Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya Qarabağın bərpasında məmnuniyyətlə iştirak edir

 

 

Məlum olduğu kimi, II Qarabağ müharibəsi dünya ictimaiyyətinin diqqətini Cənubi Qafqaz bölgəsinə yönəltdi. Otuz ilə yaxın davam edən münaqişə dövründə müxtəlif beynəlxalq təşkilatların, o cümlədən birbaşa məsələnin həlli üçün yaradı­lan ATƏT-in Minsk qrupunun yarıtmaz, birtərəfli fəaliyyətindən sonra Azərbaycan öz gücü hesabına işğal olunmuş torpaqlarını əsarətdən azad etdi.

Təbii ki, bu hadisə təkcə region yox, bütün dünya üçün XXI əsrin ən önəmli hadisələrindən biri idi. Əlbəttə, diqqətləri regiona yönəldən bu müharibə qalib ölkə kimi Azərbaycanı ön plana çıxardı. İstər savaş meydanında nümayiş etdirilən peşəkarlıq, şəxsi heyətin döyüş əzmi, istərsə də əməliyyat taktikalarının hazırlanması və idarə edilməsi baxımından müasir dövrün ən mükəmməl ordularından biri olduğunu sübut edən silahlı qüvvələrimiz hətta dünyanın ən güclü ölkələrinə belə nümunə oldu. Biz bu gün fəxrlə qeyd edirik ki, dünyanın ən güclü orduları belə Azərbaycanın Vətən müharibəsində nüma­yiş etdirdiyi peşəkarlıqdan bəhrələnir, hərbi dərsliklərə salınan döyüş təcrübəmiz müxtəlif ölkələrdə hərbçilərə tədris edilir. Bu fikirləri bizimlə söhbətində Bakı Dövlət Universiteti ta­rix fakültəsinin professoru İsmayıl Məmmədov bildirdi.

İsmayıl müəllim dedi ki, müharibədən sonra azad edilən ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri də xarici dövlətlərin diqqətini regiona cəlb edən ən mühüm amillərdən biri oldu. Ölkəmizin başçısı istər müharibə dövründə hərbi əməliyyatların, istərsə də müharibədən sonrakı quruculuq işlərinin gedişatı ilə bağlı xarici media qurum­larına müsahibələr verir, Ermənistanın yaydığı dezinformasiyaların qarşısını alırdı. Əlbəttə, bu proses indi də davam edir.

Yeri gəlmişkən, qeyd edim ki, Prezident İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Re­pubblica” qəzetinə müsahibə verib. Müsahibə zamanı Cənubi Qafqazda yaranmış yeni vəziyyətdən bəhs edən dövlət başçısı, həm də yüksələn istiqamətdə inkişaf edən İtali­ya–Azərbaycan münasibətlərindən danışıb. Belə ki, jurnalistin italyan şirkətlərinin Qara­bağın bərpasındakı rolu ilə bağlı verdiyi suala cavabında Prezident İlham Əliyev qeyd edib ki, İtaliya bu işlər üçün cəlb edilən ilk ölkələrdən biridir. Daha dəqiq desək, Türkiyədən sonra ikinci ölkədir. Prezident bunun planlı şəkildə həyata keçirildiyini qeyd edərək vurğulayıb ki, biz Qarabağın bərpası işlərində yalnız dost və müttəfiq ölkələrin şirkətlərini dəvət etmişik.

Bildiyimiz kimi, artıq bir neçə italyan şirkəti müxtəlif sahələrdə əməkdaşlıq etmək, öz zəngin təcrübələrini bölüşmək üçün bölgəyə cəlb olunub. Bundan əlavə, bölgənin enerji təminatı məsələsi ilə bağlı bir italyan şirkəti ilə müqavilə imzalanıb. Başqa bir italyan şirkəti isə kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Xülasə, ital­yan şirkətləri böyük qayıdış prosesində yerli şirkətlərlə sıx əməkdaşlıq edir.

Sonda qeyd edim ki, italyan şirkətləri ölkəmizdə təkcə Qarabağın bərpasında iştirak etmir. Hazırda ölkəmizdə 100-dən çox italyan şirkəti faəliyyət göstərir. Bu şirkətlər, turizm və dizayn sahələri də daxil olmaqla aqrar sənaye, yaşıl texnologiya, nəqliyyat və logistika sahələrində Azərbaycanla əməkdaşlıq edir. Əlbəttə, bu, həm də Azərbaycanda italyan şirkətlərinə verilən dəstəyin göstəricisidir.

Söhbəti qələmə aldı: İmran ƏLİYEV,

“Xalq qəzeti”

16 Oktyabr 2021 00:05 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə