Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həyat sınaqlarında bərkimiş qorxubilməz döyüşçü

 

 

Qarabağın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində ön cəbhədə döyüşərək fədakarlıq göstərmiş, ölümün gözünə dik baxaraq şəhid olmuş igid oğullarımızdan biri də Manaf Bəhmən oğlu Bəhmənlidir.

Hərbi xidmətə BDU-nun məzunu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı kimi yollanan 22 yaşlı Manaf 1998-ci ildə Yevlax şəhərində anadan ol­muşdur, körpə ikən ailəsi Moskva şəhərinə köçmüşdür. Uşaqlığı qürbətdə keçən Manaf sonralar doğma şəhərə qayıdaraq təhsilini Sabir adına 2 saylı orta məktəbdə davam etdirmişdir.

Özəl Türk Litseyinə imtahan verərək qəbul olunsa da, orada oxumaq maddi imkansızlıqdan, atası Bəhmənin vaxtsız ölümünə görə isə Cəmşid Naxçıvans­ki adına hərbi litseydə təhsilini davam etdirmək arzuları baş tutmayan Manaf Yevlaxda qalaraq dərsdənkənar vaxtlarda və tətil günlərində işləmiş, ailəsinə az da olsa kömək etməli olmuşdu.

2015-ci ildə orta məktəbi yüksək biliklə başa vuran Manaf Bəhmənli BDU-nun mexanika-ri­yaziyyat fakültəsinə qəbul olun­muşdu. Maddi çətinliyə görə ikinci kursdan Kataliz və Qeyri Üzvi Kimya İnstitutunda işə düzəlmişdi. Manaf universitetdə tərbiyəsi, yetkinliyi, bilikləri mənimsəmə qabiliyyəti, iş yerində isə intizamı və çalışqanlığı ilə seçilir.

Yeni Azərbaycan Partiyasının üzvü olan Manaf bu şərəfli siyasi mənsubiyyəti dövlətçiliyə, vətənə daha yaxşı xidmət etmək amalı ilə qəbul etmişdi. Soydaşımız 2017-ci ildə İslam Oyunları könüllülərinin sırasında da fəal iştirak etmişdi.

Yurdsevər gənc Manaf Bəhmənli ali təhsili başa vur­duqdan sonra 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanmış­dı. Əvvəlcə Gəncədə, sonra isə Daşkəsəndə qulluq edən soyda­şımız 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsinə yüksək hazırlıqlı döyüşçü kimi qoşulmuşdu. Murovdağ istiqamətində gedən döyüşlərdə fəal iştirak edən, düşmənin sürətlə geri oturdulmasında qeyrətlə döyüşən Manaf qalib əsgər kimi şəhid olmuşdur.

Ölümündən sonra “Vətən uğrunda” və “Hərbi xidmətə görə” medalları ilə təltif olunan iş yolda­şımız, Manaf Bəhmənlinin xatirəsi daim qəlbimizdə yaşayacaqdır. O, Vətən torpaqlarının azad edilməsində göstərdiyi hünəri ilə doğulduğu Yevlax rayonuna, ali təhsil aldığı ali məktəbə və çalışdı­ğı kollektivə başucalığı gətirmişdir. Vətən belə oğullarının qeyrəti və yurdsevərliyi ilə fəxr edir.

Ruhun şad olsun, Şəhid qar­daşımız!

Məhyəddin HACIYEV,

 Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda YAP ərazi təşkilatının sədri

16 Oktyabr 2021 00:34 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
4 Dekabr 2021 | 23:54
Murovdağda ölməzlik zirvəsi

Köhnə versiyamızdan xəbərləri izlə