaşmasına xidmət edir. “ASAN xidmət” şəbəkəsi, ünvanlı sosial yardım, aztəminatlı ailələrin əlverişli şərtlərlə mənzillə təmin olunması və digər layihələr dövlətin sosial yönüm­lü siyasətinin göstəricisidir.

Bütün bunlar Azərbaycan Prezidentinin dövlət müstəqilliyimizin əbədiləşdirilməsi istiqamətində həyata keçirdiyi mühüm layihələrdir. Ancaq Ali Baş Komandanımız, rəşadətli ordumuz və milli mənafelər baxımın­dan vahid məqsədə xidmət etməyin nümunəsini yaratmış xalqımız ötən ilin payızında dövlət müstəqilliyimizin əbədiləşdirilməsinə daha möhtəşəm bir töhfə verdilər. Bu, otuz il düşmən əsarətində olan torpaqlarımızın işğal­dan azad edilməsi, xalqımıza əsrlər boyu dözülməz haqsızlıqlar etmiş ermənilərin diz çökdürülməsi idi. Bu fakt sübut etdi ki, Azərbaycanın dövlət müstəqilliyi bundan sonra min illər boyu yaşayacaqdır.

İttifaq MİRZƏBƏYLİ,

 “Xalq qəzeti”

17 Oktyabr 2021 00:34 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə