Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qərbin müəyyən siyasi dairələri sabitliyi pozmaq azarından əl çəkə bilmirlər

Proqnozlar özünü doğrultdu. Gözlədiyimiz baş verdi. Azərbaycan yenə hədəfdədir. Barmaqları “siyasi tətik”də olan qüvvələr də dəyişməyib. Qərbin Ermənistana yaxınlığı ilə seçilən müəyyən siyasi dairələri və onların qulbeçələri olan antimilli ünsürlər yenə də fəallaşıblar. Bu qüvvələr Azərbaycan dünyanın diqqət mərkəzində olduğu xüsusi məqamlarda (mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edərkən, seçkilər zamanı və s.) fəallaşır və öz xislətlərinə müvafiq şər, böhtan, yalan püskürürlər.

Şanlı Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında tarixi zəfərə imza atmış, ərazi bütövlüyümüzü bərpa etmiş və erməni faşizminin başını əzmiş, onu kapitulyasiya aktı imzalamağa məcbur etmişdir. Xalqı­mızın qüruru özünə qayıtmış, xəcalət təri alnından birdəfəlik silinmişdir. Bədxahlarımız isə yasa batmışlar. Yu­xuları ərşə çəkilmişdir. Psixoloji sar­sıntı altında olan Qərbin müəyyən si­yasi dairələri milli dönüklərə “ləkələ!”, “qarala!”, “gözdən sal!” əmrlərini vermişdir. Onlar da, öz növbəsində, saxta “vətənpərvərlik”lə qılaflanmış “don”larını çıxardaraq, əsl simalarını, əslində isə simasızlıqlarını növbəti dəfə nümayiş etdirməkdədirlər.

Siyasi leksikona “söyüş diplo­matiyası” kimi üzdəniraq “məfhum” gətirmələri ilə öyünən “milli-siyasi bloger”lər, əslində isə milli dönük və xəyanətkarlar öz ağalarının diktəsi ilə, ilk növbədə, ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demok­ratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin və ən başlıca­sı, pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı, təminatçısı və qalibi olan Prezident İlham Əliyevi hədəfə alıblar. “Sapı özümüzdən olan baltalar” və onların əcnəbi ağala­rı Azərbaycanı xaos və anarxiya məngənəsində çapalayan görmək istədikləri halda ölkəmiz son 18 il ərzində məhz cənab Prezidentin məqsədyönlü, sistemli və müd­rik siyasəti sayəsində sabitlik və təhlükəsizilik adasına çevrilmişdir. Xalq öz Prezidentinə inanır və onu dəstəkləyir. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diqtəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Azərbaycanı milli dövlətçilik maraqlarımıza uyğun gəlməyən heç bir beynəlxalq kam­paniya və macəralara cəlb etmək mümkün deyildir. Bütün bu real­lıqlar fonunda bədxahlarımızın isterik düşüncə tərzinin məhsulu olan “arqumentlər”i heç bir tənqidə sığışmır. Prezident İlham Əliyevin təbirincə deyək: “ Əlbəttə ki, İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Biz bunu gözləyirdik. Əslində, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır.”

Prezident İlham Əliyevin bütün fəaliyyəti açıqlıq və şəffaflığı ilə seçilir. Korrupsiya və rüşvətə qarşı müharibə elan edən dövlət başçısı başqa cür ola da bilməz. Xalqın­dan ilham alan dövlət başçımızın intəhazsız xalq sevgisi qazanmasının kökündə dayanan əsas amil xalqına bağlı olmasıdır. Milli mənafeni hər şeydən üstün tutmasıdır. Qanunun aliliyini təmin etməsi və özünün nümunəvi davranışıdır. Müəyyən zaman çərçivəsində uğurlu biznes fəaliyyəti ilə məşğul olan İlham Əliyevin prezident seçildikdən sonra qanunun tələblərinə adekvat ola­raq sahibkarlıq fəaliyyətinə xitam verməsi və bu sahəni ailə üzvlərinə ötürməsi tam məntiqlidir və hü­quqi baxımdan da elə məhz belə olmalıdır. Bütün bunların fonunda anti -Azərbaycan dairələrin növbəti “siyasi hoqqabaz”lığı və “siyasi şou” yaratmaq cəhdi əvvəlki uğur­suz gedişlərinin taleyini yaşamağa məhkumdur.

Dövlət başçımız oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə vurğuladı ki, “Mətləbə gəldikdə, bildirmək istərdim ki, mən on səkkiz ildir Prezidentəm. Mən bundan əvvəl sahibkar olmu­şam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa işti­rakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. Siz bəlkə məni başa düşərsiniz ki, bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk. Buna görə, mən bütün biznesimi uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz.”

Qoy ermənipərəst beynəlxalq siyasi dairələr və onların sifariş etdiyi mahnını ifa edən milli dönüklər unut­masınlar ki, xəyanətkarlara, hətta onlardan istifadə edənlər də nifrət edirlər və məqsədlərinə çatdıqdan sonra yumşaq desək, işlədilmiş əlcək kimi kənara tullayırlar. Bu məqamda ABŞ-ın 40-cı Prezidenti Ronald Rey­qanın fikirlərinə istinad etməyimiz də yerinə düşər: ”Ən qədim peşənin sakinləri bir halda fiziki deyil, mənəvi məmnunluq hissi yaşayırlar. Bu da Vətəninə xəyanət etmiş birisinə “xidmət”dən imtina etdikdə yaşanan hissdir. Bu halda xəyanət həmin “peşə”dən aşağıda dayanır”.

Qoy milli dönüklər unutmasınlar ki, xalqımız onların hansı havanı oynadıqlarını, hansı sifarişləri yerinə yetirdiklərini çox gözəl dərk edir.

Sonda qeyd etdiyim bu fikirləri xüsusi vurğulayaraq bildirirəm: qoy milli dönüklər unutmasınlar ki, xəyanətkara qarşı ictimai qınaq və xalqın qəzəbi amansız olur. İndi söyləyəcəyim bir hadisə bu gün Avropada ermənilərə nökərlik edərək xalqına, millətinə, vətəninə, bayrağına və Prezidentinə qarşı bağışlanmaz xəyanət yolunu seç­miş dönüklərə bir ibrət dərsi olsun. Nə qədər ki, gec deyil, sabahlarını düşünsünlər.

Beləliklə, keçən əsrin 30-cu illərində baş vermiş müdhiş hadisədir. 25 illilk həbs cəzasını çəkdikdən sonra bir kənd sakini yurduna qayıdır. Kəndin sanki onun dönüşündən xəbəri yoxdur. Heç kim həmkəndlisini azadlığa çıxması münasibətilə təbrik etmək, gözaydınlığı vermək üçün evinin kandarına belə ayaq basmır. Camaatın bu laqeyidliyinə bir neçə gün dözə bilən həmin şəxs bir gün əhalinin əsas istirahət etdiyi yerə–kənd çayxanasına üz tutur. Üzləşdiyi vəziyyət onu daha da sarsıdır. Kənd camaatı onun çayxanaya daxil olduğunu gördükdə nümayişkəranə surətdə oranı tərk etməyə başlayır. Yalquzaq kimi tək qalan həmin şəxs kənddə hüzr yerinə gedərkən də eyni aqibəti yaşamalı olur. Kor-peşman evinə qayıdır və həmkəndlilərinin üzü­cü qınağına tab gətirməyib, evində keçinir. Onun əsl müsibəti isə əslində, bundan sonra başlanır. Nəinki onun dəfninə heç bir kəndlisi gəlmir, hətta qəbristanlığa aparıb dəfn etmək üçün bir kimsə tapılmır. Bunu görən kənd ağsaqqalları çarəsiz qalıb, qonşu kənddən kömək istəyirlər. Tamamilə yad insanlar onun tabu­tunu çiyinlərinə alıb qəbristanlığa aparırlar. Qəbiristanlığa daxil olduqca müdhiş bir səhnənin şahidi olurlar. Bütün kənd əhalisi bir nəfər kimi qəbiristanlıqda idi. Onlar mərhumun onun ölüsünün yanında dəfn olunma­sına imkan verməmək üçün oraya toplaşmışdılar. Bax budur ictimai qınağın gücü.

Bəs nə səbəbdən həmkəndlisinə qarşı kənd əhalisi bu qədər qəzəbli olmuşdu? Məlum olur ki, həmkəndlilərinin amansız qəzəbinə tuş gələn bu şəxs törətdiyi bağışlan­maz cinayətə–xəyanətə görə belə cəzalandırılıb. Belə ki, o, kəndlərini gecələr sərhədyanı ölkədən gələn quldur-qaçaqmalçılardan qoruyan iki nəfər gənc (subay) milis (polis) nəfərinin atlarını ələ keçirib satmaq məqsədilə xəyanətkarcasına (gündüz yatdığları vaxt) öldürdüyünə görə camaatın qəzəbinə tuş gəlmişdi. Nəinki diriykən, hətta öldükdən sonra da ictimai qınağın qəzəbindən qurtula bilməmişdir.

Ey milli dönüklər, ictimai qınaq yaman olur!!!

Elman NƏSİROV,Milli Məclisin deputatı,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

 

16 Oktyabr 2021 00:13 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə