Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bolqarıstan Milli Kitabxanasında Azərbaycan guşəsi açılıb

 

 

Sofiya şəhərində yerləşən Müqəddəs Kiril və Mefodi adına Bolqarıstan Milli Kitabxanasında Azərbaycana dair daimi guşənin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Bolqarıstan Milli Kitabxanasının direktoru Krasmira Aleksandrovna, Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov və digər nümayəndələr iştirak ediblər

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək Bolqarıstan Milli Kitabxanasında olmasından məmnunluğunu ifadə edib. Qeyd edib ki, Azərbaycana dair daimi guşədə nümayiş olunmaq məqsədilə 100-dən artıq kitab Azərbaycan Milli Kitabxana­sının ehtiyat mübadilə fondundan Bolqarıstan Milli Kitabxanasına göndərilib. Daimi guşədə Azərbaycanın zəngin tarixi və mədəniyyəti, müasir inkişafı, eləcə də Qarabağ haqqında kitablar nümayiş olunur.

Açılış mərasimində Azərbaycanın Bol­qarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov çıxış edərək Bolqarıstan Milli Kitabxanasında Azərbaycana dair daimi guşənin yaradılmasını təqdirəlayiq addım kimi qiymətləndirib. O, burada nümayiş olunan kitabların sayının artırılmasının vacibliyini qeyd edib. Və hər iki kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib.

Açılış mərasimi çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxa­nası ilə Bolqarıstan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memo­randumu imzalanıb.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

16 Oktyabr 2021 00:31 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə