Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Özbəkistan arasında mədəniyyət və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla Daşkənddəki İncəsənət və Mədəniyyət İnstitutunun rektoru, professor İbrahim Yuldaşev arasında görüş keçirilib.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı ölkələrimiz arasında mədəniyyət, incəsənət, elm, təhsil, humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

S. Abbasov Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı, dövlət başçıları səviyyəsində keçirilən görüşlər, Özbəkistanda ötən ay təşkil edilən TÜRKSOY-un üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin görüşü, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun Özbəkistana səfəri, müzakirə olunan məsələlər, əməkdaşlığın daha da genişləndirilməsi haqqında fikirlərini bildirib.

Diplomat, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 30 ilə yaxın erməni işğalında qalan torpaqlarımızın azad etdiyini bildirib, işğalın ağır nəticələri, azad olunmuş ərazilərdə bütün infrastrukturun, mədəni abidələrin dağıdılması haqqında məlumat verib. O bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunduğunu deyib və bu münasibətlə AMM tərəfindən keçiriləcək tədbirlər barədə danışıb.

İbrahim Yuldaşev dünyaya Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və s. kimi şəxsiyyətlər bəxş edən Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu vurğulayıb.

Azərbaycanın müvafiq ali təhsil ocaqları ilə əlaqələrin genişləndirilməsinin mühüm məsələ olduğunu qeyd edən rektor mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq və təcrübə mübadiləsinin zəruri olduğunu söyləyib.

S. Abbasov bu il ərzində İbrahim Yuldaşevin Azərbaycana səfərinin təşkili və səfər zamanı Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universitetində görüşlərin keçirilməsi, əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar təklif irəli sürüb. Təklif rektor tərəfindən qəbul edilib.

Səfər zamanı tərəflər arasında əməkdaşlığa dair memorandumun imzalanması, gələcəkdə ödənişsiz əsaslarla həftəlik və aylıq tələbə mübadiləsi proqramının icrası, ali məktəblərin dördüncü kurs tələbələrinin paritet əsasda praktikalarının təşkili, birgə tədbirlərin, layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Görüşdə S.Abbasovun Azərbaycanın dünya şöhrətli şair, mütəfəkkir və bəstəkarların əsərlərinin Özbəkistanda tədris proqramına daxil edilməsi barədə təkliflə əlaqədar fikir mübadiləsi aparılıb.

Sonda S. Abbasov İbrahim Yuldaşevə Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi əsasında “Nizami Gəncəvi İli” ilə əlaqədar özbək dilində nəşr olunmuş Nizami Gəncəvinin “Xəmsə”sini və “Qarabağ” kitabını bağışlayıb.

16 Oktyabr 2021 11:39 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə